Tarix

Yəxçal — buz əldə etmək və saxlamaq üçün tikili. Fars dilində mənası “buz çalası” deməkdir.

Qədimlərdə buzu əsasən qışda toplayıb saxlamağa çalışırdılar. Amma buz əldə etmək də kəşf olunmuşdu və bunu ilk dəfə İranda bacarmışdılar.

E.ə. 400-cü ilə qədər İran mühəndisləri səhrada qışda buz istehsalı və onu yayda saxlamaq üçün “yəxçal” texnologiyasını mənimsədilər. Tikili yerüstü qübbəvari hissəyə və yeraltı anbar otaqlarına malik idi. Buzun, bəzən isə ərzağın saxlanması üçün istifadə olunurdu. Yeraltı hissə qalın və istiliyədavamlı divarlarla inşa edilirdi.

Yəxçalların əksəriyyətində buz qışın soyuq vaxtlarında öz-özünə əmələ gəlirdi; su akveduk vasitəsilə yəxçala yönəldilir və tikilinin içində donurdu. Adətən, akvedukun divarı yəxçala bitişik şəkildə şərqdən qərbə istiqamətlənir, su isə şimal tərəfdən tökülürdü ki, divarın kölgəsi suyu soyutsun. Bəzi hallarda isə buz yaxınlıqdakı dağlardan gətirilir və donma prosesini sürətləndirmək üçün istifadə olunurdu.

Tikilinin forması soyuq havanın aşağıdakı girişdən keçərək yəxçalın ən alt hissəsinə — tutumu 5000 m³-ə çatan böyük yeraltı sahələrə çatmasına şərait yaradır. Eyni zamanda, hündür konusvari forma istiliyi yuxarı istiqamətləndirir və binanın üst hissəsindəki dəlik vasitəsilə çölə çıxarır. Bu hava dövranı sayəsində yəxçalın içindəki hava xaricə nisbətən xeyli sərin olur.

Yəxçal su keçirməyən və xüsusi istilik izolyasiyasına malik “saruc” adlı unikal qarışıqdan tikilirdi. Bu qarışıq qum, gil, yumurtanın ağı, əhəng, keçi tükü və külün müəyyən nisbətlərdə qarışığından ibarət idi. Saruc istilik ötürülməsini kəskin azaldır və tamamilə sukeçirməz sayılır. Divarların qalınlığı tikilinin aşağısında azı iki metr olurdu.

Əksər hallarda yəxçallar akveduka bağlı olurdu və bəziləri qədim havalandırma sistemi olan kərizlər və badgirlərlə — yəni “külək tutan qüllələr”lə təchiz edilirdi. Bu sistemlər yayda belə yəxçalın içindəki temperaturu sıfıra endirmək gücündə idi. Əsasən kərpicdən tikilən, kvadrat və ya yarımdairə formalı olan badgir qüllələrinin yuxarı hissəsində yerləşən dəliklər hətta zəif küləyi də tutaraq, onu aşağıdakı taxta lövhələrdən keçən tunellə sərin hava kimi daxilə ötürürdü. Səhrada yerləşən bir çox evlər də bu cür badgir sistemləri ilə təchiz olunmuşdu.

Yəxçalda yaradılan və saxlanılan buz il boyu, xüsusilə də isti yay günlərində müxtəlif məqsədlər üçün — ərzağın konservasiyası və soyudulması, eləcə də fəludə — ənənəvi fars dondurulmuş desertinin hazırlanması üçün istifadə olunurdu.

İran, Əfqanıstan və Tacikistanda müasir soyuducuya yəxçal deyilir.

“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l

“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli

 

Tacxeber.com

Oxşar xəbərlər

Sürəyya İsfəndiyari-Bəxtiyari

admin

Dövlət Müstəqilliyinin Bərpası Günü.

admin

Xocalıda ermənilərə etiraz edən gənc rus əsgərin müəmmalı ölümü

admin