Qardaş Türkiyə cəmiyyətindəki bəzi dairələrin İsrail üzərindən apardıqları anti-Azərbaycan kampaniyası davam edir. Şükürlər olsun ki, Türkiyə siyasi rəhbərliyinin 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycana ünvanladığı dostluq və qardaşlıq mesajları bu narahatlıqları böyük ölçüdə aradan qaldırır. Bununla belə, sözügedən dairələrin Azərbaycanın İsraillə münasibətləri və SOCAR-ın ticarət əlaqələri ilə bağlı apardıqları, bəzən sərhədləri aşan kampaniyasına bəzi faktları xatırlatmaq zəruridir. Çünki ölkələr arasında real iqtisadi-siyasi maraqları sərhədləmək və geosiyasi reallıqları görmədən birtərəfli ittihamlar irəli sürmək doğru deyil.
Ankaranın 2024-cü ilin may ayında İsraillə bütün idxal-ixrac əməliyyatlarını tam dayandırdığını elan etməsindən əvvəlki dövrə baxdıqda, ticarətin miqyası aydın görünür:
2021–2022-ci illər: İki ölkə arasında ticarət dövriyyəsi rekord vuraraq 8,3 milyard dollara çatıb.
2023-cü il: Müharibədən əvvəlki son tam ildə ticarət həcmi təxminən 6,8 milyard dollar təşkil edib. İsrailin tikinti sektorunda istifadə olunan sementin yarıdan çoxu, dəmir-poladın isə 20%-ə yaxını birbaşa Türkiyədən gedib.
İsrail üçün Türkiyə ucuz xammal, tikinti materialları və istehlak malları baxımından ən əsas və yaxın tədarükçü tərəfdaşlardan biri olub.
Rəsmi olaraq elan edilən embarqoya baxmayaraq, beynəlxalq ticarət statistikaları və İsrail Mərkəzi Statistika Bürosunun məlumatları tam başqa mənzərə ortaya qoyur:
Ticarət qadağasına rəğmən, Türkiyə 2024-cü ildə təxminən 2,86 milyard dollarlıq ixracat həcmi ilə İsrailin ən böyük 5-ci tədarükçüsü mövqeyini qoruyub.
İsrailin rəsmi hesabatlarına görə, 2025-ci ildə də Türkiyədən 924 milyon dollar dəyərində məhsul idxal edilib.
Rəsmi qadağadan sonra ticarət dayanmayıb, sadəcə marşrutunu və sənədləşmə formasını dəyişib:. Belə ki, Türkiyə limanlarından çıxan gəmilər əvvəlcə Yunanıstan, Kipr və ya Bolqarıstan kimi ölkələrə rəsmiləşdirilir, oradan isə təyinat nöqtəsi İsrailə yönəldilir.
Türkiyədən Fələstin Muxtariyyəti adına rəsmiləşdirilən ixracat qısa müddətdə kəskin şəkildə artıb. Lakin Fələstinin müstəqil limanı olmadığı üçün bu mallar birbaşa İsrailin Hayfa və Aşdod limanlarına daxil olur. Türkiyə fabriklərində istehsal olunan məhsulların üzərində birbaşa ivrit dilində etiketlərin yer alması davam edir. Bu isə həmin məhsulların məhz İsrail daxili bazarı üçün istehsal edildiyinin aydın göstəricisidir.
Geosiyasi gərginliklər və rəsmi siyasi bəyanatlar fonunda belə, regional ticarət zəncirləri və biznes maraqları fərqli kanallarla öz varlığını saxlamağa uyğunlaşır. Başqalarını günahlandırmazdan əvvəl real iqtisadi zəncirlərin və geoiqtisadi reallıqların necə işlədiyini nəzərə almaq lazımdır.
