3 oktyabrda İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında hicabla bağlı etiraz aksiyası keçirildi.
Aksiyanı təşkil edən qurum Özgür Düşünce ve Eğitim Hakları Derneği — Özgür-Der idi.
Aksiyada “Azərbaycanda hicab yasağına hayır”, “Başörtüsü Müslüman kadının kimliğidir”, “Azerbaycan’a 28 Şubat gelmesin” kimi şüarlar səsləndirildi. Təşkilat nümayəndələri Azərbaycan hökumətini sərt şəkildə tənqid etdilər və məsələni Türkiyədəki 28 Fevral dövrünün hicab qadağaları ilə müqayisə etdilər.
Aksiyanı izləyənlər arasında diqqət çəkən məqamlardan biri də İlham Əliyevə qarşı “xain Əliyev” ifadəsinin işlədilməsi oldu. İstanbulun mərkəzində belə bir rəzalət…
Bu artıq sadəcə məktəb formasına və ya hicab qaydasına etiraz deyil.
Bu, Azərbaycan dövlət başçısına qarşı açıq siyasi təhqir səviyyəsinə keçən ritorikadır.
Özgür-Der nə vaxt yaranıb?
Özgür-Der 1999-cu ildə, Türkiyədə 28 Fevral prosesindən sonra başörtüsü qadağalarına və dövlətin sekulyar siyasətlərinə qarşı yaranmış islamçı etiraz mühitindən çıxıb.
Təşkilatın öz nümayəndələri də onun yaranmasını məhz həmin dövrdə hicab qadağalarına qarşı müqavimətin davamı kimi təqdim edirlər.
Deməli, hicab məsələsi bu təşkilat üçün təsadüfi mövzu deyil.
Onun yaranış səbəblərindən biridir.
İdeologiyası nədir?
Özgür-Der klassik mənada təriqət deyil.
Akademik araşdırmalarda o, islamçı siyasi-mədəni hərəkat kimi təsvir edilir. Lider kultundan daha çox məsləhətləşmə və şəbəkə formasında təşkilatlanır, kütləvi aksiyalara və siyasi mövqeyə xüsusi əhəmiyyət verir.
Təşkilatın öz mətnlərində əsas anlayışlar bunlardır: İslami kimlik, ümmət, Quran və sünnə, sekulyar dövlət ideologiyasına tənqid, müsəlmanların siyasi və ictimai həyatda fəallığı.
Özgür-Der açıq şəkildə dini yalnız fərdi ibadət sahəsinə məhdudlaşdıran yanaşmaya qarşı çıxır. Onların öz ifadələrində İslamın siyasətdə, iqtisadiyyatda və ictimai həyatda müəyyənedici olması fikri müdafiə edilir.
Bu səbəbdən Azərbaycan kimi dünyəvi dövlət modelinə malik ölkələrdə hicab, məktəb, dövlət və din münasibəti onların ideoloji baxışı ilə tez-tez toqquşa bilər.
Müsəlman Qardaşları ilə əlaqəsi varmı?
Burada fərqi düzgün qoymaq lazımdır.
Özgür-Derin Müsəlman Qardaşlarının Türkiyə şöbəsi olduğuna dair sübut yoxdur.
Amma ideoloji yaxınlıq və siyasi simpatiya açıq görünür.
2013-cü ildə Özgür-Der strukturları Misirdə Məhəmməd Mursiyə və İxvana dəstək aksiyaları təşkil edib.
Şüarlar arasında hətta:
“İhvan’a, Mursi’ye bin selam” kimi ifadələr işlədilib. Özgür-Der Mursinin devrilməsini hərbi çevriliş kimi qiymətləndirib və İxvan tərəfdarlarının müqavimətini dəstəkləyib.
Təşkilat ayrıca “Mısır’da İhvan’ın Tutumu ve Geleceği” mövzusunda tədbirlər də keçirib.
2026-cı ildə isə Özgür-Der rəhbərləri Banqladeşdə Cemaat-i İslami rəhbərliyi ilə görüşərək onları seçki uğuru münasibətilə təbrik ediblər. Bu da təşkilatın beynəlxalq siyasi-islamçı şəbəkələrlə ideoloji yaxınlığının davam etdiyini göstərir.
Ona görə daha dəqiq ifadə budur:
Özgür-Der formal olaraq İxvana bağlı təşkilat deyil, amma İxvan və digər siyasi-islamçı hərəkatlarla eyni geniş ideoloji ailəyə yaxın mövqedə dayanır.
AKP ilə əlaqəsi nədir?
Özgür-Der AKP-nin rəsmi təşkilatı və ya siyasi koalisiya tərəfdaşı deyil.
Amma bir sıra məsələlərdə AKP hökumətinin siyasətini dəstəkləyib.
Məsələn, 2013-cü ildə Ərdoğan hökumətinin başörtüsü məhdudiyyətlərinin yumşaldılması və “Andımız”ın ləğvi ilə bağlı demokratikləşmə paketini Özgür-Der açıq şəkildə müsbət qiymətləndirib.
Digər tərəfdən təşkilat AKP-ni tənqid də edib.
2009-cu ildə Özgür-Derin bağlanması üçün açılan məhkəmə işi zamanı onun tərəfdarları hətta bunu AKP-nin “özgürlüklər siyasəti” ilə ziddiyyət kimi təqdim edirdilər.
Yəni münasibət: təşkilati ittifaq deyil, ideoloji və mövzu əsaslı yaxınlıqdır.
Hicab, siyasi İslam, Fələstin, Mursi, sekulyarizm kimi məsələlərdə yaxınlıq güclənir.
Başqa məsələlərdə isə Özgür-Der hakimiyyəti tənqid edə bilir.
Təsir imkanları nə qədərdir?
Özgür-Der Türkiyədə AKP, MHP, İHH və ya böyük dini-siyasi şəbəkələrlə müqayisə ediləcək miqyasda kütləvi təşkilat deyil.
Amma onu əhəmiyyətsiz də saymaq olmaz.
2009-cu ildə təşkilatın Türkiyənin müxtəlif şəhərlərində 15 nümayəndəliyi olduğu açıqlanırdı. Sonrakı illərdə şəbəkə genişlənib. 2025-ci ildə təkcə Şərqi və Cənub-Şərqi Anadolu üzrə keçirilən bir toplantıda Diyarbakır, Batman, Bingöl, Muş, Tatvan, Van, Elazığ, Ergani və Kulp nümayəndəlikləri iştirak edib.
2025–2026-cı illərdə yeni nümayəndəliklərin açılması və müxtəlif şəhərlərdə müntəzəm seminarlar keçirilməsi də təşkilatın fəaliyyətini davam etdirdiyini göstərir.
Onun əsas təsir gücü seçki siyasətində deyil.
Təsiri islamçı fəal çevrələrdə, küçə aksiyalarında, sosial mediada və ideoloji müzakirələrdədir.
Bu baxımdan kiçik, amma fəal və səs-küylü təşkilatdır.
Azərbaycan üçün məsələ harada başlayır?
Türkiyədə hər kəsin Azərbaycan hökumətini tənqid etmək haqqı var.
Hicab siyasətini də tənqid etmək olar.
Azərbaycan dünyəvi dövlətdir və bunun ətrafında siyasi mübahisə aparılması normaldır.
Amma “xain Əliyev” kimi ifadələr artıq dini hüquq mübahisəsini aşaraq Azərbaycan dövlət rəhbərliyinə qarşı siyasi təhqirə keçir.
Bunun Azərbaycan–Türkiyə münasibətlərində gərginlik yaşandığı bir dövrdə baş verməsi də ayrıca diqqət tələb edir.
Xüsusilə belə təşkilatların ideoloji baxışını bilmədən hadisəni sadəcə “Türkiyədə Azərbaycan əleyhinə aksiya” kimi təqdim etmək yanlış olar.
Bu, Türkiyə dövlətinin rəsmi mövqeyi deyil.
Bu, Türkiyədəki müəyyən islamçı siyasi-ictimai çevrənin mövqeyidir.
Amma həmin çevrənin ideoloji tarixi, İxvan və Mursi xəttinə simpatiyası, sekulyarizmə münasibəti və Azərbaycanı da həmin ideoloji prizma ilə qiymətləndirməsi nəzərə alınmalıdır.
Burada əsas sual artıq təkcə hicab deyil.
Sual budur: Türkiyə–Azərbaycan münasibətlərində yaranmış hər bir həssas mövzu müxtəlif ideoloji qrupların iki ölkə arasındakı münasibəti daha da gərginləşdirməsi üçün vasitəyə çevriləcəkmi?
Buna həm Bakıda, həm də Ankarada diqqətlə yanaşmaq lazımdır…
