Ötən əsrin 30-cu illərində 15 illik türk – sovet dostluğunda artıq sərinləşmə yaranmışdı. Stalin 1934-cü ilin iyun ayının 29-da erməni Lev Karaxanı Türkiyəyə səfir təyin etməklə türkləri aşağılamışdı. Ankara bunun fərqində idi. 1936-cı ilin yayında Boğazlarla bağlı Möntryö müzakirələrində Türkiyə Lozannada itirdiklərin geri qaytarmaq üçün Qərb ölkələri ilə əməkdaşlığa üstünlük verirdi. Karaxana gizli təlimat verilmişdi ki, Türkiyəni Qərblə əməkdaçlıqdan çəkindirsin. Sovet diplomatiyasının ciddi cəhdlərinə baxmayaraq Ankaranı bu yoldan geri döndərmək olmadı.
1936-cı ilin iyun ayının 22-də işə başlayan Möntrye konfransında Türkiyə Boğazlar üzərində özünün tam suverenliyini bərpa etdi. Möntryedən narazı qalan Sovetlər 1936-cı ildə türklərlə danışıqlarda Ankaraya qarşılıqlı yardım haqqında iki tərəfli pakt imzalamağı təklif etsə də, Atatürkin təlimatı ilə Moskvadakı səfir Zekayi Apaydın oktyabr ayının 28-də SSRİ Xarici İşlər Naziri Litvinova bildirdi ki, Möntrye Türkiyənin və SSRİ-nin maraqlarına yetərində cavab verir, Türkiyə hökumətinin fikrincə Möntryedən kənar Sovetlərlə əlavə pakt bağlamağa elə bir zərurət yoxdur və bu addım məqsədəuyğun deyil.
1936-cı ilin oktyabr ayının 29-da Türkiyədə Cümhuriyyət bayramı günü Karaxan həmin axşam Sovet səfirliyində “Osoaviaxim” (Orduya, aviasiyaya və kimyəvi tikintilərə yardım cəmiyyəti) Sovet nümayəndələrinin Türkiyəyə gəlişi şərəfinə qəbula keçiridi. Cümhuriyyət bayramı gec başa çatsa da Mustafa Kemal Paşa, onu müşayiət edən şəxslərlə birlikdə xeyli gec Sovet səfirliyinin tədbirinə gəldi.
Ankaradakı Sovet ticarət müvəkkili Arkadi Rozenqolts 1937-ci ilin yanvar ayının 7-də Moskvaya göndərdiyi gizli məlumatda qeyd olunurdu ki, Kamal paşa Lev Karaxanla görüşdükdən sonra onunla birlikdə bufetə keçdilər və onlar arasında söhbət başlandı. Kamal paşa SSRİ-yə olan dostluğundan və rəğbətindən söz açdı və həmin dəqiqə bəyan etdi ki, Türkiyə müstəqilliyinin ildönümü münasibəti ilə ona Sovet lideri tərəfindən təbrik göndərilməməsindən çox incikdir.
Karaxan ona cavab verdi ki, bu, doğru deyil. Həmin təbriki teleqraf vasitəsi ilə yoldaş Kalinin göndərib. Kamal paşa acıqlı halda bildirdi ki, bu mənə məlumdur, mən onu almışam və cavab da vermişəm, lakin mən vasitəçinin araçılığı ilə iş görməyi arzulamıram. Mən nəinki Türkiyə Respublikasının prezidentiyəm, eyni zamanda türk xalqının rəhbəriyəm. O, Karaxandan soruşdu:
“Sizdə rəhbəriniz kimdir”. Karaxan cavab verdi ki, bizim rəhbərimiz yoldaş Stalindir. Kamal paşa soruşdu: onda nə üçün o mənə təbrik teleqramı göndərməyib, ondan başqa hamı göndərib. Bununla o göstərmək istəyir ki, məni tanımaq istəmir.
Karaxan cavab verdi ki, bu həqiqətə uyğun deyil, bizdə qəbul olunmayıb ki, yoldaş Stalin təbrik teleqramı göndərsin. O, əlavə etdi ki, oktyabrın 28-də müstəqillik günü münasibəti ilə Kamal paşanı təbrik etdikdə, Stalinin şəxsi salamlarını da ona çatdırıb.
Kamal paşa qeyd etdi ki, o, Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verir və nə qədər ki, o, yaşayır, bu dostluq mövcud olacaqdır, lakin o, dostluğa yalnız bərabər hüquqluların dostluğu kimi riayət edə bilər.
Karaxan ona cavab verdi ki, müəyyən mənada bu fikir doğrudur. Onun özü Xarici işlər naziri Rüştü Arasla söhbət edən zaman bəzən bir-birini başa düşmür, Aras Litvinovla söhbətləşəndə bundan daha yaxşı bir-birlərini anlayırlar. O, əmindir ki, əgər Kamal paşa şəxsən yoldaş Stalinlə görüşsə, onlar bir neçə dəqiqənin içində istisnasız olaraq bütün məsələlərdə razılığa gələ bilərlər.
Sonra söhbət zamanı Kamal paşa ilə Stalinin görüşünün təşkil edilməsi barədə fikir mübadiləsi edildi və bu görüşün vacibliyi göstərildi. Atatürk söhbət zamanı yenidən bildirdi ki, o, yalnız bərabər hüquqlu münasibətlərin tərəfdarıdır, ayrı formada qarşılıqlı əlaqələrə razı deyildir.
“Mən bilirəm, Sizin çox güclü, mexanikləşdirilmiş ordunuz var, lakin mən ondan qorxmuram, bu, dünyada heç kimdən qorxmuram, o cümlədən sizdən də. Mənim arxamda 18 milyonluq xalq dayanır, yetərlidir ki, mən əmr edim, mən hara aparsam, onlar mənim arxamca gələcəkdir. Mən istəsəm münasibətlərə böyük ziyan vura bilərəm, mən bunu əlbəttə ki, heç vaxt etmərəm, ona görə ki, mənim sözüm də dostluğum kimi müqəddəs və sarsılmazdır.”
1937-ci ilin Yanvar ayının 7-də Sovetlərin Türkiyədə ticarət müvəkkili Arkadi Rozenqolts bu söhbətin məzmununu “tamamilə məxfi” qrif ilə İosif Stalinə və Vyaçeslav Molotova göndərdi. O, qeyd edilirdi ki, “Osoaviaxim” nümayəndələrinin gəlişi şərəfinə 29 oktyabr 1936-cı ildə Sovet səfirliyində düzənlənmiş qəbulda Kamal Atatürklə Karaxan arasında diqqəti çəkən söhbətin mətnini Sizə göndərirəm.
Söhbətin mətni ilə tanış olduqdan sonra Stalin məktubun üzərinə maraqlı dərkənar qoymuşdu: “Voroşilov, Kaqanoviç, Orcanikidze və Litvinova. Bizim “dostumuz” Atatürkün “nitqinin” mətni ilə tanış olmaq maraqlı olardı. Dərkənarda “dostumuz” və “nitqinin” sözləri Stalin tərəfindən dırnağa alınmışdı.
(Bax: А.Розенгольц – И.Сталину и В.Молотову. Запись беседы Кемаля Ататюрка с Караханом во время приема, устроенного полпредством в честь делегации «Осоавиахима» 29 октября 1936 г. 07.01.1937 г.// РГАСПИ, ф.558, оп.11, д. 388, л.9–12).

