Sosial şəbəkələrin gündəmində Əli Kərimlinin məhkəməsi aparıcı mövzulardan biridir. İstintaq materialları ilə tanış deyiləm.İttihamın nə qədər əsaslı və ya əsassız olması barədə fikir söyləməyə çətinlik çəkirəm.
Milli Şurası barədə dəfələrlə fikir bildirmiş, onun Rusiya projesi olmasına şübhə etmədiyini yazmışam. Rüstəm İbrahimbəyov kimi iradəsiz birisinin Rusiya xüsusi xidmət orqanlarının xeyir duası olmadan belə bir lahiyə müəllifi olacağına, xarici ölkə vətəndaşı ola-ola Azərbaycan prezidentliyinə namizəd ola bilməyəcəyinə dair qəti fikir də söyləmişəm. Milli Şuranın İsa Qəmbərə qarşı formalaşdırıldığını da bildirmişəm.
Yadınızdadırsa Cəmil Həsənlinin namizədliyi irəli sürülən ərəfələrdə İsa Qəmbər təxminən belə bir fikir söyləmişdi “Milli Şuranı Rusiya yönümlülükdən Avropa yönümlülüyə döndərdik” İsa bəyin fikri doğru, həqiqəti göstərən bir fikir idisə də Milli Şurada bir çoxları hələ də əsas missiyasını-müxalifətin birləşməsini əngəlləməyə davam edirdi. Hər ilkin fürsətdə Müsavat Partiyası, onun rəhbərliyində təmsil olunan şəxslər qaralanır, təhqirlərə məruz qalırdı. Təbii ki, İsa bəy, Arif bəy və müsavatçılar görünməmiş səbr, təmkin nümayiş etdirirdilər.
Hətta mənim ünvanıma dəfələrlə təhqiramiz ifadələr səsləndirilmişdir. Bir çox hallarda siyasi etika çərçivəsində cavab yazmış, bəzi hallarda cəbhəçi dostlarımın, onlara yaxın şəxslərin xahişlərini nəzərə almışdım. Bu istintaq zamanı isə məlum oldu ki, mənə hücum edənlərdən birinin məhz hakimiyyətin ən yüksək səviyyədə dəstəyi ilə hansı yüksək maddi şəraiti var imiş.
Nə isə şeytana lənət.
Xeyli müddət əvvəl İlham Əliyev Əli Kərimliyə xitabən hakimiyyətlə danışıb müsavatçıların yerində parlamentdə əyləşdin dedi. Əli Kərimli isə doğru demirsiniz fikrini işlətmədi. Sadəcə dövlət rəhbərinə belə hərəkət yaraşmaz dedi. Mən həmin vaxt cəbhəçi dostuma Əli Kərimlini tutacaq və real cəza verəcəklər dedim. Hiss etdim ki, fikrimi qəbul etmədi və əminliklə dedi ki, ona heç kim toxunmayacaq. Bildirdim ki, İlham Əliyevin xarakterinə bələd olmaq lazımdır. O bu faktı təsadüfi işlətmədi O Əli bəyi siyasətdən silmək xətti götürəcək.
Bu fikri əvvəl də yaza bilərdim. Amma istəmədim. Düzgün qəbul etməyəcəklərini, kompaniyaya başlayacaqlarını bilirdim. Və istəmədim ki, məni müxalifətin arasına gərginlik salmaqda ittiham etsinlər.
İndi illər öncə dediyim fikri Əli Kərimli özü səsləndirdi. İlham Əliyev məni siyasətdən silmək istəyir deyir. Çox gec gəlib bu nəticəyə Əli Kərimli. Təəssüf.
Ramiz Mehtiyev barəsində cinayət işi başlayanda fikrimi yazmışdım.
AXCP-ni tora saldılar. Ramiz Mehtiyevin barəsində ittiham hökmü çıxarmaqla onunla əlbirlikdə ittiham olunan Əli Kərimlinin də taleyini məhkəmə hökmü ilə həll etdilər.
Ramiz Mehtiyevin verdiyi apellyasiya şikayəti təmin olunmayacaq. Ramiz Mehtiyev barəsində toplanmış sübutlar Apellyasiya Məhkəməsinin də qərarı ilə (bu həm də Əli Kərimli barədə toplanmış sübutlardır) mötəbər hesab ediləcək, hökm əsaslı sayılacaq.
Hələ də oyunu dərk etmək istəmirlər. Rusiya Milli Şura oyunu ilə Azərbaycan müxalifətini bir zərbə ilə siyasi səhnədən silməyi planlaşdırmışdı.
Ömür vəfa etməzsə bu Ramiz Mehtiyevin Rusiya qarşısında son xidmətidir.
Müsavat Partiyası ilk gündən bu oyunu tutmuşdu.
İsa Qəmbəri aldatmaq çox çətindir.
Müsavat Partiyası Milli Şuraya daxil olmağı dəfələrlə müzakirə etdi. Milli Şuranı tərk edəndə də səbəblər göstərilmişdi.
Hamıya keçmiş olsun.
