28.8 C
Bakı
05 İyul 2026 17:39
DünyaMuharibəSiyasət

Ağılsız müharibədən ağıllı çıxış olmur

Rusiyanın Ukraynaya qarşı təzavüzkar mürabəsi artıq 5-ci ildir ki, davam edir və müharibə artıq yeni mərhələyə keçib.

2022-ci ilin martın əvvəlində tv çıxışlarımın birində (müharibə 10 gündür başlamışdı) israrla vurğulayırdım ki, Ukrayna ilk həftələri dözsə, sonradan heç kimin tam mənada qalib gələ bilməyəcəyi, amma, Rusiya üçün orta-uzun zaman kəsimində fəlakətli nəticələri olacaq bir müharibə görəcəyik.

Bu gün də eyni fikirdəyəm – klassik anlamda qalibi olmayan müharibə izləyirik, Allaha şükür ki, Rusiya Ukraynanı işğal edə, ya da, özünə qulluq edən rejim qura bilmədi-bilməyəcək, təəssüf ki, Ukrayna da 1991-ci il sərhədlərinə çıxa, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilmədi-bilməyəcək.

Rusiya indi elə bir stateji bataqlığa düşüb ki, artıq əlində olanı belə “qələbə” kimi sırıya bilmir (daxilə və xaricə), Ukrayna isə 5 illik müqavimətini “qələbə” kimi təqdim edə bilir.

Rusiyanın elan etdiyi bütün “qırmızı cizgilər” artıq dağılıb, müharibəni davam etdirmək üçün hekayəsi bitib – Putin deyir ki, Ukraynanın Xarkov, Sum və Çerniqov vilayətlərində də 20-30 km dərinlikdə “bufer zonası” yaradacağıq ki, güya, ordan Rusiyanın beynəlxalq hüquqla tanınan ərazilərinə hücum olmasın. Adam 1-ci dünya savaşı məntiqindədir – Ukrayna Rusiyanın 1500-2000 km dərinliyinə zərbə vurur, sən 20 km sərhədi, tutalım, işğal etsən bu nə verəcək ki?! Necə qoruyacaqsan öz sərhəd regionlarını ki, sən Moskvanı, Peterburqu, hətta Urala qədər ərazini belə qoruya bilmirsən?! Deməli Kremlin bu tezisi absurddur, müharibəni davam etdirmək üçün əhaliyə sata biləcəyi “məhsul” deyil.

Və ya, Donetsk vilayətinin işğal edə bilmədiyi 15-16% ərazisini də istəyir və deyir ki, bu ərazi artıq bizim konstitusiyaya yazılıb – yaxşı, o kağız parçasına Xersonu, Zaporojyeni də yazmısız, tutalım, Donbasın tamamını işğal etdiz, bu sizə nə verəcək ki?! Xerson və Zaporojyeni ki, heç vaxt işğal edə bilməyəcəksiz, bəs o zaman o kağız parçasına necə istinad edəcəksiniz?!

Dediyim ki, Rusiya orta-uzun zaman kəsimində faciəyə doğru gedir, Putinin ən çox sevdiyi, istinad etdiyi Çarlardan biri 1-ci Pyotrun zamanı ilə indiki vəziyyət, sanki, tərs mütanasibliklə təkrarlanır:
18-ci əsrin əvvəllərində İsveç krallığının, onun hikkəli rəhbəri XII Karlın ən pik dövrü idi, Avropada sözü keçən dövlətlərdən biri, güclü orduya malik idi. Sonra Rusiya ilə müharibə başladı və Poltava döyüşü oldu.

Poltava döyüşü 27 iyun 1709-cu ildə çar I Pyotrun rəhbərlik etdiyi Rusiya ordusu ilə kral XII Karlın komandanlığındakı İsveç imperiyası qoşunları arasında baş vermiş və İsveç Krallığının mütləq məğlubiyyəti ilə nəticələnmiş tarixi döyüşdür. Şimal müharibəsinin (1700–1721) ən böyük və həlledici toqquşması olan bu döyüş, İsveçin Avropadakı fövqəldövlət (böyük dövlət) statusuna birdəfəlik son qoymuşdu.

Yəni, İsveç krallığı o məğlubiyyətdən sonra qınına çəkildi, böyük dövlət olmaq iddialarına son qoydu, bu gün isə dünyanən ən varlı, xoşbəxt ölkələrindən birinə çevrildi.

Bu gün davam edən Ukrayna müharibəsi Rusiya üçün həmin “İsveç ssenarisini” hazırlayır – sadəcə, Rusiya ya qınına çəkilib xoşbəxt dövlət olaraq öz ərazilərini inkişaf etdirəcək (ən yaxşı ssenari budur), ya da, elə bir faciəvi hadisələrlə üzləşəcək ki, bütün Avrasiya məkanı bir müddət çalxalanacaq, sonra indiki ərazisi də əlində qalmayacaq…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Piyada Qoşunları Onlayn Olur: Fransa Döyüş Robotlarından ibarət Ordu Yaradır

redaktor

Trampla danışdıqdan sonra Zelenski müharibəyə son qoymaq üçün bir şansdan danışdı

redaktor

Belə götürəndə Əli Kərimli də son illər tiktokerlik edirdi

redaktor