28 C
Bakı
14 Avqust 2026 11:48
Cəmiyyət

“Qapını qoyub, reşotkadan” keçən iqtidar

Açıq pəncərəni niyə görmürük?

Bir quş otaqdan çıxmağa çalışır.
Pəncərənin bir tayı bağlıdır, o biri tayı isə açıq. Quş bağlı tərəfdəki şüşəyə çırpılır. Geri qayıdır, yenidən çırpılır. Bir dəfə, beş dəfə, on dəfə…
Halbuki azadlıq ondan cəmi yarım metr kənardadır.
Sadəcə başını yana çevirməlidir.
Bənzər mənzərəni avtomobilin içində qalmış arıda da görmək mümkündür. Arı qarşıda işığı görür və ön şüşədən uçub çıxmağa çalışır. Dəfələrlə şüşəyə dəyir. Halbuki yan pəncərə açıqdır.
Arının problemi çıxış yolunun olmaması deyil. Problemi yalnız bir çıxış yoluna köklənməsidir.
Bizim kinoda bunun çox gözəl, həm də gülməli bir qarşılığı var.
Arif Quliyev məşhur komik epizodlardan birində sərxoş vəziyyətdə divardan tuta-tuta, “aman-aman” deyə-deyə gəlir və böyük darvazadan keçməyə çalışır. Alınmır. Halbuki insanların keçməsi üçün yanındakı kiçik qapı var.
Nəsibə Zeynalova vəziyyəti bircə cümlə ilə izah edir:
“Qapını qoyub, reşotkadan niyə keçirsən?”
Gülürük. Çünki kənardan baxanda həll o qədər aydındır ki, adamın qapını görməyib reşotkadan keçməyə çalışması absurd görünür.
Amma bəzən dövlətlər də eyni şeyi edir.
Azərbaycanda sosial problemlər, insanların dolanışığı, qazilərin və şəhid ailələrinin qayğıları, sahibkarların şikayətləri, siyasi gərginlik, həbslər, narazılıq bir-birinin üstünə yığılır. Bunların qarşısında isə illərlə eyni üsul sınanır: daha çox nəzarət, daha çox sərtlik, daha az tənqid, daha az mübahisə.
Yəni qapını qoyub reşotkadan keçməyə çalışırıq.
Sosial şəbəkələrdə yayılan müraciətdə qazinin Prezident İlham Əliyevi açıq şəkildə ittiham etməsi özü çox ciddi siqnaldır. Əsas məsələ qazinin nə qədər sərt danışması deyil. Əsas sual budur: necə oldu ki, Ali Baş Komandanın əmri ilə döyüşmüş və yaralanmış insan özünü dövlət tərəfindən unudulmuş hesab edəcək həddə çatdı?
Əlbəttə, qazini #susdurmaq problemi həll etmir.
Problemi həll etmək problemi həll edir.
Qazinin problemi varsa — həll et. Şəhid ailəsi qapılarda qalırsa — qapını aç. Sahibkar boğulursa — maneəni götür. Jurnalist problem göstərirsə — jurnalistlə deyil, problemlə mübarizə apar. Cəmiyyət narazıdırsa — narazılığın səbəbini azalt.
Bunun adı geri çəkilmək deyil.
Bunun adı ağıllı dövlət idarəçiliyidir.
Quşun qarşısında açıq pəncərə var, amma onu görmür.
Arının yanında açıq şüşə var, amma ora yönələ bilmir.
Arif Quliyevin sərxoş qəhrəmanının qarşısında qapı var, amma reşotkadan keçməyə çalışır.
Bəs bizim qarşımızda?
Bizim də qapımız var.
Dialoq, ədalət, sosial problemlərin həlli, qanunun hamıya eyni tətbiqi, tənqidi düşmənçilik deyil, xəbərdarlıq kimi qəbul etmək…
Bunların heç biri əlçatmaz şey deyil.
Bəlkə də Azərbaycanın ən böyük problemlərindən biri çıxış yolunun olmaması deyil.
Çıxış yolu gözümüzün qabağında olduğu halda, inadla başqa yerdən keçməyə çalışmağımızdır.
Nəsibə Zeynalovanın o sadə cümləsi bəzən bütöv siyasi traktatdan daha çox şey deyir:
“Qapını qoyub, reşotkadan niyə keçirsən?”

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Aydınlıqdan cəhalətə: Azərbaycan ziyalısının faciəsi

redaktor

Yaxşısı odur, bu söhbət bitsin…

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor