19.3 C
Bakı
03 İyun 2026 22:57
CəmiyyətŞikayət

UNİCEF məlumatları ilə rəsmi statistikanın körpə ölümü göstəriciləri niyə fərqlənir?

1 İyun –  Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan kimi vətəndaşların sosial-iqtisadi problemlərlə üz-üzə qaldığı ölkələrdə cəmiyyətin gələcəyi olan uşaqların real problemlərini xatırlamaq, onların hüquq və ehtiyaclarını müzakirə etmək, bu mövzuda ictimai diqqəti artırmaq üçün mühüm bir fürsətdir.

Etibarlı statistikanın mövcud olduğu ölkələrdə səlahiyyətli dövlət qurumlarının hazırladığı hesabatlar uşaqların üzləşdiyi problemlərin görünən olmasına, vəziyyətin obyektiv qiymətləndirilməsinə və narahatlıq doğuran tendensiyalar aşkar edildikdə onların ictimai müzakirəyə çıxarılmasına imkan yaradır.

Tənqidçilərə görə isə, Azərbaycanda hökumət strukturları, onların mövqeyini dəstəkləyən media qurumları və bəzi ekspertlər üzə çıxan problemləri açıq şəkildə müzakirə etmək əvəzinə, onları “xalçanın altına süpürməyi” üstün tutur və bu yanaşmanı dövlətçilik mövqeyi ilə əsaslandırırlar.

Məsələn, ölkədə uşaq yoxsulluğunun səviyyəsini obyektiv şəkildə qiymətləndirməyə və geniş ictimai etimad qazanmağa imkan verəcək ölçmə metodologiyasının tətbiq olunmaması suallar doğurur. Halbuki belə göstəricilər olmadan uşaqların rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial proqramların hazırlanması, hədəflənməsi və effektivliyinin qiymətləndirilməsi xeyli çətinləşir.

Hökumətin, xüsusilə də neft gəlirlərinə malik bir ölkənin uşaqlara universal sosial dəstək göstərmək öhdəliyini vurğulayan və uşaq pulunun bərpasını tələb edən şəxslər çox vaxt ictimai müzakirələrdə sərt tənqidlərlə üzləşirlər. Halbuki BMT-nin iki ildən bir dərc etdiyi qlobal sosial müdafiə hesabatları göstərir ki, bir çox inkişaf etmiş ölkələrdə uşaqların sağlam, təhlükəsiz və rifah şəraitində böyüməsini dəstəkləmək məqsədilə aylıq sosial müavinətlərin ödənilməsi sosial siyasətin adi elementlərindən biridir. Bunun əksinə olaraq, iqtisadi cəhətdən daha zəif ölkələrdə belə öhdəliklərin məhdudlaşdırılması və ya onlardan yayınma halları daha geniş yayılıb.

Yaxud inkişaf etmiş bir çox ölkələrdə uşaqların həyat məmnunluğu, psixoloji vəziyyəti və ümumi rifahı dövri milli sorğular vasitəsilə ölçüldüyü halda, Azərbaycan hökuməti niyə bu təcrübədən yararlanmır?

Öz növbəsində, inkişaf etmiş ölkələrdə təhsil, psixoloji sağlamlıq, maddi rifah, təhlükəsizlik, yaşayış mühiti və digər sahələri əhatə edən kompleks göstəricilər əsasında “Uşaq Rifahı İndeksi” hazırlanır və ictimaiyyətə təqdim olunur. Belə indekslər uşaqların vəziyyətini daha dəqiq qiymətləndirməyə və sosial siyasətin prioritetlərini müəyyənləşdirməyə imkan yaradır.

Tənqidçilər hesab edirlər ki, bəzi mühüm suallarla bağlı səlahiyyətli qurumlar ictimaiyyət qarşısında kifayət qədər hesabatlı davranmır. Onlara görə, son illərdə körpə və uşaq ölümü göstəricilərində müşahidə olunan artımın səbəbləri barədə ətraflı və ictimaiyyət üçün əlçatan izahlar təqdim edilmir.

Məsələn, hər 1000 diri doğulan uşağa düşən körpə ölümü göstəricisi 2020–2022-ci illərdə 7–8 nəfər olduğu halda, sonrakı iki ildə bu göstəricinin əhəmiyyətli dərəcədə artaraq 18 nəfərə çatmasının səbəbləri ilə bağlı ictimaiyyətə ətraflı izahat təqdim edilməyib.

Yaxud rəsmi statistika şəhərlərdə körpə ölümü səviyyəsinin kənd yerləri ilə müqayisədə təxminən 50 faiz yüksək olduğunu göstərdiyi halda, UNİCEF-in araşdırmalarının əks nəticəyə gəlməsi hansı amillərlə izah olunur?

Halbuki beynəlxalq təşkilatın açıqladığı məlumatlar fərqli mənzərə ortaya qoyur: həmin məlumatlara əsasən, 2017–2022-ci illərdə kənd yerlərində körpə ölümü səviyyəsi şəhər yaşayış məntəqələri ilə müqayisədə təxminən 50 faiz daha yüksək olub.

Yaxud rəsmi statistika şəhərlərdə körpə ölümü səviyyəsinin kənd yerləri ilə müqayisədə təxminən 50 faiz yüksək olduğunu göstərdiyi halda, UNİCEF-in məlumatlarında tam əks mənzərənin ortaya çıxması hansı amillərlə izah olunur?

UNİCEF-in statistik məlumat bazasından görünür ki, Azərbaycanda 15–19 yaşlı yeniyetmə qızların hər 1000 nəfərinə düşən doğum sayı 42 nəfər təşkil edir. Halbuki bu göstərici keçmiş sovet ölkələrindən Belarusda 12, Ermənistanda 14, Qazaxıstanda 23, Gürcüstanda 27 nəfər, Almaniya kimi inkişaf etmiş ölkələrdə isə 6-7 nəfər təşkil edir. Bu göstəricinin yüksək olması iqtisadi cəhətdən geri qalmış ölkələr üçün xarakterikdir. Məsələn, UNİCEF-in ən son məlumatına görə, Əfqanıstanda 67 nəfər qeyd alınıb.

Azərbaycanda 15-19 yaşlı qızlar arasında uşaq dünyaya gətirən yeniyetmələrin sayının hətta bir çox postsovet ölkələri ilə müqayisədə 3–4 dəfə yüksək olması yalnız iqtisadi inkişafdakı fərqləri müqayisə etmək baxımından həlledici göstərici deyil. Bu, həm də hələ uşaqlıq dövrünü başa vurmamış yüzlərlə qız uşağının təhsil almaq imkanından məhrum buraxılması deməkdir. Bu yaşda uşaq dünyaya gətirən, özü hələ uşaqlığını tam yaşamamış qızların nə dərəcədə sağlam və gələcək üçün yetkin insanlar yetişdirə bilmək imkanında və bacarığında olması isə tamamilə ayrı bir mövzudur. (ToplumTV)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qadın azadlıqda gözəldir.

redaktor

Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR

redaktor

Şəmkirin keçmiş İcra Başçısı Alimpaşa Məmmədov 730 min ödədi.

admin