Polşada hakimiyyət böhranının növbəti “extremumu” yaxınlaşır. Böhranın yaranması və səbəbləri haqda buradan oxuya bilərsiniz: https://www.facebook.com/asif.shafaggatov.3/posts/4543321479317261
Yaranmış böhranla əlaqədar 3 noyabrda prezident Karol Navrotski Milli Təhlükəsizlik Şurasının iclasını keçirtdi. İclasın mətbuata açıq olan başlanğıc hissəsində prezident baş nazirin addımlarını kəskin tənqid edərək, vəziyyəti “görünməmiş konstitusiya böhranı” adlandırdı. O, baş nazir Donald Tuskun Konstitusiya Məhkəməsinin (KT) rəhbərliyini qanunsuz şəkildə əvəzləməyə çalışdığını bildirərək, hökumətdən ölkənin Müstəqillik Günü bayramı (11 noyabr) başlayanadək məhkəmə binasındakı “qanunsuz fəaliyyətlərə” və səlahiyyət həddini aşma hallarına son qoymağı tələb etdi.
Prezidenti müdafiə edən müxalifətçi “Hüquq və Ədalət” (PiS) partiyasının liderləri (məsələn, Mariuş Blaşak və Mateuş Moravetski) və bəzi digər müxalif siyasətçilər isə baş nazirin istefa verməsini tələb etdilər.
Beləliklə, prezidentin baş nazirə ultimatumunun müddəti sabah başa çatır.
Lakin hələlik baş nazir KT-nin əvvəlki rəhbərliyinin iş yerinə qayıtmasına imkan vermir və özünü yeni sədr elan etmiş hakimi müdafiə edir. Tuskun göstərişi ilə polislər KT binasını mühafizəyə götürüblər.
Bəs ultimatum yerinə yetirilməzsə, nə baş verə bilər?
Aydındır ki, prezidentin arxalandığı güc olmasaydı, baş nazirə belə sərt ultimatum verməzdi (çünki onu təmin edə bilməsə, sifətini itirəcək). Həm də o, ultimatumu “konstitusiya çevrilişinin” baş verdiyi 30 oktyabrda yox, 4 gün sonra elan etmişdi. Yəqin ki, bu vaxtadək güc strukturlarının mövqeyini öyrənib və onu dəstəkləyəcələrinə arxayın olub.
İndiyədək heç bir güc strukturunun rəhbərliyi böhrana dair münasibətini bildirməyib. Onların yeganə rəsmi mövqeyi öz andlarına – “Polşa Respublikasının konstitusiyasına və qanunlarına xidmət etmək” prinsipinə əsaslanır. Lakin problem ondadır ki, ölkədə “hansı qanunun və hansı məhkəmə qərarının qanuni olduğu” barədə prezident ilə baş nazir fərqli şərhlər verirlər. Belə vəziyyətdə güc strukturlarının rəhbərləri kimin şərhini qəbul etmək barədə şəxsi seçim etməlidirlər.
Bu müddət ərzində baş verən hadisələr deməyə əsas verir ki, ordu əsasən prezidentin tərəfindədir. Nəzərə almaq lazımdır ki, Konstitusiyaya görə, prezident Silahlı Qüvvələrin ali baş komandanıdır. O, Baş Qərargah rəisini və qoşun növlərinin komandanlarını təyin və azad edir. Lakin prezident bu səlahiyyətlərini sülh dövründə baş nazirə tabe olan müdafiə naziri vasitəsilə həyata keçirir. Polis və təhlükəsizlik qüvvələri isə baş naziri dəstəkləyir – bunu KT-nin köhnə hakimlərinin baş nazirin göstərişi ilə indiyədək polis tərəfindən iş yerlərinə buraxılmamasından açıq görmək olur.
Keçən yazımda qeyd etdiyim kimi, Aİ Tusku müdafiə edir. Ordu Navrotskini açıq müdafiə edərsə, polis və təhlükəsizlik qüvvələri ona qarşı dayana bilməzlər. Yəqin ki, bunu nəzərə alaraq, Aİ “İstəklilər koalisiyası”nın hərbi təlimini Polşada keçirmək qərarına gəldi. Bu tədbir Tuska dəstək ola biləcək xarici qoşunların Polşaya yeridilməsinə legitim əsas verir.
Təlimin rəsmi məqsədi Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək, hava məkanını qorumaq, minalardan təmizləmə aparmaq və USQ-ni yenidən bərpa etmək üçün yaradılan Çoxmillətli Qüvvələrin (MNF-U) birgə hazırlığını və koordinasiyasını sınaqdan keçirməkdir. Təlim 9 noyabrdan 22 noyabradək davam edəcək. Təlimdə 11 ölkədən ~2800 xarici hərbçi (o cümlədən 1100 fransız, 300 britaniyalı; nədənsə almanların sayı haqda hökumət məlumat vermir) iştirak edəcək. Polşadan təlimlərə 2000-dək hərbçi qatılmalıdır. ABŞ bu təlimlərdə iştirak etmir.
Göründüyü kimi, Polşada vəziyyət çox gərgindir. Bir ehtiyatsızlıq vəziyyəti silahlı toqquşmalara apara bilər.
