İranın Ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçəcək nəqliyyat marşrutu ilə bağlı səsləndirdiyi “bu dəhliz Trampın muzdluları üçün qəbiristanlığa çevriləcək” bəyanatı zahirən Ermənistana ünvanlanmış kimi görünsə də, onun əsl hədəfi Azərbaycan və Türk dünyasının geostrateji maraqlarıdır. Tehranı narahat edən əsas məsələ Azərbaycanın Naxçıvanla maneəsiz quru əlaqəsinin təmin olunması, Türkiyənin Orta Asiya ilə birbaşa bağlantısının genişlənməsi və regionda yeni geosiyasi düzənin formalaşmasıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri, yeni qlobal layihələrə başlanılması, Ermənistanla iqtisadi və tranzit imkanları barədə qarşılıqlı bəyanatlar İran və Rusiyanın istifadə etdiyi Ermənistan kartının tamamilə əldən çıxması ehtimalı fonunda yaranmış panik reaksiyadır.
İranın sərt ritorikası, ilk növbədə, çəkindirmə xarakteri daşıyır. Çünki bu layihə təkcə ABŞ-ın deyil, həm də Avropa, Türkiyə və regionun nəqliyyat-kommunikasiya sistemində maraqlı olan digər beynəlxalq aktorların strateji maraqlarına toxunur. Belə bir marşrutun Ermənistan ərazisində hərbi hədəfə çevrilməsi İranı Azərbaycan, Türkiyə və digər tərəfdaşlarla yanaşı, beynəlxalq ictimaiyyətlə də ciddi qarşıdurmaya sürükləyə bilər. Mövcud siyasi və iqtisadi təzyiq şəraitində Tehranın belə bir riskə getməsi real görünmür.
Son dövrlərdə İranın üzləşdiyi hərbi, iqtisadi və diplomatik təzyiqlər, dəniz blokadası göstərir ki, ölkə daha çox daxili sabitliyini qorumaq problemi ilə üz-üzədir. Odur ki, Zəngəzur marşrutu ətrafında səsləndirilən təhdidlər praktik hərbi planlardan daha çox siyasi-psixoloji təsir vasitəsi kimi qiymətləndirilməlidir. Ancaq İran indiki vəziyyətində “qalib” düşüncəsi ilə buraxılarsa, onun Zəngəzur dəhlizinə müdaxilə ehtimalı istisna edilməməlidir. Ümumiyyətlə isə İran fars rejimi nəinki Cənubi Qafqaz, bütövlükdə region üçün əsas təhlükə və təhdid mənbəyi olaraq qalır.
İranın Azərbaycana münasibəti yalnız cari hakimiyyətin siyasəti, dövlət idarə sistemi ilə izah edilə bilməz. Bu yanaşmanın kökündə fars siyasi düşüncəsində formalaşmış milli-ideoloji baxış dayanır. Müstəqil və güclü Azərbaycan dövləti Tehran tərəfindən uzunmüddətli strateji çağırış kimi qəbul edilir. Buna görə də İranda hakimiyyətin və ya siyasi fiqurların dəyişməsi Azərbaycanın təhlükəsizlik baxımından fundamental mənzərəni dəyişmir.
Məhz bu səbəbdən Bakı ilə Tehran arasında dövri normallaşmalar və əməkdaşlıq cəhdləri olsa belə, onların strateji etimad münasibətlərinə çevrilməsi çətin görünür. Belə yaxınlaşmalar daha çox taktiki xarakter daşıyır və geosiyasi maraqlar dəyişən kimi yenidən qarşıdurma elementləri ön plana çıxır.
Nəticə etibarilə, İranın Zəngəzur marşrutu ilə bağlı təhdidləri hərbi hazırlıqdan çox geosiyasi mesaj xarakteri daşıyır. Lakin bu, Azərbaycanın İran faktorunu milli təhlükəsizlik baxımından uzunmüddətli risk mənbəyi kimi qiymətləndirməsini dəyişdirmir.
Vüqar Dadaşov
Milli Cəbhə Partiyası – MCP
Başqanı müavini, hüquqşünas.
