Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fatimə Mövlamlı ailəsi ilə görüşlərinin ləğv ediləcəyi barədə xəbərdarlıq aldığını bildirib.
Tacxeber.com Meydan TV-yə istinadən xəbər verir ki, noyabrın 24-də jurnalistin sosial şəbəkə hesabında yayımlanan məlumatda xəbərdarlığın təcridxananın rəis müavini Cavid Güləliyev tərəfindən göndərildiyi iddia olunur.
Mövlamlı bunu noyabrın 22-də yayımlanmış məktubu ilə əlaqələndirir. Həmin məktubda jurnalist təcridxanada qadın məhbuslarla rəftar, telefon əlaqəsinə məhdudiyyətlər və etiraz edənlərin təkadamlıq kameralarda saxlanılması barədə yazıb.
O, rəis müavininin qadın məhbusları təhqir etdiyini və cinsi zorakılıqla hədələdiyini də iddia edib. Jurnalist Ədliyyə Nazirliyini və aidiyyəti qurumları hadisələri araşdırmağa, məhbusların təhlükəsizliyini təmin etməyə çağırıb.
Mənbənin məlumatına görə, təcridxana rəhbərliyinin və Penitensiar Xidmətin xəbərdarlıqla bağlı mövqeyi məlum deyil. Ailə görüşlərinin faktiki ləğv edildiyi də bildirilməyib.
Fatimə Mövlamlı “Meydan TV işi” üzrə qaçaqmalçılıq ittihamı ilə həbsdədir. O, ittihamı rədd edir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.
