ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bir neçə günlüyə bərpa etmək imkanını nəzərdən keçirir. Hücumlar noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən az sonra başlaya bilər. Bu barədə “The Atlantic” jurnalı oktyabrın 22-də ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Jurnal yazır ki, maliyyə naziri Skot Bessent və İsrailin baş naziri Binyamin Netanyahu Trampa bir-birindən fərqli təkliflər təqdim ediblər. Bessentin qənaətincə, sanksiyalar və ABŞ-nin Hörmüz boğazını blokadaya alması Tehranı danışıqlar masasında geri addım atmağa vadar edə bilər. Netanyahu isə İran hökumətini devirmək üçün ABŞ və İsrailin birgə zərbələrinin yeni mərhələsinin tərəfdarıdır.
“The Atlantic” nəşrinin məlumatına görə, Tramp administrasiyası iqtisadi təzyiqlə hərbi əməliyyatların birləşdirilməsi variantını nəzərdən keçirir. Potensial hədəflərə İranın raket və dron arsenalları, enerji infrastrukturu və nüvə obyektləri daxildir. Administrasiyadan kənar bir müşavirin sözlərinə görə, “iqtisadi təzyiq artıq öz bəhrəsini verir və İranın son həddə yaxınlaşdığını düşünürük”. O əlavə edib ki, yeni zərbələr İrana son nöqtəni qoyacaq.
Amma “The Atlantic” bu strategiyanın uğurlu ola biləcəyini şübhə altına alır. Jurnal vurğulayır ki, ciddi iqtisadi təzyiqlərə baxmayaraq, İranın danışıqlardakı mövqeyi, demək olar ki, dəyişməyib. Nəşr xəbərdarlıq edir ki, yeni hücumlar Tehranı təslim olmağa vadar etməyəcək, əksinə, regionda daha genişmiqyaslı eskalasiyaya yol açacaq.
ABŞ rəsmiləri seçkilərdən sonra zərbələrin bərpası barədə hələ heç bir qəti qərar verilmədiyini bildirirlər. Məqalədə təsdiqlənmiş hücum planından deyil, davam edən müzakirələrdən və hərbi hazırlıqlardan söz açılır.
Bu arada enerji qiymətləri yüksək həddə qalmaqda davam edir, danışıqlar isə dalana dirənib. Tramp aralıq seçkilərindən əvvəl yeni hücumları istisna etsə də, sonradan belə bir qərarın veriləcəyi ehtimalını açıq saxlayıb.

