Düzdür, BRİCS ölkələrinin dünya iqtisadiyyatında çəkisi sürətlə artır. Bu gün bu ölkələrin payına dünya əhalisinin təxminən yarısı, qlobal ÜDM-in 40%-i və dünya ticarətinin dörddə birindən çoxu düşür.
Amma burada çox vacib bir fərq var. BRİCS ölkələrinin iqtisadi gücünün artması ilə BRICS-in bir təşkilat kimi güclənməsi eyni şey deyil.
Hindistan BRİCS olmasaydı da sürətlə böyüyəcəkdi. Çin BRİCS sayəsində dünyanın ikinci böyük iqtisadiyyatına çevrilməyib. Körfəz ölkələrinin iqtisadi imkanlarını da BRICS yaratmayıb. Yəni ayrı-ayrı üzv ölkələrin iqtisadi böyüməsini BRICS formatının iqtisadi nəticəsi kimi təqdim etmək doğru deyil.
Əsas problem isə üzvlərin maraqlarının ciddi şəkildə fərqlənməsidir. Rusiya və İran BRICS-i Qərbə qarşı geosiyasi platforma kimi görməyə daha çox meyllidir. Hindistan isə əksinə, Qərblə iqtisadi, texnoloji və investisiya əlaqələrini qorumaqda maraqlıdır və BRICS-in Qərbə qarşı bloka çevrilməsini istəmir. Çinlə Hindistanın öz arasında isə həm iqtisadi, həm də strateji rəqabət mövcuddur. İran və BƏƏ-nin təhlükəsizlik maraqlarında da ciddi ziddiyyətlər var.
Belə müxtəlif maraqları olan ölkələrin müəyyən məsələlərdə siyasi mövqe uzlaşdırması mümkündür. Amma vahid iqtisadi mərkəz yaratması daha çətindir.
Xüsusilə də dolları əvəz edəcək ortaq valyutadan danışmaq üçün iqtisadi əsaslar yoxdur. Ortaq valyuta siyasi bəyanatla yaranmır. Bunun üçün yüksək iqtisadi inteqrasiya, uyğun pul-kredit siyasəti, ortaq maliyyə institutları, kapitalın sərbəst hərəkəti və ən əsası ölkələr arasında yüksək etimad lazımdır.
BRİCS-də isə bunlar yoxdur.
Milli valyutalarla qarşılıqlı hesablaşmaların artması mümkündür və artıq bu istiqamətdə proses gedir. Amma milli valyutalarla ticarət tamam başqa, dolları əvəz edəcək ortaq valyuta yaratmaq isə tamam başqa məsələdir.
Əlqərəz, BRİCS ölkələrinin ayrı-ayrılıqda güclənməsi reallıqdır. Amma BRICS-in vahid iqtisadi və siyasi gücə çevrilməsi isə hələlik daha çox siyasi iddiadır.
