Hazırda sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentlərində baş verənlər, İstanbulda dinçilərin Azərbaycan konsulluğu önündəki həddini aşan etiraz aksiyası, Azərbaycanda isə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığına qarşı söz demək imkanı gözləyən fürsətçilər və sair məsələlərə toxunmayacam. Düşüncələrim və təhlillərimin nəticələri qarşısında primitiv məsələlərdir. Çünki, Cənubi Qafqaz və o cümlədən Azərbaycan üzərində dərin və böyük oyunlar başlayıb.
Yazılarımdan birində qeyd etmişdim ki, ölkə Prezidentinin Azərbaycanın bu günki və gələcək nəsilləri qarşısında ən böyük xidmətlərindən birincisi Qarabağ məsələsini gələcək nəsillərə saxlamadan həll etmək, ikincisi isə hazırki Yeni Dünya Düzəninin formalaşdığı bir zamanda ölkəmizi təlatümlərdən kənarda saxlamaq siyasətidir. Çünki, Rusiya, Ermənistan, Gürcüstan, İran, Türkiyə, İsrail və Avropa mətbuatlarını təhlil etdikcə ortaq nöqtələri görmək çətin deyil. Cənubi Qafqazla bağlı planların konturları hələ 4-5 ay öncədən görünməyə başlayıb. Ölkə Prezidenti də bunu hər birimizdən yaxşı bilir və bütün gücü ilə hazırda çalışır ki, Azərbaycan böyük qüvvələrin toqquşma poliqonuna çevrilməsin və təlatümlərdən kənarda qalsın. Ölkə Prezidenti dəfələrlə təkrarlayır: “Bizim işimizə kimsə qarışmasın”, “Biz müharibə istəmirik”, “Biz sülh tərəfdarıyıq”, “Ermənistanla aramızda qalan məsələləri özümüz diplomatik yollarla həll edəcəyik” və sair. Dəfələrlə səsləndirilən bu mesajların səbəbləri nədir?
– Rusiya Prezidenti Valday görüşündəki 4 saata yaxın çıxışı zamanı bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi məsələsini Azərbaycanla danışmışıq, onlar razıdır.” Bunu doğru deyir. Biz beynəlxalq potensial iqtisadi layihə və marşrutların əlbəttə tərkib hissəsi olmağa razıyıq. Sonra davam edir. “Biz həmin dəhlizin keçdiyi ərazilərdə torpaqları alacağıq”. Buna isə reaksiya yoxdur. Təbiidir. Çünki, heç bir ölkə, o cümlədən Azərbaycan buna razı olmaz. Ümumiyyətlə indiyə qədər belə bir təcrübə yoxdur ki, hansısa marşrut, boru xətti tranzit ölkədən keçərkən digər ölkə həmin əraziləri satın alsın və ya uzunmüddətli icarəyə götürsün. Hətta ABŞ TRİPP layihəsində belə etmədi, sadəcə həmin hissəyə investisiya yatıraraq şəriklik etdi. Rusiya bunu etməklə bir daşla 3 quş vurmaq istəyir. 1) Azərbaycanda yenidən nəzarət mexanizmi yaratmaq; 2) Rusiyanı oyundankənar vəziyyətə salan Orta Dəhlizin gücünü və imkanlarını zəiflətmək; 3) Ermənistana qarşı təzyiqi artırmaq. Hətta bu yaxınlarda Medvedev Ermənistanın 2-ci Ukrayna olacağı ehtimalını bir daha səsləndirdi;
– Rusiya Ermənistanın Avropa yönlü siyasətini həzm etmək istəmir. Amma Ermənistan Ukrayna deyil. Həm Rusiya, həm ABŞ, həm də Fransada olan erməni lobbisi Ermənistanı Rusiyaya Ukrayna şəklində yem etməzlər. O səbəbdən Rusiya bunu Azərbaycanın əli ilə etmək istəyir. Buna isə ölkə Prezidenti qətiyyətlə qarşıdır və yuxarıda səsləndirdiyim və səsləndirmədiyim digər sitatları da bunu sübut edir;
– Azərbaycan öz qətiyyətli mövqeyini nümayiş etdirdikcə təzyiqləri artırmağa başladılar (bu fikri ölkə Prezidenti YAP-ın Qurultayında vurğulayaraq səsləndirdi. Əslində bütün çıxışın əsas leytmotivi bu idi). Orta Koridorun əsas ölkələrindən olan 2 ölkəni qarşı-qarşıya gətirməklə faktiki olaraq Orta Koridorun gələcəyinə şübhə toxumu səpməyə çalışırlar. Çıxışlarımın birində qeyd etmişdim ki, hər bir marşrutun potensialını, risklərini ölçərkən hesablanan bir neçə əsas kriteriyadan biri də həmin marşrutun keçdiyi ölkələrin hərbi bloklara qoşulub qoşulmaması, həmin ölkələrin öz aralarındakı münasibətləri, öz aralarında münaqişə ehtimallarının olub olmamasıdır. Orta Dəhlizin keçdiyi ölkələrin hamısının bir-birləri ilə münasibətləri çox istidir, dost-qardaş-strateji müttəfiq münasibətləridir. Bu güclü amili zəiflətmək istəkləri və cəhdləri göz önündədir;
– Diqqət edin. Türkiyənin regionda təklənməsinə çalışmaq, münaqişələrə cəlb etmək, Azərbaycanla Gürcüstanın arasını soyutmağa çalışmaq (yeri gəlmişkən, növbəti mərhələ üçün Gürcüstanla əlaqələrimizə diqqət yetirməyə davam edəcəyik), Ermənistanda təxribatlar, Azərbaycanda başörtüsünün qadağan edilməməsinə (vurğulayıram ki, edilməyib) baxmayaraq məktəblərdə vahid geyim kodeksinin məhz indi tətbiqi və ardınca bunu dramatikləşdirilərək sosial şəbəkələrdə faciə kimi təqdim olunması (bunlar təsadüf kimi görünsə də təsadüf olub-olmamaları araşdırma mövzularıdır), Rusiya Prezidentinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqındakı fikirləri, İranın son hərəkətləri, İranın Səhər kanalının Azərbaycana qarşı sayğısız və həddini aşan təbliğatları, rəsmi səviyyələrdə diplomatik sayğısızlıq cəhdləri və sair. Təsadüf bir olar, iki olar. Qısa müddətdə bu qədər təsadüf olar??? Ölkə Prezidenti əslində bütün bunların mesajlarını verdi!
– Ermənistanı bizim əlimizlə cəzalandırmağa çalışmaq Azərbaycanı Rusiyanın, Ermənistanı Ukraynanın (qeyd etdiyim kimi, Ermənistan 2-ci Ukrayna olacaq fikirləri bizə deyil, Rusiya rəsmilərinə məxsusdur) vəziyyətinə salmaq deməkdir. Nə Ermənistanda dövlətçilik qalmaz, nə də Azərbaycan dövləti, siyasəti, iqtisadiyyatı dünyanın təzyiqlərinə davam gətirməz. Bu həm də Orta Dəhliz layihəsinin məhv olması, Rusiya və İranın nəzarətində olacaq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ön plana çıxması deməkdir. Bu qədər təhlükəli, çirkin bir oyun gedir və ölkəmizə qarşı həm birbaşa təzyiqlər, həm də digər dövlətlərin əli ilə dolayı təzyiqlər artmaqdadır. Ölkə Prezidentinin çıxışındakı hər cümlədə, hər sözdə, hər nöqtə və vergüldə bütün bu dediklərim və demədiklərimin narahatlıqları, bir az da əsəbi gizlənir. Unutmayaq ki, ölkə Prezidenti “hazırda 2 super güc var: ABŞ və Çin” fikrini də təsadüfən səsləndirmədi. Ölkə Prezidentinin çıxışlarındakı fikirləri deformasiyaya uğratmadan digər əsas mesajı aydın görmək olur: “Biz axı kiminsə siyasətinə, işinə qarışmırıq, siz də qarışmayın”. Bu isə mədəni şəkildə düşün yaxamızdan deməkdir.
Bu səbəbdən qardaş ölkə Türkiyə məsələləri məktəblərdə hicab, baş örtüsü kimi cılız və primitiv gündəmdən çıxararaq Türkiyə və Azərbaycanın beynəlxalq layihələrin tərkib hissələrindən kənarlaşdırılması, aralarında hər hansı soyuqluğun yaranmaması, əgər yaranıbsa münasibətlərin dərhal isinməsi üçün dövlət ağlını küçə etirazları, sosial şəbəkə dedi-qodularının üzərinə çıxarmalı, ölkə Prezidentimizin qeyd etdiyi kimi “siyasətdə emosiyalara yol verməmək” üçün addımlar atması hər iki ölkənin təklənməməsi, zəifləməməsi və hədəfə gəlməməsi üçün məqsədəuyğun hesab edərdim.
Cənubi Qafqazın hər 3 ölkəsi (Azərbaycan, Ermənistan və Gürcüstan) və o cümlədən Türkiyə ətrafında oynanan oyunlar, hər 3+1 ölkəyə qarşı bir-birlərinə qarşı çıxmaları üçün edilən təzyiqlər, Cənubi Qafqazı böyük layihələrin tərkib hissələrindən çıxartmaq cəhdləri, hətta Cənubi Qafqaz ölkələri arasında yenidən müharibə alovlandırmaq cəhdləri fonunda incikliklərin səbəbləri də, sosial şəbəkələrdə yazılanlar da, baş verənlər də cılız və primitiv görünür. Cılız və primitiv!
Keçən yazıdakı sön cümlələrdən birində qeyd etdiyim kimi, müdrikliyin cəhalətə qalib gələcəyinə inanıram. Din ruhsal bir məsələdir. Allahla insan arasında olan ruhsal bir məsələ. Hətta 3-cü şəxsin qarışmağa haqqı yoxdursa, dövlətçilik, dövlət mənafeyi, strateji müttəfiqlik, beynəlxalq layihələr, ən əsası isə eyni kök, eyni millət mənafelərini siyasiləşdirilmiş dini məsələlərə qurban vermək məncə gələcəyə edilmiş ən böyük xəyanət olar!
Mən rasional düşüncənin, müdrikliyin, dostluğun, qardaşlığın, birliyin, sülhün, rifahın və dövlət mənafelərinin cəhalətə, ölkələrimizə qarşı qurulmuş hiyləgər planlara, düşüncənin deyil, radikal hisslərin ön planda olduğu qrupların mənafelərinə, planlarına, Türk Dünyası düşmənlərinin niyyətlərinə qalib gələcəyinə əminəm! Açığı, başqa yolumuz da yoxdur! Çünki, bu gün üzümüzə gülənlər hələ güclü olduğumuza görə hərəkətə keçmirlər. Bunu da unutmayaq!
P.S. Ən böyük arzum ölkəmizdə sözün həqiqi mənasında bir “Beyin Mərkəzi”nin qurulmasıdır. Ucuz təbliğat və təşviqatdan, formal sorğulardan uzaq olub, təlim-tədris məsələləri ilə baş qatmaqla gün keçirən, formal məqalələr yazıb ucuz forum və tədbirlərdən çəkilən şəkillərlə sosial şəbəkələri dolduran beyin mərkəzlərindən fərqli olaraq sözün həqiqi mənasında dövlətçilik və dövlətin mənafeyinə xidmət edəcək dərin strateji təhlillərlə dövlətə qarşı gələn təhlükələri, formalaşan riskləri proqnozlaşdıra bilən, gedişatı görə , xarici mətbuatı izləməklə küləyin hansı istiqamətlərdə, necə və hansı güclə əsəcəyini proqnozlaşdıra və riskləri yumşaltma tədbirlərini də müəyyən dərəcədə ortaya qoya bilən, təhlillərdə hisslərin deyil, soyuq başların hakim olduğu təhlillərin üstünlük təşkil etdiyi bir “Beyin Mərkəzi”. Belə Beyin Mərkəzlərinə həm də Türkiyənin, Cənubi Qafqaz ölkələrinin ehtiyacı var. Sonra da bu Beyin Mərkəzlərinin regiona qarşı təhdidləri görmək və yumşaltmaq üçün qarşılıqlı strateji əlaqələr və sinerji qurması həm regionu, həm də bu regiondakı dövlətləri gücləndirər! Bunun elə gözəl bir Yol Xəritəsi var ki… Məncə düşünməyə dəyər!
