Avropa Komissiyasına qarşı kiberhücum nəticəsində böyük həcmdə şəxsi məlumatın ələ keçirilmiş ola biləcəyi bildirilir. Hadisə ilə əlaqədar qurumun ən yüksək səviyyəli daxili böhran strukturunun təcili iclası çağırılıb.
Tacxeber.com “Politico”ya istinadən xəbər verir ki, təxminən 10 gün davam edən hücum bir sıra daxili sistemlərin fəaliyyətinə təsir göstərib. Əməkhaqqı, iş vaxtının uçotu və tibbi xərclərin ödənilməsi sistemləri müvəqqəti olaraq oflayn rejimə keçirilib.
Noyabrın 19-da yayımlanan xəbərə görə, Komissiya hücumun əsasən qarşısının alındığını hesab etsə də, dəymiş zərərin tam miqyası hələ müəyyənləşdirilməyib.
Komissiyanın sözçüsü Tomas Renye aşkarlanan kiberkampaniyaya cavab olaraq zəruri tədbirlərin görüldüyünü və aidiyyəti şəxslərin məlumatlandırıldığını bildirib.
Texnologiya məsələləri üzrə Avropa komissarı Henna Virkkunen də digər komissarları vəziyyət barədə məlumatlandırıb. Hücumun arxasında kimin dayandığı və hansı məlumatların ələ keçirildiyi barədə dəqiq məlumat açıqlanmayıb.
