Real və virtual aləmlərin yaşamaq uğurunda mübarizəsi də hərənin mahiyyətinə uyğundur.
Rəşad Məcid qloballaşmanın, virtual aləmin real həyatla, kitabla, əsl mətnlərlə toqquşmasını, insanların virtual aləmdəki yalançıq, populist çıxışları, “həkimlikləri”, ” alimlikləri” ilə ziddiyyətindən əsaslı izahlarla danışır, Zaur da ümumi formada, izahsız deyir “geridə qalmısan”.
Tanınmış aparıcı Zaur Baxşəliyev Mətbuat Şurasının sədri Rəşad Məcidin fikirlərinə “Qafqazinfo”nun instaqram səhifəsində belə şərh yazaraq münasibət bildirir:
“Bu nə yanaşmadır, bu nə düşüncədir? Bu da ziyalımız?! Dünya süni intellektin təkmilləşmə fonunda az qala insan əməyindən imtina edir. Biz hələ tiktokun əxlaqımıza təsirində qalmışıq?! Relax. Başqalarının həyatına az girin! İmkan, bir az imkan, lütfən!”
Rəşad Məcidin yazısı:
“Beyin çürüməsi”
Son vaxtlaracan 85 yaşlı anam hər ay 3 kitab oxuyurdu. Sonra qardaşım onun telefonuna TikTok proqramı yüklədi. İndi anam 3 aya bir kitab oxuyur.
Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə TikTok-un videolarına baxır. Suallar da verir. Deyirəm, ana, qulaq asma, danışdıqları yalandır, saxtadır. Amma görürəm, yox, mənə şübhə ilə yanaşır.
Bir-iki dəfə anamdan telefonu alıb TikTok-un videolarına mən də baxmışam. Tam bir bayağılıq – primitiv məlumatlar, düşük zarafatlar, şit lağlağılar…
İndi biz bu bayağılığa, primitivliyə məğlubmu olacağıq?
Türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırır. Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır – nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür!
Bəs neyləməli?
Dövrün vəbasına çevrilən bu tendensiyaya məğlubmu olmalı, onunla barışmalımı? Kitabın, qəzetin, mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə, seçim azadlığının yırtıcı alqoritmlərin əsirinə çevrilməsinə seyrçimi qalmalı?
Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?
P.s. Təssüf ki, virtual aləm reallığa, Rəşad da Zaura uduzur və uduzacaq.
Bu tarixin təkəridir ki, bu yerə gedir.
