Gözlənildiyi kimi, Hindistanda keçirilən BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Başqa sözlə BRİCS üzvləri Rusiya və İranı dəstəkləməyiblər. Yekun bəyannamədə Tehran və Moskva Qərb ölkələrinin hədəf seçilməsini istəyirdilər. Ancaq başda sammitin ev yiyəsi – Hindistan olmaqla BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanın hədəf seçilməsinin əleyhinə olublar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olduğunu etiraf edib.
Rusiya Ukraynaya qarşı işğalı müharibə aparır. Belə olan halda BRİCS üzvlərinin Rusiyanı dəstəkləmələri mümkün deyildi. İranı dəstəkləyən bəndin bəyannaməyə salınmasına isə digər üzv dövlət Birləşmiş Ərəb Əmirlikləri razılaşa bilməzdi. Çünki, Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox raket və dron zərbəsinə məruz qalan ölkədir. BRİCS-də qəribə vəziyyət yaranıb, qurumun bir üzvü (İran) digər üzvünün (Birləşmiş Ərəb Əmirlikləri) ərazisinə zərbələr endirib və bu proses yekunlaşmayıb.
Buna baxmayaraq, BRİCS üzvləri digər məsələlərdə konsesusa nail olublar. Bəyannamədə BRICS ölkələri Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğuna inandıqları birtərəfli tarif və qeyri-tarif tədbirlərinin genişləndirilməsindən narahatlıqlarını ifadə ediblər. BRİCS üzvləri malların sabit axınını təmin etmək, qlobal təchizat zəncirlərini qorumaq və fasiləsiz enerji təchizatını təmin etmək üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıblar. Üzv ölkələr həmçinin qarşılıqlı ticarətdə milli valyutaların istifadəsinin genişləndirilməsi üzərində işləməyə davam etmək niyyətlərini bəyan ediblər.
Bəyannamədə beynəlxalq təhlükəsizliyə həsr olunan bəndlər də yer alıb. BRİCS üzvləri münaqişələrə səbəb olan problemlərin aradan qaldırılmasını müdafiə ediblər. Bundan başqa bəyannamədə nüvə təhdidlərilə bağlı risklərlə bağlı narahatlıqlarını bildiriblər. Bu bənd əslində Rusiyaya aid olmalıdır. Çünki Ukraynaya qarşı müharibə dönəmində müxtəlif ölkələri nüvə silahıyla təhdid edən açıqlamaları məhz rusiyalı rəsmilər səsləndirirlər.
BRİCS üzvləri Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması məsələsində fikir birliyinə varıblar. Üzv dövlətlər bəyannamədə Yaxın Şərqdə uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün dialoq və diplomatiya yolu ilə səyləri dəstəklədiklərini vurğulayıblar. Bu mənada BRİCS üzvləri İsrail-Fələstin qarşıdurmasının BMT bəyannamələri əsasında “iki dövlət üçün iki xalq” prinsipi ilə həllində tərəfdar olduqlarını bildiriblər. Bəyannamədə İsrailin siyasətinin qəbul olunmadığına dair bir neçə bənd var. Bu bəndlərin birində üzvlər Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönəlmiş hər hansı birtərəfli tədbirləri rədd etdiklərini vurğulayıblar. İsrailin Qəzza zolağında humanitar yardımın təmin edilməsi ilə bağlı hüquqi öhdəliyi xatırladılıb. Bəyannamənnin Suriya ilə bağlı hissəsində də İsrailə işarə edilib: “Biz işğalçı qüvvələrin Suriyadan çıxarılması zərurətini bir daha təsdiqləyirik”. İsrailin hərbi qüvvələri Suriyanın cənubundakı əraziləri işğal edib və həmin əraziləri tərk etmək planları yoxdur. BRİCS üzvləri yekun bəyannamədə uzaq Kubanı da umutmayıblar. BRICS liderləri ABŞ-ın adını çəkmədən bu dövlətin Kubaya qarşı birtərəfli embarqonun sərtləşdirilməsi və bunun ölkə iqtisadiyyatına, enerji təchizatına və humanitar vəziyyətə mənfi təsiri ilə bağlı dərin narahatlıqlarını bildiriblər.
Yeni Dehlidə BRİCS + sammiti də keçirilib. Bu sammit Hİndistan üçün xüsusi əhəmiyyət kəsb edib. Çünki, Yeni Dehli BRİCS-in genişlənməsinin və bununla Qlobal Cənub prinsipinin real mexanizmə çevrilməsinin tərəfdarıdır. Qlobal Cənub konsepsiyası Hindistanı Yaxın Şərq, Afrika, Asiya dövlətləriylə daha sistemli şəkildə əlaqələndirir. Hindistan BRICS-in beynəlxalq düzəni əvəz etməsini istəmir. O, BRICS-in mövcud düzən daxilində Hindistanın danışıqlar gücünü artırmasını hədəfləyir.
Buna baxmayaraq, Yeni Dehlidə keçirilən sammit də göstərdi ki, BRİCS üzvləri arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmayıb. BRİCS-in daha güclü olması üçün Rusiya-Ukrayna müharibəsi, o cümlədən İran ətrafındakı gərginlik və SEPAH qüvvələrinin Körfəz ölkələrinin ərazilərinə zərbələri dayandırılmalıdır.
