Müqayisə üçün İsveçrəyə baxaq. Dünyanın ən bahalı şəhərlərindən Cenevrədə damların üzərində 10–18 metr uzunluğunda iri işıqlı yazıların hazırlanması və quraşdırılması bütövlükdə 20–30 min İsveçrə frankına təklif olunur. Söhbət İsveçrə maaşlarından, İsveçrə tikinti və təhlükəsizlik standartlarından və Cenevrənin son dərəcə yüksək xidmət qiymətlərindən gedir. Məsələn, İsveçrədə o işi görən fəhlə heç olmasa 15-16 min manat aylıq maaş alı. Azərbaycanda isə fəhləyə heç 1000 manat da vermirlər.
Laçındakı konstruksiya ilə Cenevrədəki konstruksiyaların texniki xüsusiyyətlərinin eyni olduğunu iddia etmirəm. Amma bir hərfə 100 min manat deyilirsə, cəmiyyətin iqtidarın yaxasından yapışmağa haqqı var.
Çünki Azərbaycan sosial problemlərini həll edib pulunu hara xərcləyəcəyini bilməyən ölkə deyil. Şəhid ailələrinin problemləri var. Qazilər müalicə və yaşayış qayğılarından danışırlar. Təhsil haqqını ödəyə bilməyən tələbələr, pensiyası dolanışığına çatmayan yaşlılar, normal qidalanmaqda çətinlik çəkən ailələr var.
Belə ölkədə bir hərfə 100 min manat xərclənməsi xəbəri abadlıqdan daha çox dövlətin prioritetləri haqqında danışır.
Azərbaycanın sərvəti vətəndaşın həyatından aşıb-daşsaydı, qoy bir hərfə bir milyon da xərcləsinlər. Amma insan ən elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkirsə, bu kimi nümayişkaranə dövlət xərcləri korrupsiyanın qudurğanlıq həddini belə arxada qoyduğunu göstərir.
Dünyanın ən bahalı ölkələrindən İsveçrədə fəhlə də, mühəndis də, texnika da, təhlükəsizlik də bahadır. Buna baxmayaraq, Cenevrədə bütöv 10–18 metrlik damüstü yazının hazırlanması və quraşdırılması üçün 20–30 min frank göstərilir.
Unutmayın, dövlətin pulu hökumətin pulu deyil.
Dövlətin pulu şəhid anasının da puludur.
Qazinin də puludur.
Tələbənin də puludur.
Pensiyaçının da puludur.
Ət almağa pulu çatmayan ailənin də puludur.
Azərbaycanda hansısa yaramaza bu pulu hədiyyə edincə, İsveçrə şirkətini dəvət edin. Gəlib o işi 60-70 min manata eləsin. Yerdə qalan 430-440 min manatı da kasıblara paylayın…
Eyni vəziyyət Qarabağda inşa edilən tikililərdə də müşahidə olunur. Bir misal deyim. Laçında tikilən evə hökumət 200-250 min manat silir. Halbuki bu qiymətə Bakının kəndlərində qəşəng bir villa almaq olar. Qarabağda tikilən evlərin xərci heç 80-90 min manat etmir. O qədər pulu basıb yeyirlər. Belə ölkədə xalq rifah içində yaşaya bilərmi?..
Yox, canım. Heç elə şey olar. Məmurumuz acından ölsün, xalq da kef eləsin…
