2013-cü ildə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin də, İsa Qəmbərin rəhbərlik etdiyi Müsavatın da Milli Məclisdə bircə deputatı yox idi. Mənim qənaətim budur ki, İlham Əliyev bu iki siyasətçiyə bir deputat mandatını belə çox görürdü. Belə olan halda onlar nəyə inanmalı idilər? Parlamentin qapısını üzlərinə bağlayan hakimiyyət prezident seçkisində məğlub olsa, ölkəni onlara təhvil verəcəkdi? Həmin seçkini müşahidə edən ATƏT də namizədlərin qeyri-bərabər şəraitdə yarışdığını, səslərin sayılmasında ciddi pozuntulara yol verildiyini yazırdı.
Məncə, Azərbaycan müxalifətinin niyə Moskvaya üz tutduğunun cavabı elə buradadır. Seçki yolu bağlanmışdı. Qərb seçkini tənqid edir, Bakı ilə əməkdaşlığını da davam etdirirdi. Müxalifət də məhz buna görə çıxış yolunu Rusiyadakı nüfuzlu azərbaycanlıların dəstəyində gördü. İllərlə Azərbaycanın siyasi taleyini Moskvanın təsirindən çıxarmaq istəyən adamlar bu dəfə öz siyasi talelərini Moskvadakı əlaqələrə bağladılar. Mən bunu öz prinsiplərinə xəyanət sayıram. Onları bu seçimə aparan səbəbi başa düşürəm. Verdikləri qərara görə məsuliyyət də özlərinindir.
O qərarın altında bir nəfərin siyasi imzası yox idi. Milli Şuranın yaradılması üçün aparılan danışıqlarda AXCP-dən Əli Kərimli, Müsavatdan İsa Qəmbər, EL Hərəkatından Eldar Namazov, Liberal Partiyadan Əvəz Temirxan, Açıq Cəmiyyət Partiyasından Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasından Bəybala Əbil iştirak edirdilər. Lalə Şövkət, Rəsul Quliyev və Mirmahmud Mirəlioğlu da müzakirələrə qoşulmuşdular. Milli Şura iyulun 2-də Rusiyadakı “Milyarderlər ittifaqı”nın yaradıcılarından olan Rüstəm İbrahimbəyovu ikiillik keçid dövrü üçün vahid namizəd seçdi. Həmin ittifaqda Azərbaycanın keçmiş baş nazir müavini Abbas Abbasovun, iş adamları Vahid Ələkbərovun, Araz Ağalarovun, Telman İsmayılovun, İsgəndər Xəlilovun və Rüstəm İbrahimbəyovun adı çəkilirdi. Araz Ağalarov o vaxt İlham Əliyevin qudası idi. Onun oğlu Emin prezidentin qızı Leyla Əliyeva ilə evli idi.
Bəs kollektiv qərarın bütün siyasi yükünü on üç il sonra Əli Kərimlinin üstünə qoymaq hansı ədalətə sığır? Kərimli 2025-ci ilin noyabrında saxlanılıb, indi Məmməd İbrahimlə birlikdə mühakimə olunur. Hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər barədə ittihamı rədd edir. Əgər hakimiyyət Milli Şuranın seçimini cinayət hesab edirsə, onda izah etsin: niyə həmin qərarı verən digər partiyaların rəhbərləri müttəhimlər kürsüsündə deyillər?
Plutarxın nəqlinə görə, Anaxarsis qanunları hörümçək toruna bənzədirdi: zəif tora ilişib məhv olur, güclü isə toru yarıb keçir. Məncə, Azərbaycan qanunlarının iqtidarın əlində necə təzyiq vasitəsinə çevrildiyini bu bənzətmədən yaxşı ifadə etmək çətindir. Əli Kərimli bu gün dövlət qarşısında cavab verir. Bəs vətəndaşın öz hakimiyyətini azad seçki ilə dəyişmək imkanını əlindən alanlar kimin qarşısında cavab verirlər? Mən bu məhkəmədə İlham Əliyevin əlinə düşən fürsətdən istifadə edib Əli Kərimlinin timsalında təşkilatlanmış müxalifəti sıradan çıxarmaq cəhdini görürəm.
Sabah qüvvələr nisbəti dəyişsə, mən qisasın istiqamətinin də dəyişəcəyindən qorxuram. Əli Kərimli prezident olsa, İlham Əliyevin özündən tutmuş ailə üzvlərinə qədər hamının qisas hədəfinə çevrilməyəcəyinə hansı təminat var? Ölkəmizin biabırçı siyasi reallığı budur ki, hakimiyyəti itirən adam təkcə vəzifəsini deyil, öz azadlığını və ailəsinin təhlükəsizliyini də düşünməli olur.
Mən siyasi konsensus deyəndə məhz buradan başlamağı nəzərdə tuturam. İqtidar rəqibinin deputat seçilmək, prezidentliyə namizəd olmaq və qalib gəlmək haqqını tanısın. Müxalifət də açıq desin ki, sabah hakimiyyətə gəlsə, bugünkü rəqibinin ailəsindən qisas almayacaq. Hər kəs yalnız öz əməlinə görə müstəqil məhkəmə qarşısında cavab versin. İlk addımı atmaq məsuliyyəti İlham Əliyevin üzərinə düşür. Çünki bu gün həm dövlətin gücü, həm də dialoqu başlatmaq imkanı onun əlindədir…
Bir daha xatırladım ki, Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. Mən Əli Kərimli də daxil bütün siyasi məhbusların azad olunmasını istəyirəm. Siyasətlə həbsxanada yox, parlamentdə məşğul olurlar…
