2026-cı ilin ilk altı ayı ərzində Rusiya orduya və silah istehsalına rekord həcmdə – 10,687 trilyon rubl vəsait xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunun (SWP) elmi əməkdaşı Yanis Klüqe Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsaslanaraq bu cür hesablamalar təqdim edib.
Kremlin hərbi maşını orta hesabla ayda 1,78 trilyon rubl, gündə 59 milyard rubl və ya hər saat təxminən 2,5 milyard rubl “yandırıb”. Müharibənin ilk ili ilə müqayisədə xərclər 285%, müharibədən əvvəlki 2021-ci illə müqayisədə isə beş dəfədən çox artıb.
Federal büdcənin bütün xərclərinin 43,8%-i orduya və hərbi-sənaye kompleksinə yönəldilib – bu, yeni maksimum göstəricidir. Eyni zamanda, müharibəyə büdcəyə daxil olan bütün vəsaitlərin 57,3%-nə bərabər məbləğ sərf edilib, halbuki müharibədən əvvəl bu göstərici 20%-dən az təşkil edirdi.
Bununla belə, Kreml hərbi xərclərin üçdə ikisini gizlədir. Ayrılan 10,687 trilyon rubldan yalnız 3,546 trilyon rublu açıq müdafiə maddələri üzrə keçib, daha 7,141 trilyon rubl isə məxfiləşdirilib. Müharibədən əvvəlki dövrlə müqayisədə qapalı xərclərin həcmi yeddi dəfədən çox artıb.
Ümumilikdə 2022-ci ilin əvvəlindən bəri Kreml orduya və silaha artıq 57,1 trilyon rubl, yaxud təxminən 660 milyard dollar xərcləyib. Rusiya regionları qiymət artımı, infrastruktur problemləri və təməl ehtiyaclar üçün vəsait çatışmazlığı ilə üzləşdiyi bir vaxtda, federal büdcə xərclərinin demək olar ki, yarısı müharibənin davam etdirilməsinə sərf olunur.
