Müharibə ilə bağlı çox həqiqətləri vaxtı gələndə danışacağam. Sadəcə, indi bunun vaxtı-zamanı deyil.
Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq.
Müharibə təzə başa çatmışdı. Öz qəhrəman əsgərlərimiz, zabitlərimiz, generallarımız kənarda qaldı. Hətta ətrafımızda, yaxınlığımızda olan bəzi insanlar cahillikdən, məlumatsızlıqdan və ya başqa səbəblərdən bu müharibəyə aidiyyəti olmayan adamları qəhrəman etdilər.
Döyüş meydanında canını, qanını qoyan, yaralanan, illərlə orduda xidmət edən generallarımızı “xain” elan etdik. Müharibənin planlaşdırılmasından xəbəri olmayan, müharibəyə 1-2 gün qalmış ortaya çıxan bəzi şəxsləri isə “Qarabağın fatehi” və sair adlarla təqdim etdik.
Ən ağrılısı isə budur: öz qələbəmizi öz dilimizlə başqalarının adına yazdıq. Bəlkə paxıllıqdan, bəlkə eqoizmdən, bəlkə də özümüzünkülərə sahib çıxmaq bacarığımızın olmamasından…
Türkiyədə bu gün müxtəlif hadisələr və müzakirələr fonunda illərlə xalqa “Kurtlar vadisi”filmində xain kimi təqdim olunan bəzi insanların fəaliyyəti ilə bağlı yeni iddialar və yanaşmalar ortaya çıxır,məlum olur ki,əslində bu insanlar qəhrəman olublar.
Bu gün Türkiyə seqmentində sosial şəbəkələrdə Azərbaycana qarşı ciddi narazılıq müşahidə olunur. Bəziləri bir ağızdan yazırlar ki, “Qarabağı sizə biz alıb vermişik, Bəxtiyar paşanın rəhbərliyi ilə”.
Burada bir məsələni çox aydın demək lazımdır:
İkinci Qarabağ müharibəsində qardaş Türkiyə dövlətinin Azərbaycana verdiyi böyük dəstək danılmazdır. Həm siyasi, həm diplomatik, həm də hərbi sahədə Türkiyənin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıyıb. Bunu heç kim inkar edə bilməz.
Amma Azərbaycan əsgərinin, zabitinin, generalının haqqına da girmək olmaz!
Bu qələbənin memarı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələridir.
Azərbaycan əsgəri döyüşdü, Azərbaycan zabiti əməliyyatı idarə etdi, Azərbaycan generalı planlaşdırdı, Azərbaycan xalqının övladları şəhid oldu, yaralandı və ordumuz illərlə bu günə hazırlaşdı.
Qədim Çin hərbi strateqi və filosofu Sun Tzunun məşhur kəlamı var “Aşbazı min gün bəsləyərlər, bir gün istifadə etmək üçün. Ordunu yüz il bəsləyərlər, bir gün döyüşmək üçün.”
Azərbaycan Silahlı Qüvvələri, illər idi həll edici döyüş üçün komplektləşdirilib, mərhələli şəkildə hazırlaşırdı tarixi gün üçün.
Heç bir qardaş ölkənin dəstəyini kiçiltmədən, öz ordumuzun haqqını da başqasına verməməliyik.
Qələbə bizimdir və bu qələbənin tarixini də ilk növbədə özümüz düzgün yazmalıyıq.
Allah şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə can sağlığı versin.
Canlı şəhid kimi yaşayan veteranlarımız var olsunlar.
