Dünən hamı Rauf Arifoğlunun Əli Kərimlinin məhkəməsində verdiyi ifadəni müzakirə edərkən qəfil məlum oldu ki, İsa Qənbərə (Qəmbər) ölkədən çıxmağa icazə verməyiblər.
Öz dediyinə görə, Müsavat partiyası başqanı cənublu qardaşlarımızın Almaniyada təşkil etdikləri hansısa tədbirə dəvət olunubmuş. Ancaq hava limanında onun qarşısını kəsiblər və təyyarəyə minməyə qoymayıblar.
Bu xəbər sosial şəbəkələrdə qısa müddətdə sürətlə tirajlandı, hətta İsa Qənbər özü də hansısa kanala müsahibə verərək, məsələyə qismən aydınlıq gətirdi.
Dedi ki, heç bir banka kredit borcu, kiminsə qarşısında maliyyə öhdəliyi olmadığından ona tətbiq olunan maneəni başa düşmür. Bunun səbəbini onun qarşısını kəsən dövlət qurumlarının nümayəndələrindən soruşsa da, sualına yetərli cavab almayıb. Cavab veriblər ki, tapşırıq belədir və onlar sadəcə əmri icra edirlər.
İsa Qənbərin “stop” məsələsini zarafatla bank-kredit mövzusuna yönəltməsi də mənə şübhəlik gəldi. Çünki bu, açıq-aşkar siyasi motivdən fikir yayındırmağa oxşayır.
Müsavat başqanı xala xətrin qalmasın məsələni araşdıracağını, məhkəməyə müraciət edib-etməmələ bağlı məsələhətləşəcəyini də bildirdi…
İsa bəy kor-peşman qayıdıb geri və Almaniya səfəri baş tutmayıb. Biletini geri qaytarıb-qaytarmadığını bilmədim. Çünki belə sual da olmadı, cavab da.
Ancaq bu məsələ mənim üçün çox önəmlidir. Həmişə düşünürəm ki, birdən harasa getmək istəsəm, ölkədən çıxışıma qadağa olub-olmadığını bilet almamışdan qabaq necə öyrənə bilərəm? Buna bir neçə dəfə cəhd də etmişəm, amma bir şey çıxmayıb. Çünki mənə də bir dəfə ölkəni tərk etməmək haqqında şifahi xəbərdarlıq olunub.
Odur ki, qadağanın rəsmi və hələ də qüvvədə olub-olmadığını yıxılıb-sökülüb bilet almazdan qabaq bilmək istəyirəm ki, kasıb vaxtımda bu da bir sıxıntı olmasın. Mən axı İsa bəy kimi varlı deyiləm, onun kimi dövlətdən maliyyə almıram…
Nə isə, mətləbdən uzaqlaşmayaq.
Daim düşünən biri olaraq istər-istəməz ağlımdan bəzi suallar keçdi…
Əvvəla, necə oldu ki, İsa Qənbərin Almaniya səfəri məhz Rauf Arifoğlunun Əli Kərimlinin məhkəməsində verdiyi ifadənin qızğın müzakirə olunduğu günə düşdü? İsa bəy qaçırdımı, onun qarşısını kəsdilər? Axı Rauf bəyin verdiyi ifadə əsasən 2013-cü il hadisələrini (prezident seçkiləri, Milli Şuranın yaranması və fəaliyyəti, Rüstəm İbrahimbəyov məsələsi, Rusiya amili və s.) əhatə edir.
Yadımdadır, o zaman Müsavat partiyası və İsa Qənbər də Milli Şuranın işində və proseslərdə fəal iştirak edirdi. Rüstəm İbrahimbəyovun namizəd olması da Əli Kərimli ilə İsa Qənbər arasında vahid namizəd barədə razılıq əldə olunmadığı üçün ortaya çıxdı. Onu bir növ guya ortaq mövqe, konsensus kimi irəli sürdülər. Ən azından bizə belə təqdim olundu. Ancaq sonrakı proseslərdən aydın oldu ki, həmişəki kimi yalan danışıblar, oyun oynayıblar və bizi uşaq kimi aldadıblar. Odur ki, hamısından zəhləm gedir. İsasından da, Əlisindən də, Rüstəmindən də, Cəmilindən də…
Yaxşı ki, bir şey alındıra bilmədilər, yoxsa ölkəni indikindən də pis günə qoyardılar…
O da yadımdadır ki, Rüstəm İbrahimbəyov Azərbaycana buraxılmadığı üçün Tiflisə gəlmiş və İsa Qənbər də onunla görüşə getmişdi. Həmin görüşdə, xatırladığım qədəriylə Əli Kərimli iştirak etmirdi. Amma Müsavat başqanının iştirakı dəqiq yadımdadır. Deyəsən, dünənki məhkəmədə şahid qismində ifadə verən Eldar Namazov da oradaydı. Hətta Gültəkin Hacıbəyli, Sülhəddin Əkbər, Mehman Əliyev, Fuad Qəhrəmanlı da bu görüşə getmişdilər. Böyük bir tərkib idi. Amma Əli Kərimli bic tərpənmiş və getməmişdi…
Deməli, məhkəməyə şahid qismində dəvət olunanların siyahısı Rauf Arifoğlu, Sərdar Cəlaloğlu və Eldar Namazovla məhdudlaşmayacaq. Əgər İsa Qənbər Almaniyaya getmək və məhkəmə bitənə qədər Avropada qalmaqla şahidlikdən yayınmaq istəyibsə, deməli, həqiqətən qaçmaq niyyəti olub və onu saxlayıblar.
Görünür, o, məhkəmə iştirak edib, müəyyən məsələlərə aydınlıq gətirmək, “işverən” və “üzəduran” kimi dilə-dişə düşmək, damğalanmaq istəmir. Yalan danışmağa da risk etmir…
Ancaq burada bir məsələ var: Berlində keçirilən tədbirə dəvət nə zaman gəlib, necə planlaşdırılıb? Onun Əli Kərimlinin məhkəməsi ilə əlaqəsini necə əsaslandırmaq olar?
Ümumiyyətlə, belə bir dəvət olubmu? Konkret kimdən gəlib bu dəvət? Tədbirin adı nədir? İsa Qənbər bu barədə konkret yox, ümumi danışdı ki, bu da şübhəlidir…
Mən, əlbəttə, ehtimal irəli sürür və bunun doğruluğunu yüzdə-yüz iddia etmirəm. Buyurub, aydınlıq gətirə bilərlər.
İkincisi, İsa Qənbərin xaricə son dəfə nə zaman səfər etməsi maraqlıdır. Bundan əvvəl hansısa xarici ölkələrə gedibmi, ona mane olmağa hər hansı cəhd olubmu və bunlar ictimailəşdirilibmi? Bu haqda açıq mənbələrdə məlumat tapa bilmədim.
Əgər belə şeylər olmayıbsa, dünənki qəfil səfər və buna mane olunması başqa aspektdən də maraqlı görünür. Yəni artıq siyasi meyidə çevrilmiş 70 yaşlı Müsavat başqanını “diriltməyə”mi cəhd olunur?
Bunda məqsəd nədir? Əlbəttə ki, narazı kütləni parçalamaq, vahid lider ətrafında birləşməsinin qarşısını almaq. Doğrudur, bu ehtimal güclü deyil, yəni hakimiyyəti sevməyənləri nə olursa-olsun Əli Kərimlinin ətrafında birləşdirmək mümkün deyil. Hətta xaricdən güclü siyasi dəstək verilsə də. Amma ehtiyat hakimiyyət igidinin yaraşığıdır və tədbirlər bütün hallarda görülməlidir.
