Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2015-ci ildə Nardaranda keçirilən polis əməliyyatı zamanı saxlanılan Şamil Abduləliyev və Aqil İsmayılova qarşı həddindən artıq güc tətbiq edildiyini, onların adekvat tibbi yardımla təmin olunmadığını və pis rəftar barədə şikayətlərinin effektiv araşdırılmadığını müəyyən edib.
“Abduləliyev və İsmayılov Azərbaycana qarşı” işi üzrə qərarda AİHM Avropa İnsan Hüquqları Konvensiyasının işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı qadağan edən 3-cü maddəsinin bir neçə aspektdən pozulduğu qənaətinə gəlib.
Şamil Abduləliyev və Aqil İsmayılov 2015-ci il noyabrın 26-da Nardaranda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Onlar həmin vaxt qeydiyyatdan keçməmiş “Müsəlman Birliyi” dini hərəkatının tərəfdarları olublar. Əməliyyat zamanı dörd Nardaran sakini və iki polis əməkdaşı həyatını itirib, bir sıra şəxslər, o cümlədən Abduləliyev və İsmayılov yaralanıb.
Məhkəmə materiallarına görə, Şamil Abduləliyev qarın, ayaq və pəncə nahiyələrindən üç güllə yarası alıb. Yaralardan biri onun daxili orqanlarına ciddi zərər vurub. Aqil İsmayılovun isə baş nahiyəsində rezin güllədən yarandığı ehtimal edilən və tikiş qoyulmasını tələb edən iki yara aşkarlanıb.
Azərbaycan hökuməti AİHM-də bildirib ki, polis əməkdaşları əməliyyat zamanı silahlı müqavimətlə üzləşiblər və ərizəçilərə qarşı gücdən yalnız zəruri həddə istifadə olunub. Hökumətin mövqeyinə görə, hər iki şəxs polisə müqavimət göstərərkən yaralanıb.
AİHM isə polis əməkdaşlarının hadisə ilə bağlı ifadələrində mühüm ziddiyyətlər və boşluqlar olduğunu müəyyən edib.
Məhkəmə qeyd edib ki, Şamil Abduləliyevin hansı anda və hansı şəraitdə üç dəfə güllələndiyi, ona kimin atəş açdığı, atəşin hansı məsafədən açıldığı aydınlaşdırılmayıb. Tibbi ekspertizanın güllələrin müxtəlif istiqamətlərdən dəydiyini göstərməsi də, AİHM-in qənaətinə görə, polisin atəşin konkret və təcili təhlükəyə cavab olaraq açılması barədə versiyası ilə asanlıqla uzlaşmır. Ballistik ekspertiza və hadisənin rekonstruksiyası aparılmadığından hökumət açılan hər bir atəşin zəruri olduğunu sübut edə bilməyib.
Aqil İsmayılovla bağlı da məhkəmə oxşar uyğunsuzluqlar aşkarlayıb. Polis əməkdaşlarından biri onun nunçaku ilə hücum etdiyini, digəri isə polisə tabe olmayaraq qaçmağa çalışdığını deyib. AİHM rezin güllədən istifadənin hansı səbəbdən zəruri olduğunun, İsmayılovu kimin və hansı məsafədən vurduğunun da araşdırılmadığını bildirib.
AİHM nəticəyə gəlib ki, Azərbaycan hökuməti ərizəçilərə qarşı tətbiq edilən gücün zəruriliyini sübut etmək öhdəliyini yerinə yetirməyib. Məhkəməyə təqdim olunan materiallar polis qüvvəsinin ərizəçilərin davranışı ilə ciddi şəkildə zəruri hala gəlmədiyi qənaətinə gəlməyə əsas verib.
Məhkəmə hər iki ərizəçinin tibbi yardımla bağlı şikayətlərini də əsaslı sayıb.
Şamil Abduləliyev bildirib ki, əməliyyatdan sonra bədənində qalan güllə qəlpələri çıxarılmayıb və ona davamlı ağrı verib. 2016-cı ildə keçirilən ekspertizada onun baldırındakı güllənin cərrahi yolla çıxarılmasına tibbi əks-göstəriş olmadığı müəyyən edilib. AİHM bildirib ki, əsas məsələ qəlpələrin mütləq çıxarılıb-çıxarılmaması deyil, vaxtında ixtisaslaşmış tibbi qiymətləndirmənin aparılması, əsaslandırılmış müalicə qərarının verilməsi, davamlı müşahidə və ağrının idarə edilməsinin təmin olunmasıdır. Məhkəmənin qənaətinə görə, belə kompleks müalicə strategiyası olmayıb.
Aqil İsmayılovun işi üzrə isə AİHM onun yaralarının nə vaxt tikildiyinin, hansı tibbi yardım aldığı və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama yerində bu cür yaralara tibbi xidmət göstərmək üçün uyğun şəraitin olub-olmadığının araşdırılmadığını qeyd edib. Hökumət müvafiq tibbi sənədləri də məhkəməyə təqdim etməyib. AİHM nəticədə İsmayılova da vaxtında və adekvat tibbi yardım göstərilmədiyi qənaətinə gəlib.
Ərizəçilər saxlanma zamanı əlavə pis rəftara məruz qaldıqlarını da bildiriblər. AİHM təqdim olunan sübutların bu iddiaları “ağlabatan şübhədən kənar” təsdiqləməyə kifayət etmədiyini və buna görə saxlanma zamanı pis rəftarın baş verdiyini müəyyənləşdirə bilmədiyini bildirib. Bununla belə, məhkəmə bunun qismən Azərbaycan hakimiyyətinin həmin iddiaları effektiv araşdırmaması ilə bağlı olduğunu vurğulayıb.
AİHM qeyd edib ki, istintaq orqanları əsasən polis əməkdaşlarının, o cümlədən şikayətlərdə adı keçən şəxslərin ifadələrinə əsaslanıb, həkimləri, tibb bacılarını və ərizəçilərlə eyni kamerada saxlanılan şəxsləri dindirməyib, hadisə yerlərini və mümkün müşahidə kameralarının görüntülərini araşdırmayıb.
Beləliklə, AİHM hər iki ərizəçinin saxlanılması zamanı həddindən artıq güc tətbiqinə və adekvat tibbi yardım göstərilməməsinə görə Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən edib. Məhkəmə pis rəftar şikayətlərinin effektiv araşdırılmamasını da həmin maddənin prosessual pozuntusu hesab edib. Eyni zamanda, saxlanma müddətində baş verdiyi iddia olunan əlavə pis rəftarın özü ilə bağlı 3-cü maddənin maddi baxımdan pozuntusu müəyyən edilməyib.
Şamil Abduləliyev və Aqil İsmayılov 2017-ci il yanvarın 25-də məhkum ediliblər. Onlar 2021-ci il martın 18-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıblar.
AİHM mənəvi zərərə görə hər bir ərizəçiyə 10 min avro kompensasiya ödənilməsinə qərar verib. Bundan əlavə, məhkəmə xərcləri və digər məsrəflərə görə onların hər birinə 1500 avro ödənilməlidir. Beləliklə, Azərbaycan dövləti iki ərizəçiyə ümumilikdə 23 min avro ödəməlidir. (AbzasMedia)
