Bu adı Rusiyanın Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutan “Cənub Axını” qaz kəməri layihəsinə vermişdim. (Avrasiyanın Arteriyaları kitabımda).
CƏNUB AXINI
“Cənub Axını” Qara dənizin dibi ilə Rusiyadan Cənubi və Mərkəzi Avropaya qaz tədarükünü nəzərdə tutan layihə olaraq nəzərdə tutulmuşdir. Onun əvvəlcə Qara dəniz vasitəsilə Rusiyadan Bolqarıstana kimi uzanması, daha sonra iki hissəyə ayrılaraq, birinci qolunun Serbiya, Macarıstan və Avstriyanı, digər qolunun isə Yunanıstan və İtaliyanı əhatə etməsi planlaşdırılmışdır.
Rusiya tərəfinin bu layihə təşəbbüsünü irəli sürməkdə məqsədi Rusiya təbii qazının Avropaya tədarükünü diversifikasiya etmək, təchizatçı və alıcıların tranzit ölkələrdən, xüsusən də Ukrayna və Türkiyədən asılılığını azaltmaq idi. Bu “Axın” həm də Rusiyanın cənubundan Avropaya getməli olan, Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən “Nabukko” qaz kəmərinə rəqib layihə hesab edilirdi.
Tarixi
2007-ci ilin iyun ayında Romada “Qazprom” ASC və İtaliyanın “Eni” şirkəti tərəfindən hər iki ölkənin Energetika nazirlərinin iştirakı ilə “Cənub Axını”nın layihələndirilməsi və tikintisi üzrə ilk çərçivə memorandumu imzalandı. Bu memorandum iki şirkət arasında qaz kəmərinin layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və idarə olunması sahəsində əməkdaşlıq sahələrini müəyyən edirdi.
Daha sonra Rusiya ilə Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Türkiyə, Sloveniya, Xorvatiya və Avstriya arasında müxtəlif günlərdə “Cənub Axını” qaz kəməri layihəsi üzrə müxtəlif səviyyələrdə əməkdaşlığa dair sazişlər imzalandı. Hətta Fransanın ən böyük elektrik şirkəti “Electricite de France” “Cənub Axını” layihəsinə 10% payla daxil olması haqqında “Qazprom” ASC ilə müqavilə imzaladı.
Böyük planlar
Layihənin ilkin planlarına əsasən, “Cənub Axını” qaz kəmərinin tikintisinə 2010-cu ilin noyabrında başlana bilərdi, lakin layihənin sonrakı inkişafı zamanı tikintinin 2013-cü ildə başlayacağı elan edildi. 2012-ci ilin fevralında layihənin operatoru “South Stream Transport AG”nin direktorlar şurasına layihənin 7 dekabr 2012-ci ildə başlamalı olduğu plan təqdim edildi və ilk qaz tədarükünün 2015-ci ilin sonunda baş tutacağı bildirildi.
Coğrafiyası
“Cənub Axını”nın dəniz hissəsi Qara dənizin dibi boyunca Rusiya sahillərindəki “Russkaya kompressor” stansiyasından Bolqarıstan sahilində Varnanın Qalata məhəlləsinə qədər layihələndirilmişdir. Kəmərin Qara dənizin dibinə enəcəyi maksimum dərinliyin 2 km-dən çox olacağı düşünülürdü.
Marşrutun Rusiya, Türkiyə və Bolqarıstan iqtisadi zonalarından keçəcəyi planlaşdırılırdı. Lakin bu xətlərin dəqiq marşrutları heç vaxt təsdiqlənməmişdi.
Texniki-iqtisadi göstəriciləri
Qaz kəmərinin sualtı hissəsinin uzunluğu 900 km olmalı idi. Yeni qaz kəmərinin ötürmə qabiliyyəti ilkin olaraq ildə 30 milyard kubmetr nəzərdə tutulsa da, 2009-cu ilin mayında İtaliyanın “Eni” şirkətinin sifarişi ilə o, 63 milyard kubmetrə qədər genişləndirildi. Qaz kəmərinin hər birinin ötürmə qabiliyyəti 15.57 milyard kubmetr olan 4 xəttdən ibarət olacağı güman edilirdi. Dəniz daxilində maksimum döşənmə dərinliyi 2250 m olmalı idi.
“Cənub Axını” layihəsinin təxmini dəyərinin 15.5 milyard avro, bəzi hesablamalarda 20 milyard avroya qədər ola biləcəyi nəzərdə tutulmuşdu.
Əvvəlcə layihənin dəniz hissəsinin “Qazprom” ASC və İtaliyanın “Eni” şirkəti arasında hər bir şirkətin 50% olmaqla bərabər bölünməsi planlaşdırılırdı, 2009-cu ilin sonunda Fransanın “Electricite de France” şirkəti ilə rəsmi danışıqlar başladı və 2010-cu ilin iyununda 10% payla şirkət layihəyə daxil oldu. “Eni” şirkətinin öz payının 10%-ni Fransa tərəfinə verəcəyi güman edilirdi. Çünki “Qazprom” ASC 50%-lik payını saxlamaqda israrlı idi.
Bir müddət davam edən danışıqlardan sonra 2011-ci ilin oktyabrında “South Stream Transport” şirkəti Amsterdamda qeydiyyata alındı. Onun səhmdarları aşağıdakı paylara sahib oldular:
• “Qazprom” ASC – 50%;
• Eni – 20%;
• EDF Group – 15%;
• Wintershall AG – 15%.
Əsas marşrutun Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliyadan keçməsi nəzərdə tutulurdu. Bosniya və Herseqovinada, Xorvatiya və Serb Respublikasında da qaz kəmərlərinin çəkilməsi planlaşdırılırdı. Layihənin torpaq hissəsini həyata keçirmək üçün Rusiya Bolqarıstan, Serbiya, Macarıstan, Yunanıstan, Sloveniya, Avstriya və Xorvatiya ilə hökumətlərarası sazişlər imzaladı.
Hökumətlərarası sazişlərin bir hissəsi olaraq bu ölkələrdə səhmlərdə iştirak edən birgə şirkətlər yaradıldı:
• “South Stream Austria Gmbh”. Səhmdarlar: “Qazprom” ASC – 50%, OMV – 50%;
• “Cənub axını Bolqarıstan AD”. Səhmdarlar: “Qazprom” ASC – 50%, Bolqar Enerji Holdinq EAD – 50%;
• “Cənub axını Macarıstan Zrt”. Səhmdarlar: “Qazprom” ASC – 50%, Magyar Villamos Művek Zrt.” (MVM) – 50%;
• “Cənub Axını Yunanıstan SA”. Səhmdarlar: “Qazprom” ASC – 50%, DESFA SA – 50%;
• “Cənub Axını Serbiya AG”. Səhmdarlar: “Qazprom” ASC – 51%, Serbijagaz – 49%;
• “Cənub Axını Sloveniya MMC”. Səhmdarlar: “Qazprom” ASC – 50%, Plinovodi d.o.o. – 50%.
Yarımçıq qalan “cənub” arzusu
“Cənub Axını” üçün risklər Krımın ilhaqından sonra kəskin artdı. Layihə tərəfdaşlarından bir-birinə zidd olan davranışlar müşahidə edilməyə başladı.
Əvvəlcə layihə komandasının İtaliya tərəfinin rəhbəri Paolo Scaroni tikinti üçün lisenziyanın ləğvedilmə ehtimalına toxundu. Daha sonra Energetika üzrə Avropa komissarı Q.Ottingerin təmsil olunduğu Avropa Komissiyası “Cənub Axını”nın tikintisi üzrə Rusiya ilə danışıqları dayandırdı.
İtaliyanın əksinə olaraq, Fransa asanlıqla qaz tədarükünün etibarlılığını artırmaq üçün “Cənub Axını”nın tikintisini təsdiqlədi. Bolqarıstanın Baş naziri Plamen Oreşarski də Fransa ilə oxşar mövqe tutdu və Bolqarıstanın marşrutun öz hissəsində tikinti işlərini dayandırmayacağını elan etdi.
2014-cü ilin aprelin 17-də Avropa Parlamenti “Cənub Axını”nın tikintisinə qarşı Qətnamə qəbul etdi və qətnamə qəbul edilən gün Qərb mətbuatı layihəni “ölü layihə” adlandırdı.
Rusiya hökuməti isə fikrindən dönmədi. Rəsmi Moskva layihənin hökumətlərarası razılaşmalara uyğun olaraq həyata keçirildiyini əsas gətirərək, Avropa Parlamentinin “Cənub Axını” layihəsinin dayandırılması ilə bağlı qərarının onun icrasına təsir etməyəcəyini, işlərin davam etdiriləcəyini bildirdi. Elə Bolqarıstan tərəfindən də qaz kəməri layihəsi üzrə işlərin ciddi şəkildə qrafikə uyğun aparıldığı və Bolqarıstan hissəsinin tikintisinə 2014-cü ilin iyununda başlanacağı bildirildi.
Amma ABŞ bu layihədə də öz sözünü dedi. Belə ki, 2014-cü il iyunun 8-də amerikalı konqresmenlərlə görüşdən sonra Bolqarıstanın Baş naziri Plamen Oreşarski “Avropa Komissiyasının iradları aradan qaldırılana qədər” işin dayandırıldığını elan etdi.
Rusiyanın cavabı gecikmədi. Dövlət Dumasının rəsmisi Leonid Kalaşnikov bu qərarı “Rusiyanın real enerji şantajı” kimi qiymətləndirdi və Rusiyanı öz qazını yalnız Ukrayna vasitəsilə ixrac etməyə məcbur etmək istədikləri üçün Avropanı ittiham etdi. Rusiya Prezidenti V.Putin isə daha israrlı görünürdü. Buna görə də Aİ-nin tənqidlərinə baxmayaraq, iyunun 24-də onun Avstriyaya səfəri zamanı “Qazprom” ASC və Avstriyanın OMV konserni arasında qaz kəmərinin tikintisi ilə bağlı saziş imzalandı.
Tikintinin dənizə aid hissəsindəki işlərə 2014-cü ilin dekabrında başlamaq nəzərdə tutulmuşdu. Hətta birinci xətt üçün borular istehsal edilərək Varnaya daşınmışdı. Lakin dekabrın 1-də Rusiya Prezidenti V.Putin Ankarada keçirdiyi mətbuat konfransında Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə və “Cənub Axını”nın tikintisinə Bolqarıstanın icazə vermədiyinə görə bu boru kəmərinin tikintisindən imtina etdiyini açıqladı. O, eyni zamanda, Avropa Komissiyasının bu layihənin həyata keçirilməsinə kömək etmək əvəzinə, buna maneələr yaratdığını və belə bir layihənin artıq həyata keçirilməyəcəyini bildirdi. Eyni zamanda, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəyini, indi isə Bolqarıstanın bu imkanlardan məhrum olduğu üçün Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan vəsaitə görə təzminat istəməli olduğunu da açıqladı.
Bu hadisədən cəmi üç həftə sonra Bolqarıstan tərəfinin ilk peşmançılıq davranışları sərgiləndi. Dekabrın 19-da Bolqarıstanın Baş naziri Boyko Borisov “Cənub Axını”nın tikintisi üçün bütün lazımi icazələri verməyə və tikintiyə hazırlıqla bağlı öhdəlikləri yerinə yetirməyə hazır olduqlarını bildirdi. Sonrakı dönəmlərdə Rusiya tərəfindən layihəyə qayıdışla bağlı xahişlər edildi, lakin Rusiyanın planları artıq dəyişmişdi.
2016-cı ildə Bolqarıstan mətbuatı Rusiyanın layihənin yenidən başlaması ilə bağlı yanlış informasiya tirajladığı zaman rəsmi Moskva bir daha sözügedən layihənin artıq bitdiyini təkrar bildirdi.
Beləliklə, bir neçə il Balkan ölkələri “Cənub Axını”nın nə vaxtsa reallaşacağına ümid etdilər. Serbiyanın bu layihəyə yeddi il pul yatırdığını, böyük işlər gördüyünü və ən çətin zamanlarda belə ondan imtina etmədiyini deyən Baş nazir Aleksandr Vuçiç layihənin dayandırılmasında onların günahının olmadığını və ölkəsinin nəhəng oyunçuların toqquşmasının əvəzini ödədiyini bildirdi. Serbiya Prezidenti Tomislav Nikoliç isə öz növbəsində bunu şərqlə qərb arasında siçan-pişik oyununa bənzətdi.
Qış astanasında yeni qaz mənbələri axtarmağa çalışan Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto isə bundan sonra enerji resurslarının idxalını Azərbaycanın hesabına artırıla biləcəyini açıqladı.
Bolqarıstan tərəfi isə Rusiyadan əl çəkmək istəmirdi. 2018-ci ilin may ayında Bolqarıstan Prezidenti Rumen Radev Rusiyaya səfəri zamanı Bolqarıstanın Qara dəniz vasitəsilə Rusiya qazına ehtiyacı olduğunu bildirdi. Bundan bir neçə gün sonra Bolqarıstanın Baş naziri Boyko Borisov isə Rusiyaya səfəri zamanı “Cənub Axını”nın pozulmasına görə bir daha üzr istəyərək hamını təəccübləndirən ifadə işlətdi: “Rusiyaya kin saxlamadığına görə minnətdaram. Ağsaqqal həmişə bağışlayar”.
Lakin artıq gec idi. Rusiya “Cənub Axını”nı arxivə atmış və yeni layihə olan “Türk Axını” üzərində işləyirdi.
