31.6 C
Bakı
13 Avqust 2026 14:55
DünyaSiyasət

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

Bir çoxları ABŞ-ın İranı ram etmək istəyini İsrailin qızışdırması ilə baş verdiyini düşünür.

Bəri başdan deyim ki, mənim İsraili müdafiə etmək niyyətim yoxdur. Əksinə, hesab edirəm ki, İsrailin Fələstində və Yaxın Şərqdə törətdiyi qətliamlar soyqırımdır və ən ağır tənqidə layiqdir. Bununla belə, ABŞ-ın İrana hücumu və onun bütün strateji infrastrukturunu məhv etməsi İsrailin sifarişindən qaynaqlanmır. Bu, ABŞ-ın İsrail mövcud olmamışdan əvvəl yürütdüyü dünya hegemonluğu uğrunda mübarizəsinin davamıdır və qlobal enerji mənbələri üzərində nəzarət strategiyasına xidmət edir. Fars körfəzini nəzarət altına almaq hələ II Dünya müharibəsi bitməmişdən əvvəl ABŞ-ın ən önəmli hədəflərindən biri olmuşdur. Onun qlobal enerji ehtiyatlarına nəzarət strategiyasının bir ayağı İran, digər ayağı isə Səudiyyə Ərəbistanı idi. İki müsəlman ölkəsi arasında məzhəb müharibələrini qızışdırmaqla ABŞ hər ikisini özündən asılı vəziyyətdə, bir növ boyunduruq altında saxlayırdı.

Körfəz ölkələrinə nəzarət siyasəti ilk dəfə ABŞ-ın 32-ci prezidenti Franklin D. Ruzveltin 12 il sürən hakimiyyəti (1933–1945) dövründə dilə gətirilmişdi. Ruzvelt 16 fevral 1943-cü ildə xalqa səsləniş nitqində Səudiyyə Ərəbistanını qorumağı ABŞ-ın başlıca prioritetlərindən biri adlandıraraq demişdi: “Səudiyyə Ərəbistanının müdafiəsi ABŞ üçün çox vacibdir”. Və o zaman hələ İsrail adlı bir dövlət qurulmamışdı.

ABŞ-ın 33-cü prezidenti Harri Trumanın da siyasi gündəliyində Körfəz məsələsi mühüm yer tuturdu. Trumanın 1950-ci ildə Səudiyyə kralına göndərdiyi məktubda bildirilirdi: “Amerika Birləşmiş Ştatları Səudiyyə Ərəbistanının müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasından dərin narahatdır. Krallığınıza qarşı hər hansı bir təhdid bizim yaxın maraq dairəmizdən kənarda qalmayacaq”.

Truman 1947-ci ildə Konqresdə verdiyi hesabat zamanı özünün doktrinasını elan etmiş, SSRİ-nin Türkiyə və Yunanıstana yayılma siyasətinə qarşı çıxmış, proseslərin Yaxın Şərqə sıçraya biləcəyindən əndişələndiyini bildirmişdi. Birbaşa Yaxın Şərqlə əlaqəsi olmamasına baxmayaraq, Harri Trampın bu əndişəsi ondan sonra gələn bütün prezidentlərin də təhlükəsizlik strategiyasının əsas prioritetinə çevrilmişdi. Eyzenhauer, Nikson, Karter Doktrinalarının məhz Truman doktrinasından ilham aldığı bildirilir.

Eyzenhauer Doktrinasında açıq-aşkar vurğulanırdı ki, ABŞ-Yaxın Şərqdəki müttəfiqlərini Sovet təhlükəsindən qorumaq üçün lazım gələrsə, bölgəyə qoşun göndərə bilər. Nikson Doktrinası (25 iyul 1969-cu il) eyni şəkildə müttəfiqlərini İran və Səudiyyə Ərəbistanına hərbi yardım göstərməyə çağırır, bununla da bölgədə sülhü qorumağa imkan verməyi və bölgədəki güc balansının Sovet tərəfindən dəstəklənən ölkələrin xeyrinə dəyişməsinin qarşısını almağı hədəfləyirdi. 23 yanvar 1980-ci ildə elan edilən Karter doktrinası da İran İnqilabı və Əfqanıstanın işğalı kimi hadisələri ABŞ-ın regiondakı maraqları üçün təhlükə kimi qiymətləndirir, regionu qorumaq üçün hərəkətə keçməyin və lazım gələrsə hərbi müdaxilə etməyə hazır olmağın lüzumuna toxunurdu.

Karter 23 iyul 1980-ci ildə Konqresə və Nümayəndələr Palatasına etdiyi müraciətdə aşağıdakı arqumentləri irəli sürürdü:

“Əfqanıstandakı Sovet hərbi mövcudluğu böyük strateji əhəmiyyətə malik bir bölgə üçün ciddi təhlükə yaradır: Dünyadakı ixrac edilə bilən neftin üçdə ikisi orada yerləşir. Sovet İttifaqının Əfqanıstanı ələ keçirmək səyləri Sovet hərbi qüvvələrini Hind okeanından 300 mil məsafəyə gətirdi və bununla da dünyanın neft ehtiyaclarının daşındığı həyati əhəmiyyətli bir su yolu olan Hörmüz boğazına rusların müdaxilə etməsi imkanı formalaşdı. Sovet İttifaqının oradakı hərbi qüvvələrini birləşdirmək səyləri Yaxın Şərqin neft ticarəti üçün çox ciddi təhlükə yaradır.

Mövcud vəziyyəti qəzəbə qapılmadan, yalnız qısamüddətli nəticələrini deyil, həm də illər sonra da yarada biləcəyi təsirləri nəzərə alaraq problemləri hərtərəfli və düşüncəli şəkildə çözməli və qəti bir həll yolu tapmalıyıq. Fars körfəzi və Cənub-Şərqi Asiyaya təhlükəni aradan qaldırmaq üçün birgə səy göstərməliyik. Bu, yalnız bizim məsələmiz deyil. Yaxın Şərqdən neftə ehtiyacı olan və dünyada sülh və sabitlik istəyən hər bir ölkə səylərimizi dəstəkləməlidir. Bu, həmçinin təhdid altında olan ölkələrlə sıx əməkdaşlıq və məsləhətləşmələr tələb edir. Belə bir vəziyyətlə qarşılaşmamaq üçün millətimizin dəstəyi, diplomatik və siyasi düşüncə, iqtisadi fədakarlıq və əlbəttə ki, hərbi imkanlar tələb olunur. Bu həyati əhəmiyyətli bölgənin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni etməliyik. Mövqeyimizi aydınlaşdıraq deyirəm: Fars körfəzinə nəzarəti ələ keçirmək üçün edilən hər hansı bir xarici müdaxiləni ABŞ-ın həyati maraqlarına təhdid kimi qəbul edəcəyik və bunun qarşısını almaq üçün hərbi güc tətbiqi də daxil olmaqla bütün zəruri tədbirləri görəcəyik”.

ABŞ-ın indiki prezidenti Donald Trampın ötən ilin sonlarında bəyan olunan “Milli Təhlükəsizlik Strategiyası-2025” doktrinasında da Yaxın Şərq məsələsi başlıca prioritet kimi yer almışdır. Cənub yarımkürəni öz stratei hədəfləri arasından çıxaran Tramp hakimiyyəti bu yarımkürədə diqqət mərkəzində saxlamağı planlaşdırdığı yeganə yer vardı – Yaxın Şərq və Hörmüz boğazı. Sənəddə deyilirdi:

“Amerika həmişə Körfəz enerji təchizatının açıq düşmənin əlinə keçməməsini, Hörmüz boğazının açıq qalmasını, Qırmızı dənizin gəmiçilik üçün yararlı qalmasını, regionun Amerika maraqlarına və ya Amerika vətəninə qarşı terrorun inkubatoru və ya ixracatçısı olmamasını və İsrailin təhlükəsiz qalmasını təmin etməyi əsas maraqları kimi qiymətləndirir”.

Bütün bu faktlar sübut edir ki, ABŞ 1943-cü ildən indiyədək hazırladığı bütün strategiya və doktrinalarında Yaxın Şərqi və Hörmüz boğazını özünün əsas prioritet məsələsi kimi qəbul edib və bütün siyasətlərini də bu istiqamətdə aparır. Odur ki, ABŞ-ın asanlıqla İranın yaxasından əl çəkəsini gözləmək inandırıcı deyil.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Paris-18 mart 1314 cümə günü…

redaktor

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor