“Meydan TV işi” üzrə məhkəmə prosesi iyulun 3-də yenidən başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə Zaur Hacıyevin sədrliyilə, Azər Tağıyev və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyası baxır.
“Meydan TV işi” üzrə yarım ilə yaxın müddətdə məhkəmə prosesinə sədrlik etmiş hakim Aytən Əliyeva mayın 26-da Bakı Apellyasiya Məhkəməsinə hakim təyin olunandan sonra iş başqa hakimlər kollegiyasının icraatına verilib.
İyulun 3-də keçirilən məhkəmə iclasında hakim Zaur Hacıyev yeni tərkibi jurnalistlərə təqdim edib. Məlum olub ki, hakimlərlə yanaşı, prokuror da dəyişib. Bundan sonra “Meydan TV işi” üzrə məhkəmə prosesində dövlət ittihamını Vüsal Abdullayev müdafiə edəcək.
Jurnalistlərdən “Meydan TV”nin əməkdaşı Aytac Tapdıq (Əhmədova) bildirib ki, yeni prokurora etiraz edirlər, əvvəlkinin qaytarılmasını istəyirlər.
Digər təqsirləndirilən jurnalistlər də Vüsal Abdullayevə etiraz veriblər. Lakin etiraz təmin olunmayıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra jurnalistlərin özləri də, vəkilləri də vəsatətlərini təqdim ediblər.
“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən “arqument.az” saytının baş redaktoru Şəmşad Ağa (Ağayev) bildirib ki, başlanğıcdan qanunsuzluğa yol verilir. İstintaq təcridxanasına onlara məhkəmə bildirişi göndərilməyib, məhkəmə tərkibinin dəyişməsi barədə məlumat verilməyib:
“Yeni tərkibdəkilərdən Azər Tağıyevin siyasi işlərdə təcrübəsi var. “Toplum TV işi”ndə yaxın günlərdə dostlarıma hökm oxuyacaq. Roman Ələkbərli də İmran Əliyevin işini aparır. Zaur müəllim, siz Bakı Hərbi Məhkəməsindən yeni gəlmisiniz, görünür, hələ ilk siyasi işinizdir. Bir bildiriş nədir ki, o da göndərilmir. Bu iş əlifbasından düz aparılmır. Biz onsuz da bilirik ki, burada məhkəmə yoxdur, boş yerə vaxtımız gedir. Heç bir ədalətli məhkəmə gözləntimiz də yoxdur. Biz Mikayıl Cabbarovun bura çağırılıb dindirilməsini istəmişdik. Onun əvəzinə bir uşağı göndəriblər bura…”.
Məhkəmədə Dövlət Vergi Xidmətinin əməkdaşı Leyla Hüseynova mülki iddiaçının nümayəndəsi qismində iştirak edib.
“Meydan TV” əməkdaşlarından Ramin Deko (Cəbrayılzadə) bildirib ki, 2024-cü il dekabrın 6-da Tbilisidən qayıdarkən üstündə 8000 min avro pul olub. Amma həmin gün tutulanda pulun məbləğini 38000 avro rəsmiləşdiriblər. Bu səbəbdən əvvəlki məhkəmə tərkibi qarşısında vəsatət qaldırıb ki, həmin gün hava limanındakı videogörüntülər alınsın və məhkəmədə baxış keçirilsin. Hakimlər də vəsatəti təmin edib:
“Mən gələndə üstümdə 8 min avro pul olub. Ya doğub, ya qoyublar – necə olubsa, sonra 38 min avroya çevrilib. Bu məsələnin araşdırılması üçün vəsatət qaldırmışdıq, məhkəmə də təmin etmişdi. Üstündən 3 ay keçib. O videogörüntülər bu müddətdə dığırlana-dığırlana gəlsəydi, indiyə gəlib çatardı məhkəməyə. Ya özünüz alın, ya da məni buraxın, özüm gedib alıb gətirim. 3 aydı mən qalmışam burada”.
Daha sonra vəkillər hüquqlarını müdafiə etdikləri jurnalistlərin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, müvəkkillərindən “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin (Qənbərova) səhhətində ciddi problemlər var. O, indiyə qədər 17 dəfə cərrahiyyə əməliyyatı keçirib. Şəmşad Ağa həbsdə olduğu il yarım ərzində 3 nəfərdən çox yaxın qohumunu (anası, bacısı, qardaşı qızı və s.) itirib. Müdafiəçi müvəkkillərindən Natiq Cavadlının təcrübəli jurnalist və üç övlad atası olduğunu vurğulayıb. Digər müvəkkili Fatimə Mövlamlının gənc olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu xatırladıb.
“Hüquqlarını müdafiə etdiyim şəxslərə qarşı əvvəl qaçaqmalçılıq ittihamı irəli sürülüb və bu ittihamla da həbs qətimkan tədbiri seçilib. İstintaqın sonunda buket ittihamlar verilib. Təcrübədə görürük ki, kilolarla qızıl qaçaqmalçılığı, 5 milyon yarımlıq siqaret qaçaqmalçılığında ittiham olunan şəxslər haqqında, məsələn, Ruslan Eyyubov haqqında məhkəmələrimiz ev dustaqlığı qərarı verir. İstərdik ki, məhkəmələrimizin bu gözəl praktikasından bu işdə də istifadə olunsun”, – deyə Zibeydə Sadıqova bildirib.
Vəkil Cavad Cavadov müvəkkillərindən Nurlan Libre (Qəhrəmanlı) və Aytac Tapdığın ev dustaqlığına buraxılmasını istəyib.
Digər vəkil Bəxtiyar Hacıyev isə Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovla bağlı eyni vəsatəti qaldırıb. Vəkil həmçinin Ülvi Tahirovun işinin “Meydan TV” işindən ayrılmasını istəyib.
Müdafiəçilərdən Rəşad Əliyev müvəkkili Əhməd Muxtarın ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. O bildirib ki, müvəkkili tanınmış fotojurnalistdir, himayəsində azyaşlı uşağı var, atası və həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir.
Vəkil Nazim Musayev də jurnalist Xəyalə Ağayevanın həbsdə saxlanması üçün maddi və prosessual əsaslar olmadığını bildirib.
Prokuror həbsdəki jurnalistlərin ev dustaqlığına buraxılmasına etiraz edib. Vüsal Abdullayev bildirib ki, həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxmayıb.
Müşavirədən sonra hakimlər ev dustaqlığı ilə bağlı vəsatətləri təmin etməyib.
Ülvi Tahirovun işinin ayrılması barədə vəsatət də rədd olunub.
Vəkil Rövşanə Rəhimli hüquqlarını müdafiə etdiyi Ülviyyə Əlinin (Quliyeva) səhhətindəki problemlərlə bağlı vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, Bakı İstintaq Təcridxanasında və Penitensiar Xidmətin Müalicə Müəssisəsində KT və MRT aparatları yoxdur. Bu səbəbdən əvvəlki məhkəmə tərkibi qarşısında da Ülviyyə Əlinin özəl tibb müəssisələrinin birində müayinəsi barədə vəsatət qaldırılmışdı. Məhkəmə qərar vermişdi ki, əvvəl bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndərilsin, məsələ araşdırılsın.
Hakim Zaur Hacıyev bu məsələ ilə bağlı cavabında deyib ki, əvvəlki məhkəmə tərkibi fevralda məktub göndərib. Əgər zərurət yaranarsa, məhkəmə etiraz etməməsi barədə məktub verə bilər.
Aytac Tapdıq isə təklif edib ki, yeni məhkəmə heyətini “Meydan TV”nin fəaliyyəti ilə tanış etmək üçün videoçarx hazırlayıb, məhkəmədə nümayiş etdirsinlər:
Vəkil Zibeydə Sadıqova jurnalistlərdən Natiq Cavadlının ailə üzvlərinə etibarnamə verilməsi probleminin həlli barədə vəsatət qaldırıb:
“Natiq Cavadlının yetkinlik yaşına çatmayan qızına passport alınması və ölkədən çıxışı üçün etibarnamə verilməlidir. Əvvəlki məhkəmə tərkibi bu vəsatəti təmin etmişdi. Lakin adlar səhv yazılmışdı deyə, notarius əməliyyatı həyata keçirməkdən imtina etdi. Xahiş edirik, bu məsələni həll edin”.
Vəkilin qaldırdığı digər vəsatət isə Bakı Ağır Cinayətlər Məhkəməsində əlilliyi olan şəxslərin təbii ehtiyaclarını ödəməsi üçün şəraitin olmamasıyla bağlı idi. Müdafiəçi bildirib ki, əlilliyi olan dustaqlar məhkəmə binasında saxlandığı müddətdə tualet problemi ilə üzləşir, təbii ehtiyaclarını ödəməkdə çətinlik çəkir: “Daşınan unitazlar var. Ya məhkəmə özü onu almalıdır, ya şəxsin yaxınları alıb gətirə bilər. Hər bir halda, bu məsələ həllini tapmalıdır”.
Hakim bildirib ki, növbəti məhkəmə iclasına qədər bu məsələnin həllinə çalışacaqlar.
Vəkil Cavad Cavadov isə bildirib ki, Aytac Tapdığın səhhətindəki problemlərlə bağlı Tibb Baş İdarəsinə iyunun 19-da məktub göndərsələr də, heç bir cavab ala bilməyiblər.
Daha sonra məhkəmə istintaqının başlandığı elan edilib. Qərar verilib ki, ittiham aktı elan olunmuş hesab edilsin. Əvvəlki məhkəmə tərkibinin vaxtında ifadə vermiş jurnalistlərdən Aynur Elgünəş, Natiq Cavadlı, Ülvi Tahirov ifadələrinin qəbul olunmasını istəyiblər. Yalnız Ramin Deko ifadəsinə növbəti iclasda əlavə edəcəyini söyləyib.
Məhkəmə prosesinin gedişində prokuror Vüsal Abdullayevin təqsirləndirilən jurnalistlərin çıxışlarına müdaxilə etməsi qalmaqala səbəb olub.
Fatimə Mövlamlı prokurora “Vüsal bəy” deyə müraciət edəndə onun reaksiyası belə olub:
“Bəy” yox, “cənab prokuror”.
Fatimə Mövlamlı: “Siz burada bizi şərləyirsiniz, sizə “bəy” sözü lap çoxdur”.
Bundan sonra Şəmşad Ağa prokurorun davranışına etiraz edib:
“Qanunun tələblərini, imperativ normaların hamısını pozmusunuz, hələ bir danışırsınız. Baxın sizin təmsil etdiyiniz Baş prokurorluğun təsdiqlədiyi ittiham aktına, görün nə qədər səhvlər var. Burada utanmalı olan sizsiniz, hələ bir danışırsınız…”
Daha sonra fotojurnalist Əhməd Muxtar ifadə verib. O bildirib ki, “Meydan TV” ilə heç bir əlaqəsi və əməkdaşlığı olmayıb. Sadəcə, bu qurumun baş redaktoru Aynur Elgünəşlə 2008-ci ildən dost olublar. 2024-cü ilin oktyabrında Gürcüstandan gələndə Aynur Elgünəşin xahişi ilə onun 7000 avro pulunu gətirib:
“Mən 2009-cu ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərirəm. Tbilisidə İqor var, kameraları təmir edən peşəkardır. COP-da çalışacaqdıq. Famillə getdik onun yanına. Aynur xahiş eləmişdi ki, gələndə onun qonorarını da alıb gətirim. Oktyabrın 11-də gələndə 3500 məndə olub, 3500 Famildə. Məni 2024-cü il dekabrın 6-da tutub, bu məsələ ilə bağlı dindiriblər. Sonra polisə müqavimət adı ilə 20 sutka veriblər. 2025-ci ilin avqustuna qədər mən azadlıqda olmuşam. İşimlə-güıümlə məşğul idim”.
Əhməd Muxtar peşə fəaliyyəti barədə danışaraq bildirib ki, müxtəlif təşkilatlarla fotoqraf kimi əməkdaşlıq edib, vergisini ödəyib. Onun sözlərinə görə, 2020-ci ildə “İlin fotoqrafı” adına layiq görülüb. 44 günlük müharibədə çəkdiyi fotolar beynəlxalq mediada yayımlanıb.
Fotojurnalistika sahəsində təlimçi kimi dərs deyib. Prezident Administrasiyasının Qarabağa təşkil etdiyi səfərlərdə fotoqraf kimi iştirak edib. Dövlət Dillər Universitetində bir müddət müəllim kimi fəaliyyət göstərib: “Mən müstəqil fotoqraf olmuşam, müqavilə əsasında 8-10 təşkilatla əməkdaşlıq etmişəm. Sadəcə, Bakı Jurnalistika Məktəbində mənə bir otaq veriblər, orada oturub, işimi görmüşəm”.
Meydan TV işi üzrə məhkəmə prosesi iyulun 24-də digər jurnalistlərin ifadələri ilə davam edəcək. (AzadlıqQəzeti)
