Ermənistanda son dörd ildə 109 insan alveri hadisəsi qeydə alınıb. Qurbanların hekayələri göstərir ki, istismarçı bəzən yad adam deyil, ailənin üzvü olur.
Tacxeber.com JAMnews-a istinadən xəbər verir ki, təhlükəsizliyi üçün adı dəyişdirilən Anna həyat yoldaşının onu cinsi istismara məcbur etdiyini danışıb. Onun sözlərinə görə, əri onu müxtəlif ünvanlara aparır, qazandığı bütün pulu əlindən alırdı.
Anna fiziki, psixoloji və iqtisadi zorakılığa məruz qaldığını, etiraz etməkdən qorxduğunu bildirib. Uşağı üçün keçirdiyi narahatlıq sonda onu evdən qaçmağa və polisə müraciət etməyə sövq edib. Daha sonra qadın insan alveri qurbanları üçün sığınacağa yerləşdirilib.
Yazıda Ermənistana işləməyə gələn əcnəbi kişinin hekayəsi də təqdim olunur. Sosial işçinin sözlərinə görə, onun sənədləri əlindən alınıb, hərəkət azadlığı məhdudlaşdırılıb və əməkhaqqı ödənilmədən işlədilib.
Sığınacaqda bir ildən çox dəstək alan həmin şəxs sonradan yeni iş tapa bilib. Noyabrın 19-da yayımlanan material istismarın həm ailə münasibətləri, həm də iş vədləri arxasında gizlənə bildiyini göstərir.
