DünyaGündəmTexnologiya

İlon Maskın imperatorluğu

Dünyanın kosmos və avtomobil sənayesini diz çökdürərək özünün kosmos və elektromobil sənayesini qurmuş, Starlink layihəsi naqilsiz internetin inhisarını qurmuş İlon Maskın (Elon Musk) qurucusu olduğu Tesla şirkətinin Optimus humanoid (insanabənzər) robotlarını istehsal edəcək nəhəng zavodların Texasdakı tikinti meydançasında qızğın iş gedir.

Havadan çəkilən görüntülər tikintinin artıq dörd mərtəbəyə qədər yüksəldiyini göstərir. İlon Mask il ərzində burada 10 milyon ədəd Tesla Optimus humanoid robotunun istehsal olunmasını planlaşdırır. Uzunmüddətli perspektivdə istehsalın 20 milyard ədədi keçməsi planlaşdırılır.

İlon Maskın başqa bir nəhəng layihəsi Tesla Terafab fabrikidir. Tesla Terafab fabrikində artıq bu ilin sonuna kimi AI5 və AI6 çiplərinin ilk partiyalarının istehsalının başlayacağı, genişmiqyaslı istehsalın isə 2028-ci ilə gerçəkləşəyi gözlənilir. Terafab yarımkeçirici fabrikinin 2028–2029-cu illərdə istehsal gücünü 100–200 milyard ixtisaslaşmış çip istehsalına qədər artıracağı planlaşdırır.

Bu hazırda bütün dünyada istehsal olunan çiplərin miqdarından 50 dəfə çoxdur. İstehsal olunacaq məhsulun səksən faizi SpaceX-in günəş enerjisi ilə işləyən orbital məlumat mərkəzlərinin (Orbital Data Centers) yaradılması üçün istifadə ediləcək. Yerdə qalan 20 faiz çiplər isə Tesla elektromobil və Optimus robotlarının istehsalında istifadə olunacaq.

Kosmosda dominatlıq edən SpaceX raket buraxılışını təxminən hər 40 dəqiqədən bir olmaqla il ərazində 10 minə çatdırmağı planlaşdırır. Falcon 9 ilə bir kq-m faydalı yükün kosmosa çatdırılma xərcini 18500 dollardan 2700 dollara endirən İlon Mask Falcon Heavy-i ilə bu qiyməti 1400 dollara yaxınlaşdırıb. İndi isə Starship ilə bir kq-m faydalı yükün kosmosa çatdırılma xərcini 99 faiz azaltmağı hədəfləyir.

İlon Maskın SpaceX şirkəti 2030-cu ilə qədər kosmosa 1 milyona qədər süni peyk buraxmağı da planlaşdırır. Bu məqsədlə SpaceX şirkəti bu ilin yanvarında ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) müraciət təqdim edib.
SpaceX-in haqqında demək olar ki, heç kimin haqqında heç nə bilmədiyi kosmik gəmini azqala məxfi şəkildə kosmosa göndərməsi də aparıcı siyasi mərkəzlərdə diqqətlə izlənilir. Bəzi mənbələrə görə, Starfall adlı kosmik gəmidən hərbi texnika və digər silahların daşınması üçün istifadə ediləcəyi təhlükəsi var.

ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) təqdim edilən sənəddə SpaceX bildirir ki, Starfall hərbi texnika da daxil vacib yüklərin qısa müddətdə kosmos vasitəsilə ünvanına dəqiq çatdırılmasını təmin edə bilər. Pentaqon bir neçə illərdir ki, böyük yükləri Yer kürəsinin istənilən yerinə tez bir zamanda çatdırmaq üçün kosmik raketlərdən istifadə etmək ideyasını araşdırır. SpaceX-in Pentaqonla bununla bağlı bir neçə müqaviləsi var.

İyunun 28-də 55 yaşı tamam olan İlon Maskın elmi fantastikanın hüdudlarını aşan planları bütün mövcud münasibətlər sistemini tamamilə dağıdaraq yeni vəziyyət yaradacaq. Starlink peyk internet sisteminin qəbuledici boşqablarının (anteni) terminallarla birbaşa əlaqəsini yenidən formatlamaqla Ukraynanı üstün, Rusiyanı zəif duruma salan İlon Mask dünyanın ən böyük nüvə gücü olan ölkəni belə sarsıtmaq imkanlarına malik olduğunu göstərdi. Bütün bunlar yalnız başlanğacdır.

Bəzi ekspertlər yarızarafat-yarıciddi qeyd edirlər ki, İlon Mask Ay və Marsı da əhatə edəcək nəhəng imperatorluğunu qurur. Bu imperatorluğun mərkəzində isə orbital məlumat mərkəzləri dayanacaq.
Google və Blue Origin də SpaceX kimi orbital məlumat mərkəzləri layihəsi planlaşdırırlar. Hər kəs anlayır ki, süni intellektin və ümumiyyətlə yeni texnoloji inqilabın taleyi orbital məlumat mərkəzlərindən asılıdır. Çünki, Yer kürəsində məlumat mərkəzlərini soyudacaq enerji və su yetərli olmayacaq.

Bu yaxınlarda ABŞ-da NV Energy elektrik şirkəti Kaliforniyada 49 min sakinə xidmət edən Liberty Utilities şirkətinin elektrik enerjisi ilə təmin etməyi dayandırmaq məcburiyyətində qalmışdı. Səbəb məlumat mərkəzlərindən birini elektrik enerjisinə təlabatının artması olmuşdur. Məlumat mərkəzlərinə görə yaşayış məskənlərinin elektrik enerjisinin dayandırılması halları isə artmaqdadır.

Çin ABŞ-la rəqabəti davam etdirməyə çalışdığı, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Almaniya, Fransa və digər ölkələr texnologiya monstralarından çox da geri qalmamağa çalışır. Məsələn, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung Electronics qarşıdakı 10 ildə 1000 trilyon von (648 milyard dollar) sərmayə yaırmağı planlaşdırır. Bu nəhəng sərmayə qoyuluşunun təxminən üçdə biri, 300 trilyon von çip fabriklərinin inşasına yönəldiləcək. Cənubi Koreyanın hədəfi dünya robot bazarının 30 faizini ələ keçirməkdir.Aydın görünür ki, qarşıdakı illər bəşəriyyətin çox uzun müddətə, bəlkə də üçüncü miniliyin sonuna taleyini müəyyən edəcək.

Texnologiya nəhəngləri məlumat mərkəzlərini kosmosda yerləşdirməklə bəlkə də enerji məsələsini həll edəcəklər. Ancaq orbital məlumat mərkəzlərinin fəaliyyətini təmin edəcək çiplərin istehsalı üçün nadir torpaq elementlərinə möhtacdırlar. Yaxın illərdə bu tələbatı kosmos vasitəsilə təmin etmək yəqin ki, mümkün olmayacaq. Öz sahəsinin ən peşəkarları olan mühəndisləri texnologiya şirkətlərindən 3-5 qat artıq əmək haqqı ilə özünün imperiyasına cəlb etməklə İlon Mask kadr problemini həll edəcək. Ancaq nadir torpaq elementləri olmadan İlon Mask nəhəng layihələrini həyata keçirmək üçün 200 milyard çip istehsalını gerçəkləşdirə bilməyəcək.

ABŞ-ın texnoloji sıçrayışı belə demək olar ki, nadir torpaq elementləri mədənlərinə çıxış imkanından asılı olacaq. Hazırda ABŞ-ın Çindən bu sahədə ciddi asılılığı var. Qarşıdakı illərdə Çin istəsə belə ABŞ-ın tələbatını ödəyə bilməyəcək. Üstəlik, Çindən asılılıq çox böyük siyasi risk yaradır. Çin istənilən zaman nadir torpaq elementlərinin ixracını dayandıra bilər. Pekin artlıq bir dəfə bunu edib. ABŞ-ın texnoloji sıçrayışını və Çindən asılılığını aradan qaldıracaq, İlon Maska fantastik ideyalarını həyaat keçirməyə imkan verəcək çoğrafiya Mərkəzi Asiyadır. Buna görə də texnologiyanın sürətlə inkişafı ABŞ-la Türküstanı bir-birinə qırılmaz tellərlə bağlamağa başlayır. Bu tellər Rusiyanın dekolonizasiyasını sürətləndirdiyi kimi, Qafqaz, İdel-Ural və Türküstanı vahid məkana çevirən prosesi başladıb. Bu tellərin nədən ibarət olduğu, Avrasiyanın mənzərəsini necə dəyişəcəyi haqqında başqa bir yazıda yazacağam.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor