Rusiyanın ən böyük onlayn ticarət platforması “Wildberries”in rəhbəri Tatyana Kimin Avropa İttifaqının sanksiya siyahısına salınmasından bir neçə gün sonra vəzifədən getdiyi bildirilir.
Tacxeber.com xəbər verir ki, “Reuters”in məlumatına əsasən, Rusiya mediası şirkət reyestrindəki qeydlərə istinadla Aleksey Kulikovun yeni baş direktor təyin olunduğunu yazıb. “Wildberries” rəhbər dəyişikliyi barədə agentliyin sorğusuna dərhal cavab verməyib.
Avropa İttifaqı noyabrın 16-da Tatyana Kimə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər onun Aİ-dəki aktivlərinin dondurulmasını, səfər və maliyyə əməliyyatları ilə bağlı qadağaları nəzərdə tutur.
Brüssel qərarını “Wildberries”in Rusiyanın iri vergi ödəyicilərindən olması və hərbi, eləcə də ikili təyinatlı məhsulların satışını asanlaşdırması ilə əsaslandırıb. Şirkət və Kreml isə platformanın Rusiya ordusunu təchiz etməsi barədə iddiaları rədd edir.
“Wildberries” daha əvvəl bildirib ki, Aİ-də aktivləri və biznes fəaliyyəti olmadığından sanksiyalar şirkətin işinə təsir göstərməyəcək. Rəhbər dəyişikliyinin səbəbi barədə ayrıca açıqlama verilməyib. The Moscow Times
Mənbə: Reuters — The Moscow Times
