17 C
Bakı
27 Sentyabr 2026 11:03
DünyaSiyasət

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

Məlum olduğu kimi, BMT Baş Assambleyasının 81-ci iclasında İsrailin  Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsinə qarşı Türkiyənin sosial şəbəkə seqmentində kampaniya başlanıb. Ənənəvi olaraq yenə ölkəmizə, xalqımıza, ölkə rəhbərliyinə qarşı kin və nifrət qusulur, təhqiramiz ifadələr səslənir.

Mən bu hadisəni sadəcə bir neçə sosial media istifadəçisinin emosional reaksiyası kimi qiymətləndirmirəm. Çünki bu, ilk dəfə baş vermir. Eyni istiqamətdə Azərbaycana qarşı təzyiq, ittiham və yuxarıdan-aşağı münasibət nümayiş etdirən yanaşmalar tez-tez təkrarlanır.

Ümumiyyətlə, prinsipial bir məsələyə aydınlıq gətirmək lazımdır!

Azərbaycan Türkiyənin düşməni deyil. Azərbaycan Türkiyənin kiçik qardaşı da deyil. Azərbaycan Türkiyənin tabeliyində olan dövlət ümumiyyətlə deyil. Azərbaycan müstəqil, suveren və bərabərhüquqlu dövlətdir.

Türkiyə ilə Azərbaycan arasında tarixi, milli, mədəni və mənəvi bağlar son dərəcə güclüdür. Bu münasibətlərə “bir millət, iki dövlət” deyilməsi də təsadüfi deyil. Lakin “bir millət” anlayışı “bir dövlət” anlayışı demək deyil. Əksinə, iki dövlətin müstəqilliyinə, suverenliyinə və siyasi seçimlərinə hörmət edilməsi bu qardaşlığın əsas şərtidir.

Azərbaycanın Türkiyəyə qardaş deməsi öz dövlətçilik iradəsindən imtina etməsi demək deyil.

Türkiyənin də Azərbaycana qardaş deməsi Azərbaycandan öz siyasi qərarlarını Ankaranın siyasi mövqeyinə uyğunlaşdırmağı tələb etmək hüququ yaratmır.

Azərbaycan heç kimin vassalı deyil!

Bunu ona görə deyirəm ki, mən buradan baxanda Türkiyənin Azərbaycana yanaşmasını Osmanlı-Krım xanlığı münasibətinə bənzədirəm. Bəli, Krım xanlığı da türk idi, bəli, Osmanlı sultanından sonra ikinci şəxs idi. Hətta Krım xanı gələndə Osmanlı sultanı ayağa qalxar, “xoş gəldin, xan qardaş” deyər, top atəşi edilərdi. Amma bir reallıq var: Krım xanlığı Osmanlının vassalı idi.

Azərbaycan Krım xanlığı deyil. Türkiyə də Osmanlı imperiyası deyil.

Azərbaycan Türkiyənin yanında ola bilər, Türkiyəyə dəstək verə bilər, Türkiyənin ağrısını öz ağrısı hesab edə bilər. Amma bu, Azərbaycanın hər məsələdə Türkiyənin siyasi mövqeyini təkrarlamalı olduğu anlamına gəlmir.

Qardaşlıq itaət deyil. Müttəfiqlik tabeçilik deyil. Dostluq siyasi suverenlikdən imtina etmək deyil.

Ümumiyyətlə, tragikomik tərəf odur ki, İsrail ilə münasibətlərimiz Fələstindən🇵🇸 çox Türkiyəni narahat edir. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyini bildirib. Hətta Şərqi Qüdsün bu dövlətin paytaxtı olduğunu da deyib.

Azərbaycan hər il Fələstinə iqtisadi və humanitar yardım edən bir ölkədir. Azərbaycan BMT-də Fələstinin lehinə səs verən qətnamələri qəbul edən ölkədir. Azərbaycanın bu gün Fələstində nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycan bu qədər gördüyü işləri niyə Türkiyədə bilmirlər? Yaxud Türkiyə hakimiyyəti niyə bu kampaniyanın qarşısını almır?

Mən məsələni heç də bir qrup, qara güruhun işi kimi görmürəm. Çünki bu məsələ ilk deyil. Yəqin ki, sonda da olmayacaq. Bu kampaniyanın arxasında birbaşa AKP iqtidarı dayanır.

Təəssüf ki, AKP iqtidarı dönəmində Türkiyədə ciddi bir ideoloji zəhərlənmə yaşanır. Dünyəvi dövlət, “Yurdda sülh, cahanda sülh”, Atatürk əsasları öz yerini şəriətçi, neoosmanlıçı bir zehniyyətə buraxıb.

Gündən-günə ağırlaşan iqtisadi vəziyyət, daxildə artan qütbləşmə, PKK kimi terrorçu təşkilatla danışıqlar masasına əyləşən, hətta terrorçu başı Abdullah Öcalanı azadlığa buraxıb parlamentə gətirmək istəyən bir zehniyyətdən bəhs edirəm.

Türkiyə dövlət siyasəti çərçivəsində əslində Azərbaycan ilə dost və qardaşdır. Əslində, bunu dəyişəcəyini düşünmürəm. Amma ideoloji və mövcud iqtidarın səriştəsiz daxili siyasətini Azərbaycanı qaralamaqla pərdələmək cəhdi anlaşılandır.

Əlbəttə, Türkiyədə kifayət qədər mərd, Azərbaycanı sevən insanlar var. Biz bir qrup və bir zehniyyətə görə qardaşımızdan, qardaş dövlətimizdən imtina etməyəcəyik.

Amma onlar da səssiz olmamalıdır. Hökumətdən bu iyrənc kampaniyanın qarşısını almasını tələb etməlidirlər.

Hər halda görürük, hər gün məşhurlar, tanınmış şəxslər saxlanılır, “şafak” operasyonları edilir. Zəhmət çəkib bu kampaniyanı aradan götürsünlər.

Əgər istəyirlərsə…

 

Turan Rzayev
Tacxeber.com

Oxşar xəbərlər

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor

Dövlətin etdiyinə baxın!

redaktor