31 C
Bakı
13 Avqust 2026 17:20
DünyaTarix

Təəssüf ki, almanların törətdikləri bu kütləvi qətllərdə azərbaycanlılar da iştirak etdilər

5-12 avqust 1944-cü il, almanların Varşavanın Vola rayonunda törətdikləri kütləvi qətllər nəticəsində on minlərlə dinc sakin öldürülür. Bu hadisələrdə almanlar tərəfdə döyüşən ruslardan ibarət RONA (Rusiya Xalq Azadlıq Ordusu) hissələri və təəssüf ki, Azərbaycan legionunun iki taboru iştirak edib.

1944-cü ilin yanvarın 4-də sovet ordusunun köhnə Polşa sərhədlərini keçməsi ilə polyakların gizli fəaliyyət göstərən “Armia Krajowa” (Vətən ordusu) təşkilatı “Tufan” əməliyyatına başladı. Əməliyyat müəyyən ərazilərdə üsyan qaldırmağa və bunun nəticəsində döyüşən müttəfiq qüvvə statusu əldə etməyə yönəlmişdi. Bu zaman sovet ordusu ilə müəyyən taktiki əməkdaşlıq da nəzərdə tutulurdu.

Avqustun 1-də başlayan Varşava üsyanı “Tufan” əməlliyyatının ən mühüm hissəsi idi. İlk günlər polyaklar Varşavanın Vislanın sol sahilində yerləşən ərazilərinin çoxuna nəzarəti ələ keçirdilər.

20 iyulda Ştauffenberqin qəsdindən sonra ordu zabitlərinə etibar etməyən Adolf Hitler Varşava üsyanının yatırılmasını SS oberqruppenfüreri Bax-Zelevskiyə tapşırdı. SS reyxsfüreri Henrix Himmler Varşavanı yerlə bir etməyi, bütün əhalisini qırmağı əmr etdi.

Vola rayonunda əvvəllər də əsir üsyançılarla yanaşı dinc sakinlərin güllələnməsi baş vermişdi, amma əsasən kişilərə qarşı. Avqustun 5-də qətllər yaşa, cinsə baxmadan sistematik şəkil aldı. Üstəlik, işgəncələr və zorlamalar baş verdi. Üsyançıların mövqelərinə hücum zamanı dinc əhalidən qalxan kimi istifadə olunurdu.

Bu zaman Oskar Dirlevangerin SS qüvvələri və Bronislav Kaminskinin rus qüvvələri xüsusilə fərqləndilər. Hadisələrdə qafqazlılardan ibarət Berqman qrupunun azərbaycanlılardan ibarət ikinci taboru və “Dönməz” taboru iştirak edirdi.

Ən çox qətllər avqustun 5-də baş verdi. Həmin günün ikinci yarısında Varşavaya gələn Bax-Zelevski qadın və uşaqların öldürülməsini qadağan etdi (amma bu qadağaya sonrakı günlər də ciddi əməl olunmurdu). Onlar vaqon təmiri zavodunun həyətində yaradılan köçürmə düşərgəsinə göndərilməli idilər. Kişiləri isə – üsyançı olub-olmamasından asılı olmayaraq – öldürmək olardı.

Avqustun 8-də qətllər azaldı. Amma yalnız avqustun 12-də Bax-Zelevski üsyanda iştirak etməyən şəxsləri öldürməyi qadağan etdi və “Vola qətliamı” adını alan qırğınlar dayandı. Bir həftə ərzində öldürülənlərin sayı barədə yekdil fikir yoxdur: müxtəlif mənbələrdə 30 mindən 65 minə qədər rəqəm göstərilir.

Almanlar dinc əhaliyə qarşı vəhşiliklə üsyançıların gözünü qorxutmağa və üsyanı yatırmağa ümid edirdilər. Amma əsasən yüngül atıcı silahlara malik üsyançıların müqaviməti oktyabrın 2-nə qədər çəkdi. Nəticələr dəhşətli oldu. 15 mindən çox üsyançı, 150-200 min dinc sakin öldü, 700 min əhali şəhərdən qovuldu. Varşava adamsız şəhərə çevrildi.

Vislanın sağ sahilində yerləşən sovet qoşunlarının çayı adlayıb üsyançıların köməyinə gəlməməsi tarixçilər arasında mübahisə mövzusudur. Bəziləri deyir ki, qəsdən kömək edilmədi, çünki üsyançılar Polşa mühacir hökumətinin tərəfdarları idi, Stalin isə polyak kommunistlərini hakimiyyətə gətirmək istəyirdi. Başqaları deyirlər ki, uğurlu Baqration əməliyyatı nəticəsində Qərbə doğru xeyli irəliləyən Qırmızı ordu taqətdən düşmüşdü və toparlanması üçün pauzaya ehtiyacı vardı. Məncə, hər iki versiya doğrudur.

 

Mənbə: Tarixçi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Şuşanın qeyri adı bulağı

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor