25.4 C
Bakı
10 İyun 2026 22:22
Siyasət

Əli Kərimli: “Əgər mən ölsəm — bu, siyasi qətldir”

AXCP sədrinə 20 il həbs cəzası verilə bilər

France 24-ə verdiyi müsahibədə Azərbaycan müxalifətinin əsas simalarından biri Əli Kərimli açıq və sərt mesaj verdi. O, ona qarşı irəli sürülən ittihamları tamamilə saxta və siyasi motivli adlandırır və özünü vicdan məhbusu kimi təqdim edir. Bu, sadəcə müdafiə mövqeyi deyil, eyni zamanda siyasi bəyanatdır.

12-20 il həbs cəzası almaq ehtimalı olan cənab Kərimlinin sözlərinə görə, ona qarşı real istintaq aparılmır, ittihamların mahiyyəti belə gizli saxlanılır və vəkillərinə belə iş materiallarına tam çıxış verilmir. Bu isə onun fikrincə prosesi hüquqi çərçivədən çıxarıb siyasi müstəviyə keçirir.

Müsahibənin ən diqqət çəkən hissəsi isə onun həyatına təhlükə ilə bağlı dedikləridir. O, son illərdə həbsdə baş verən şübhəli ölümləri xatırladaraq özünün də eyni aqibətlə üzləşə biləcəyini istisna etmir. Açıq şəkildə bildirir ki, əgər həbsdən sağ çıxmasa, bu, siyasi qətl kimi qəbul edilməlidir. Bu cümlə müsahibənin əsas mesajına çevrilir və artıq təkcə şəxsi təhlükəsizlik məsələsi deyil, siyasi ittiham kimi səslənir.

Kərimli Azərbaycan siyasi sistemini sərt iyerarxiyaya əsaslanan bir model kimi təsvir edir. Onun fikrincə, qərarlar mərkəzdə qəbul olunur və aşağı səviyyədə heç kim bu qərarlara qarşı çıxmaq iqtidarında deyil. Bu isə sistemi fərdlərdən asılı olmayan, tam mərkəzləşdirilmiş bir mexanizmə çevirir.

Müsahibədə Qərbə də açıq mesaj var. Kərimli Avropa institutlarının onu və digər 400 siyasi məhbusu müdafiə etməsini müsbət qiymətləndirsə də, bunun kifayət etmədiyini deyir. Onun fikrincə, Avropa hökumətləri real siyasətin tələblərinə görə daha ehtiyatlı davranır, enerji təhlükəsizliyi və Rusiya ilə bağlı problemlər fonunda Azərbaycan məsələsində prinsipial mövqe sərgiləməkdən çəkinir.

O, xüsusilə enerji məsələsinə toxunaraq bildirir ki, Avropanın Azərbaycana qaz baxımından ehtiyacı olduğu qədər Azərbaycanın da Avropa bazarına ehtiyacı var. Bu münasibətin qarşılıqlı olduğunu vurğulayaraq deyir ki, bu, Avropanın insan haqları məsələsində susması üçün əsas olmamalıdır.

Kərimli həmçinin Azərbaycanın hələ də Rusiyanın təsir dairəsindən tam çıxmadığını qeyd edir. MDB üzvlüyü, rus dilinin geniş istifadəsi və siyasi əlaqələr bu təsirin davam etdiyini göstərir. Onun fikrincə, Moskva ilə Bakı arasında münasibətlər zəifləsə də, bu əlaqələr tam qırılmayıb.

Müsahibədə onun Aleksey Navalnı ilə müqayisə olunmasına da toxunulur. Kərimli bu müqayisəni özü etməsə də, bunun səbəbini uzun illər davam edən mübarizə, həbs və həyatına yönəlik risklərlə izah edir.

Fransa ilə Azərbaycan münasibətləri barədə danışarkən isə o, bu əlaqələrin dalğavari xarakter daşıdığını bildirir. Qarabağ müharibəsi dövründə yaranan gərginliyin hələ də təsir etdiyini qeyd edir, lakin Fransanın regiona daha balanslı yanaşmasının vacibliyini vurğulayır.

Bu müsahibənin ümumi mənzərəsi aydındır. Kərimli sadəcə özünü müdafiə etmir. O, baş verənləri siyasi çərçivəyə salır, özünü siyasi məhbus kimi təqdim edir və məsuliyyəti birbaşa hakimiyyətin üzərinə qoyur.

Bu artıq adi məhkəmə prosesi kimi təqdim edilmir. Bu, daxili siyasi qarşıdurmanın beynəlxalq informasiya məkanına çıxarılmasıdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya, Kreml Polşa əməliyyatı ilə nə etmək istəyir…

redaktor

Bu günkü hadisələr İsrailin İrandakı strateji hədəflərini bəlli edir

admin

V. Zelenskinin D. Trampın sülh planı ilə bağlı fikirləri

admin