“Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin Xızı rayonundakı anbarlarında yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti aşkarlanıb.
Tacxeber.com xəbər verir ki, Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin noyabrın 25-də yaydığı birgə məlumatda müəssisənin üç vəzifəli şəxsinin məsuliyyətə cəlb edildiyi bildirilib.
İstintaqın ilkin qənaətinə görə, şirkətə faktiki rəhbərlik edən Mahir Mirzəyev, direktor Elşən Usubov və kəsim sexinin müdiri Nazim Məmmədov təhlükəli məhsulları yararlı məhsullarla birlikdə satış məqsədilə saxlamaqda şübhəli bilinirlər.
Onlara insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarını satış məqsədilə saxlama və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Elşən Usubov barəsində həbs, Mahir Mirzəyev və Nazim Məmmədov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İstintaq davam edir. Rəsmi açıqlamada aşkarlanan məhsulların satışa çıxarıldığı və ya istehlakçılara çatdığı barədə məlumat verilməyib.
