17 C
Bakı
25 Oktyabr 2026 17:33
DünyaSiyasət

Trampın Ukrayna siyasətinin arxasında nə dayanır?

Tramp üçün Ukraynanın nə qədər torpaq itirməsinin heç bir əhəmiyyəti yoxdur – təki qalan hissə ABŞ-ın siyasi orbitində qalsın. Buna görə də Tramp hakimiyyətə gələn kimi müharibəni dayandırmaq və atəşkəsə nail olmaq istəyirdi. ABŞ-a resurslarını Avropadan çıxartmaq, onları Yaxın Şərq və Çin istiqamətinə toplamaq lazım idi. Bu istiqamətdə problemlərini həll etdikdən sonra yenidən Ukraynaya qayıdıb, münaqişənin “donunu” aça bilərdi.

Lakin belə yanaşma Britaniyaya (onun təhriki ilə Aİ-yə) və deməli, Ukraynaya sərf etmirdi. Britaniyaya Ukrayna bir müstəmləkə dövlət kimi lazım deyil (hərçənd Trampın ABŞ-ı Britaniyanı itələyərək, bu müstəmləkədə həlledici paya sahib olmaq istəyirdi), Ukrayna ona Rusiyanın resurslarına nəzarəti ələ keçirmək üçün alət kimi lazımdır. Ukrayna döyüşməyəcəksə, Britaniyanın bütün planları puça çıxır. Buna görə də 2025-ci ilin fevralında Britaniya əlindən gələni etdi ki, Trampın Zelenskiyə təzyiqi nəticəsiz olsun.

Atəşkəs Rusiyaya da sərf etmirdi, lakin Rusiya Trampın vasitəçiliyinə etiraz etmirdi. Sadəcə, atəşkəs yox, sülh müqaviləsinin bağlanmasını tələb edirdi. Bu zaman Ukraynaya qarşı ərazi tələbləri irəli sürürdü. Həm də tələb edirdi ki, Qərb həmin əraziləri rəsmi olaraq Rusiya ərazisi kimi tanısın. Məqsəd nə idi?

Bu müharibəni başlamaqda Rusiyanın məqsədi nə olub? NATO-nun Ukraynaya girməməsi, Ukraynanın neytral statusa qayıtması. Məgər Donbası Rusiya ərazisi etməklə Rusiya əsas məqsədinə çatır? Əlbəttə ki, yox. Bəs onda niyə bu şərtlə müharibənin dayanmasına razılıq verirdi? Rusiya başa düşürdü ki, onun şərtlərini Britaniya və Ukrayna heç cür qəbul etməyəcək. Onları Ukrayna qəbul etsəydi, ölkədə ya çevriliş, ya da vətəndaş müharibəsi olacaqdı. Yəni Rusiya bu tələbləri irəli sürməklə faktiki olaraq öz məqsədinə nail olmağa çalışırdı:
▪️ ya Ukrayna onları qəbul edəcək və daxildən parçalanacaqdı;
▪️ ya da qəbul etməyəcək və buna görə müharibənin əsas sponsoru olan ABŞ-la Ukraynanın, həmçinin Avropanın münasibətləri pozulacaqdı.

Gözlənildiyi kimi, ikinci hal baş verdi. ABŞ Ukraynanın birbaşa maliyyələşdirilməsini dayandırdı, müharibənin bütün maliyyə yükü Avropanın çiyinlərinə düşdü.

Lakin 2025-ci ilin əvvəlində şöhrətinin zirvəsində olan supernarsis Tramp Zelenskini Oval ofisdəki yekəbaşlığına (https://www.facebook.com/asif.shafaggatov.3/videos/830419919250460/), həmçinin 2019-cu il 1-ci impiçment qalmaqalında böyük roluna (https://www.facebook.com/asif.shafaggatov.3/posts/3830536623929087) görə cəzalandırmadı. Ukrayna üçün çox vacib olan rabitə və kəşfiyyat dəstəyini göstərməkdə davam etdi, Rusiyaya qarşı nəinki heç bir sanksiyanı yumşaltmadı, hətta onları daha da artırdı və sərtləşdirdi. Niyə? Çünki Ukraynanı zəiflətmək ABŞ-ın da planlarına uyğun deyildi – bu halda Rusiya Ukrayna problemini öz xeyrinə həll edə bilərdi. ABŞ-a Ukrayna probleminin birdəfəlik Rusiya xeyrinə həlli yox, bu probleminin müvəqqəti dondurulması lazım idi. Dondurulmuş problem Rusiyanı da zəiflədəcəkdi.

Beləliklə, Oval ofis qalmaqalından 20 ay keçdi. Bu müddət ərzində Tramp müharibəni atəşkəs şərtləri ilə dayandırmaq üçün bir neçə cəhd etdi, lakin hamısında Britaniya, Aİ, Ukrayna və Rusiya müxtəlif “souslar” altında yuxarıda qeyd etdiyim mövqeləri təkrarladılar. Dəyişən yalnız Ukraynanın vəziyyətinin getdikcə daha da pisləşməsi oldu.

Oktyabrda Tramp yenidən aktivləşib. Bunun 2 əsas səbəbi var:
1. Siyasi səbəb. ABŞ görür ki, bu qış atəşkəsə nail ola bilməsə, Ukrayna əldən gedə bilər – Avropa tükənib, Ukraynanı saxlamaq imkanları məhduddur. “Ukrayna layihəsi” bağlanarsa, ABŞ Rusiyaya ən vacib təzyiq vasitəsini itirəcək. Yüz milyardlarla “investisiya” qoyulmuş “Ukrayna layihəsini” xilas etmək üçün müharibəni təcili dayandırmaq lazımdır. Həm də vasitəçilikdən istifadə edib, Rusiyadan “yağlı tikələr” qoparmaq imkanı var.
2. Şəxsi səbəb. Özünü növbəti impiçmentdən və həbsdən xilas etmək üçün qlobalistləri neytrallaşdırmalıdır. Bunu necə etmək istəyir?

Tramp oktyabradək ümid edirdi ki, seçkiqabağı özünün və partiyasının reytinqini yüksəldə biləcək, bu isə onların seçkilərdə qalib gəlməsinə imkan verəcək. Lakin İran müharibəsi və onun nəticələri Trampa elə zərbə vurur ki, respublikaçılar nəinki Nümayəndələr Palatasında, Senatda da çoxluğu itirə bilərlər. Onlar hətta Texas, Kanzas, Florida, C.Karolina kimi ənənəvi respublikaçı ştatlarda da demokratlara uduza bilərlər. Bundan başqa, bu ştatlarda qubernatorların da demokratlardan seçilmə ehtimalı yüksəkdir (2 il əvvəl bu ağlagəlməz bir şey idi).

Demokratlar hər iki palatada çoxluğu qazansalar, Trampın impiçment edilməsi gündəliyə salınan ilk məsələ olacaq. Artıq indidən demokratlar bu istiqamətdə fəaliyyətə başlayıblar – impiçment üçün hüquqi əsaslar işlənilir. Demokratlar qlobalistlərin ABŞ qanadıdır, onların “beyin mərkəzi” Londondur. Yəni Tramp demokratlardan canını qurtarmaq istəyirsə, qlobalistləri – Londonu “tərksilah” etməlidir. Londonun “ürəyi” isə hazırda Ukraynadır. “Ukrayna layihəsi” iflasa uğrasa, qlobalistlər bir-birini yeyəcəklər, onlardan bu layihəyə qoyduqları yüz milyardlarla avro pulların hesabı sorulacaq. Nəticədə ən yaxşı halda Avropadakı bütün qlobalist partiyalar hakimiyyətdən qovulacaq və ya fəalları həbs ediləcəklər.

Buna görə də Tramp yanvaradək Ukraynada müharibəni dayandırmaq üçün əlindən gələni edəcək. Hətta Rusiyanın ən sərt tələbləri ilə də razılaşacaq və Ukraynaya onları qəbul etməsi üçün təzyiqlər göstərəcək. Noyabrda Çində Si-Putin-Tramp üçlüyünün görüşü olmalıdır. Qlobalistlər bu görüş zamanı “Ukrayna layihəsinə” onlarsız əncam çəkiləcəyi barədə qorxularından yazır, bu görüşü “Yalta-2” adlandırırlar. Lakin qlobalistlər, xüsusən də London müharibənin dayanmaması üçün bütün gizli mexanizmlərini işə salıblar. Londonun Trampa demək istədiyi, lakin deyə bilmədiyi ittihamları Zelenskinin dili ilə deyirlər. Son bir neçə gündə ABŞ-ın demokratlar yönümlü 10-dan çox TV-si Zelenskidən müsahibə götürüb. O, seçki öncəsi açıq-aydın anti-Tramp təbliğatı aparır. Trampa “tarixin düzgün olmayan tərəfində dayandığını” deyir…

Amma belə görünür ki, “Ukrayna layihəsi” aqoniyadadır. Onu xilas etmək üçün qlobalistlərin yeganə ümidi ABŞ idi. ABŞ-sız onlar Rusiya ilə müharibəyə girə bilməzlər. ABŞ isə 10 il əvvəlki gücdə deyil, eyni vaxtda 2-3 cəbhəyə resurs çatdıra bilmir, öz vəziyyəti ağırlaşır. Buna görə də o seçim etməli və resurslarını ən vacib olan bir cəbhəyə cəmləməlidir. Belə olan halda onun prioriteti hansı cəbhə olmalıdır?

ABŞ üçün ən təhlükəli rəqib hansı dövlətdir? Əlbəttə ki, Çin. Onda ABŞ niyə resurslarını Ukraynaya sərf etməlidir? Bu Çinin ən yaxşı arzusu olardı. Nə qədər ki, ABŞ Ukraynada və İranda resurslarını sərf edir, Çin güclənməkdə davam edir. Belə çıxır ki, qlobalistlərin ABŞ-ı bütün qüvvəsi ilə Rusiyaya qarşı qoymaq cəhdi əbəsdir. Belədirsə, niyə onlar bu istəklərində təkid edirlər?

Ona görə ki, alternativləri yoxdur – əks halda öz gələcəklərinin üstündən qalın bir xətt çəkməlidirlər. Həm də bir az ümidləri var. Nəyə?

Bildiyiniz kimi, Avropa Rusiyaya həlledici zərbəni 2029-2030-cu ilə planlaşdırıb. Avropa 2029-cu ilədək silah-sursat istehsalını gücləndirməyi və modernləşdirməyi, ordu sayını artırmağı, hərbi logistikanı sinxronlaşdırmağı və təkmilləşdirməyi, antirus təbliğatını gücləndirməyi – bir sözlə, total müharibə hazırlığını tam bitirməyi planlaşdırır. O vaxta qədər isə Ukrayna Rusiya ilə döyüşməlidir (bunun üçün Avropa özü acından ölsə də Ukraynaya yardım edəcək) – bütün ukrainlər qırılsa da müharibə bitməməlidir ki, 2029-cu ilə Rusiya həm canlı qüvvə, həm də starteji obyektlərini itirməklə zəifləsin və total müharibəyə yaxşı hazırlaşa bilməsin.

Qlobalistlər çalışır və ümid edirlər ki, 2028-ci ildə ABŞ-da prezident seçkilərində demokrat namizəd qalib gələcək. Demokratlar isə qlobalist yönümlüdürlər. 2029-cu ilin 20 yanvarından yeni demokrat prezident fəaliyyətə başlayacaq. London, Bayden kimi, növbəti demokrat prezidenti də onun oyununu oynamağa məcbur edə biləcəyinə ümid edir. İmkan olsa, qlobalistlər elə həmin il də onu Rusiyaya qarşı müharibəyə qoşmaq istəyirlər. Dərhal qoşa bilməsələr, London ümid edir ki, uzağı bir il ərzində onun “saqqızını oğurlaya” biləcək. Bu səbəbdən Rusiya ilə müharibə etmək üçün 2029-2030-cu il təyin edilib.

Əlbəttə, bu Londonun ümididir. Amma artıq dünya başqadır – hətta demokrat ABŞ prezidentinin də Rusiya ilə müharibəyə girəcəyinə inanmıram. Çünki belə müharibə ABŞ-a çox baha başa gələr və Çini şəksiz dünya hegemonu edər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

‘The Atlantic’: Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr planlaşdırır

admin

Danışıqlarda son durum…

redaktor

Adolf Hitlerin Bavariya Alplarında yerləşən iqamətgahı yandırılıb

admin