1937-ci il. Mir Cəfər Bağırov Azərbaycan Kommunist Partiyasının XIII qurultayında çıxış edərək deyir:
“Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi… Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq… və başqa əclaflar…”
Bir neçə gün sonra “Ədəbiyyat qəzeti”ndə Səməd Vurğunun “Səhvlərimiz haqqında” adlı məqaləsi dərc olunur:
“…Hüseyn Cavid, Müşfiq kibi alçaqlar…”
Bunun ardınca Səməd Vurğun Hüseyn Cavidi hədəfə alan “Səadət düşmənlərinə” şeirini qələmə alır:
“Sən ey böyük günlərin adına böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan…”
Səməd Vurğunun və onun kimi repressiya maşınının ideoloji kampaniyasına qoşulanların cavabını elə həmin dövrdə Abdulla Şaiq verdi.
O, 1937-ci ildə, repressiyaların ən amansız çağında yazdığı “Xalq düşməninə” şeirində ziyalılara qarşı yönəlmiş qəddar sistemi, saxta ittihamları və siyasi linç mexanizmini ifşa etdi. Şair “cahil memar” obrazı vasitəsilə insanların taleyini dağıdan savadsız və qəddar hakimiyyət aparatını göstərdi.
Ancaq bu şeir uzun illər “sandıq ədəbiyyatı” olaraq qaldı. Çünki həmin dövrdə üzə çıxsaydı, Abdulla Şaiqin özünü də sorğu-sualsız həbs və güllələnmə təhlükəsi gözləyirdi. Şeir yalnız 1988-ci ildə ictimaiyyətə təqdim olundu.
Orada deyilirdi:
“Dayan, yetər, cahil sərxoş, zülmün də ölçüsü var,
Uçurumdan sıçramazlar, onun da körpüsü var…”
1937-ci ilin siyasi lüğəti belə idi:
xalq düşməni,
əclaf,
alçaq,
satqın,
əksinqilabçı,
pantürkist,
müsavatçı,
trotskist,
casus,
faşist agenti,
ziyanverici.
Bu sözlər sadəcə təhqir deyildi. Hər biri eyni zamanda siyasi ittiham, həbs qərarı və bəzən də ölüm hökmü demək idi.
Bu gün isə Azərbaycanda başqa sözlər dəbdədir:
xarici qüvvələrin agenti,
satqın,
beşinci kolon,
anti-milli ünsür,
ermənipərəst,
vətən xaini,
dağıdıcı müxalifət…
Gördüyünüz kimi, sözlər dəyişib, mexanizm isə qorxulu dərəcədə tanışdır.
Hakimiyyətin total nəzarət altında saxladığı media əvvəlcə Qərbdə yaşayan, Azərbaycandakı özbaşınalığa etiraz edən bloqerləri, jurnalistləri və siyasi fəalları cəmiyyətə “vətən xaini” kimi təqdim edir. Onların üzərinə ictimai nifrət yönəldilir, adları siyasi damğaya çevrilir.
Sonra növbə istintaqa və məhkəməyə çatır. Hakimiyyətdən asılı məhkəmələr həmin şəxslər haqqında saxta və ya siyasi motivli ittihamlar əsasında qiyabi həbs qərarları və hökmlər çıxarır.
Yəni əvvəlcə təbliğat hökm verir, sonra məhkəmə həmin hökmü rəsmiləşdirir.
Mən hələ xaricdə yaşayan fəal azərbaycanlıların susdurulması məqsədilə göndərildiyi iddia olunan killerlərdən, sui-qəsd planlarından və təhdid kampaniyalarından danışmıram.
Bütün bunlar göstərir ki, bugünkü Azərbaycanda 1937-ci ilin ab-havası yenidən yaradılır. Bəlkə də repressiyanın üsulları dəyişib, bəlkə güllələnmə hökmlərini uzunmüddətli həbslər, qiyabi qərarlar və qorxu kampaniyaları əvəz edib. Amma insanı əvvəlcə düşmən elan etmək, sonra onun məhvinə hüquqi don geyindirmək prinsipi dəyişməyib.
Mən əminəm ki, bu gün bu biabırçılıqda iştirak edənlərin övladları nə vaxtsa valideynlərinin əməllərinə görə xəcalət çəkəcəklər. Necə ki, Vaqif və Yusif Səmədoğlular atalarının əməllərinə görə utanırdılar…
Necə ki, bir zamanlar repressiya kampaniyasına qoşulanların sonrakı nəsilləri bu ağır mirasla üzləşməli oldular.
Tarix yalnız məhbusların, sürgün edilənlərin və güllələnənlərin adlarını yadda saxlamır. Tarix həm də onları əvvəlcədən “xalq düşməni”, “satqın” və “vətən xaini” elan edənlərin adlarını unutmur…
