Fransa piyada bölüyü və ya süvari eskadrilyasının tapşırıqlarını yerinə yetirə bilən robot döyüş bölməsi (URC) hazırlayır. Le Point xəbər verir ki, 2025-ci ildən etibarən həyata keçiriləcək Pendragon layihəsinə hərbçilər, mühəndislər və müdafiə sənayesi nümayəndələri cəlb olunub.
Layihənin taktiki hissəsinə nəzarət edən podpolkovnik Kristof bildirib ki, “120-130 əsgəri təhlükəyə atmaq əvəzinə, robotlarımızı və dronlarımızı göndərəcəyik”.
Nəşrdə qeyd edildiyi kimi, URC təxminən on yerüstü robot platforması və 60-a qədər pilotsuz uçuş aparatından (PUA) ibarət olacaq. Onlar arxadan təlim keçmiş qoşunlar tərəfindən idarə olunacaq. Atəş açmaq qərarı operatora veriləcək.
Nəşrin məlumatına görə, robotların əksəriyyəti daxili yanma mühərrikləri ilə təchiz olunub və nəticədə pulemyot və sursat daşıya biləcəklər.
Qeyd olunur ki, artıq Saint-Cyr-Coëtquidan sınaq poliqonunda sınaqlar aparılır və burada maşınlar və dronlar arasında qarşılıqlı əlaqə, eləcə də süni intellekt əsaslı idarəetmə sistemi sınaqdan keçirilir.
Nəşrin məlumatına görə, bir vahidin qiyməti təxminən 10 milyon avrodur.
