29 C
Bakı
13 Avqust 2026 12:32
İdman

Bu gün “Qarabağ”ımız oynayır

Komanda çətin matça çıxır. İlk qarşılaşmadakı oyun özündən sonra birmənalı fikirlər söyləmək imkanı vermədi. Yalnız bir şeyi bilirik ki, bu rəqibi yenmək olar. Heç bir parametrdə bizdən üstün deyillər.

Artıq şablon səslənir, amma həqiqətən də rəqib öz adının kölgəsində qalıb. Normalda bu komanda ya birbaşa qruplardan, ya da elə mərhələlərdən başlayardı ki, qarşılaşma şansımız az olardı. İndi bizimlə eyni “qabdadırlar” və bu, onlardan çox bizim üçün eniş sayılır. “Qarabağ” buralarda olmamalıdır. “Qarabağ” cəmi 6 ay əvvəl ÇL-in pley-offunda oynayırdı, “Dinamo”nun isə bunu axırıncı nə vaxt etdiyi yadlarında deyil, ancaq sadiq azarkeşləri xatırlayarlar. Odur ki, favorit bizik, məğlubiyyət də məhz bizim üçün daha ağrılıdır.

Səfərdəki matçda edilə biləcək bütün səhvlər edildi: qapıçımız etibarlı oynamadı, müdafiədə kobud səhvlər buraxdıq, orta xətt, xüsusilə ön tərəfində səmərəsiz oldu, hücumda isə yalnız imkanları boşa verməklə məşğul olduq. Bir-iki oyunçunu çıxmaq şərtilə hər kəs pis oynadı, komanda şəklində məğlub olduq. Olan şeylərdir, hər kollektivin başına gələ bilər.

Amma bu gün fərqli olacaq. Oyunöncəsi mətbuat konfransında Qurban Qurbanov da inamlı danışdı, həm bizə, həm də yetirmələrinə qələbə mesajı ötürdü. “Qarabağ” yenidənqurma, yenilənmə mərhələsini keçir, daşlar yerinə oturmayıb, amma hazırkı durumuyla belə kiyevlilərdən güclüdür. Qalır bunu meydanda sübut etmək.

Hə, bir də bir şey. İlk matçdakı qələbədən sonra qarşı tərəfdə yaman həvəslənmə var. Mütəxəssisləri, keçmiş oyunçuları, azarkeşləri iddialı, hətta “göylə gedən” açıqlamalarını çoxaldıblar. Bəli, bu Kiyev “Dinamo”sudur, tarixi, əfsanəvi klubdur. Amma dəvədən böyük fil var.

Və bu gün həmin fil bizik.

Yerlərini bilsinlər. Biz də onlara bu yerlərini göstərək.

İrəli, “Qarabağ”!

 

Kənan Məstəliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yaşanmış insidentlə bağlı “Sabah” klubu bəyanat yayıb

admin

“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

admin

“Sabah” “Orhus”a qarşı

admin