Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistan mediasının təmsilçiləri ilə görüşdə bəyan edib ki, Kreml Ukraynaya qarşı müharibədə tez bir zamanda “qələbəyə” ümid edir. “Qələbənin çox yaxın olduğuna əminik. Hərbi potensialımıza və qoşunlarımızın hərəkətlərinə çox əminik. Rusiya qoşunları döyüş əməliyyatlarını “uğurla” aparır”.
Vaşinqtonda yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri hesablayırlar ki, hazırkı irəliləmə sürəti ilə – gündə 2,36 kvadrat kilometr – Rusiya qoşunları Donetsk vilayətinin Ukraynanın nəzarətində olan 19 faizini yalnız 2032-ci ilin oktyabr ayına qədər işğal edə bilər. ISW-nin hesablamalarına görə, Kreml 2022-ci ildən bəri Donbası ələ keçirmək üçün son tarixi 15 dəfə dəyişib.
Almaniya Beynəlxalq Təhlükəsizlik Tədqiqatları İnstitutunun elmi işçisi Yanis Klugenin Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, Ukraynadakı müharibə daha bahalı olmağa başlayıb. Belə ki, müharibənin bir saatı Rusiyanın dövlət büdcəsinə 2.5 milyard rubla başa gəlir. Ötən il Rusiya müharibənin bir saatına 2 milyard rubl xərcləyirdi. İndi isə məlum olur ki, müharibənin bir saatının xərcləri 500 milyon rubl artıb. Bütövlükdə isə, 2026-cı ilin birinci yarısında Ukraynaya qarşı cinayətkar müharibəyə dövlət büdcəsindən 10.687 trilyon rubl xərclənib. Federal büdcədən kənar xərcləmələr də var ki, onlar da ay ərzində ən azı 500 milyon rubl təşkil edir.
Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) rəsmi məlumatlarına görə isə gecikmiş əmək haqqı borcları sürətlə artmaqda davam etdiyi kimi orta aylıq əmək haqqı da aşağı düşür. Dövlət sektorunda çalışan işçilərin əmək haqqının ödənişi ilə bağlı yaranan problemlər “büdcədən vəsaitlərin gec alınması” ilə bağlıdr. Əmək haqqlarının ödənməsi üçün nəzərdə tutulan vəsaitin gec ödənməsinin səbəbi ondan müharibəni maliyyələşdirmək üçün istifadə edilməsidir.
Özəl sektorda daha acınacaqlı vəziyyət yaranıb. “Tarxovskoye” neft və qaz hasilatı şirkəti 2025-ci ilin noyabr ayında işçilərə ödənişləri dayandırıb.
Bütün bunlar Kremldə hər kəsə aydın olsa da, Putin müharibəni dayandırmağı düşünmür və ən azı Donbası tam işğaı edənə qədər müharibə davam etdirmək niyyətindədir. Yuxarıda qeyd etdiyim ki, ISW-nin hesablamalarına görə, Rusiya ordusu hazırkı irəliləmə sürətini saxlaya Donbası 2032-ci ilin oktyabr ayına qədər işğal edə bilər. Bütün eksperlər yekdil fikirdədir ki, Rusiya həmin müddətə kimi müharibəni davam etdirə bilməz.
Bütün bunlara baxmayaraq raşizm “beyinləri yumağa” davam edir. Peskovun Hindistan mediasına açıqlaması da məhz “beyinləri yumağa” xidmət edir. Kreml rəsmilərinin bu cəhdləri raşizmin ifşasının nə qədər zəruri olduğunu göstərir. “Raşizmin qısa tarixi və Rusiyanın dekolonizasiyası kitabı” raşizmin ifşasında ciddi hadisə olacaq.
