Sovet İttifaqının dağılmasında Baltikyanı respublikların tarixi rolu nə idisə, Rusiyanın parçalanmasında da Çeçenistan və Tatarıstanın rolu ondan ibarət olacaq. Ona görə də Çeçenistan və Tatarıstanda baş verən hadisələr, çeçen və tatar müxalifətinin, diasporunun xaricdəki fəaliyyəti çox önəmlidir.
Litvanın Rusiya işğalına qarşı mübarizəsi imperiyanın dağılmasını sürətləndidrərək xalqların müstəmləkə əsarətindən xilas olaraq öz müqəddəratlarını təyin etmələrinin yolunu açmışdı. Bu tarixi hadisənin təməlləri isə təxminən 50 il öncə, XIX əsrin 60-cı illərində atılmışdı. 1863-1864-cü illərdəki Polşa üsyanından sonra Rusiya sərt ruslaşdırma siyasəti tətbiq etməyə başladı və 1865-ci ildə İmperator II Aleksandr latın qrafikası ilə kitab çapını qadağan etdi. Bu Litva üçün doğma dildə kitab çapının qadağan edilməsi demək idi. Litvalılar cavab olaraq Şərqi Prussiyada kitab çap etməyə başladılar və onları qaçaqmalçılıq yolu ilə vətənlərinə daşıdılar. Litva tarixçilərinə görə, bu şəkildə təxminən 5 milyon nüsxə kitab çap edilərək Litvaya daşınıb. Bu Litvanın ruslaşdırmaya qarşı müqaviməti olmaqla imperiyanın da məqsədlərinə çatmasının qarşısını alaraq dekolonizasiyasının yolunu açırdı.
Rusiya İmperiyasının dağılmasından sonra müstəqilliyini bəyan edən Litvanın azadlığını 1940-cı ilə kimi, Şərqi Avropa Hitlərlə Stalin arasında bölşüdürülənə qədər qorumasında 1865-ci ildən başlayan “kitab qaçaqmalçılığı”nın nəticəsi olan milli fikirin inkişafı mühüm rol oynamışdı.
Moskva Çeçenistanın müstəqilliyini qan içində boğaraq Rusiyanın dekolonizasiyasını müvəqqəti olaraq dayandırsa da, Rusiyanın dağılmasının qarşını tamamilə ala bilməyəcək. Çünki, Moskva Çeçenistanın müstəqilliyini qan içində boğsa da, çeçenləri imperiyanın itaətkar təbəəsinə çevirə bilməyib.
Raşizmin bütün təmsilçilərinə, o cümlədən Sergey Uvarov, İvan İlyin və Vladimir Putinə görə müstəmləkə xalqlarının hansısa hüquqa malik olmaları Rusiyanın gələcəyini sual altına salır..
Sergey Uvarov Rusiyanın varlığını qoruya bilməsinin əsas şərtinin mütləqiyyət rejiminin mövcudluğu olduğuna inanırdı. İvan İlyin Rusiyada federal sistemin tətbiq edilməsinin ölkənin parçalanmasına və məhvinə səbəb olacağını bildirirdi. Putin 2017-ci ildə Oliver Stouna müsahibəsində bildirir ki, Rusiya Qərbdə mövcud olan federasiyalar kimi mövcud ola bilməz və dağılar. Putinin 2000-ci ildə hakimiyyətə gəlişindən dərhal sonra Yeltsin dövründə milli respublikalarla bağlanmış federasiya müqavilələrini rədd edərək onların muxtariyyatını formallığa çevirməsi diktatorun imperiyanın dağılacağından qorxmasının nəticəsidir.
Putinin çeçenlərə qarşı soyqırımı həyata keçirməsinə, aramsız repreasiyalarına baxmayaraq Tatarıstanın suverinliyinin bütün əlamətlərini məhv edə bilmədiyi kimi, çeçen xalqını da imperiyanın müti təbəəsinə çevirə bilmədi. Çeçenistanın faktiki rəhbəri Ramazan Kadırovun Putinə göstərdiyi itaətkarlığı baxmayaraq Moskva bu respublika üzərində tam hakimiyyətə malik deyil. Siyasi təhlilçilər arasında belə fikir var ki, Çeçenistan Belarusdan daha çox suverinliyə malikdir. Heç şübhəsiz ki, Moskva Belarusa vermədiyi suverinliyi Çeçenistana könüllü güzəştə getməyib. Rusiyanın digər subyektlərindən Çeçenistanın fərqlənməsi müstəqillik uğrunda mübarizənin və çeçen xalqının imperiyasının müti təbəəsinə çevrilməməsinin nəticəsidir.
Moskvanın Çeçenistana güzəştinin önəmli səbəblərindən biri də İçkeriya Çeçen Respublikasının (Chechen Republic of İchkeria) hökumətinin Rəyasət Heyətinin geniş miqyaslı siyasi təşəbbüsüdür. İÇR hökumətinin Rəyasət Heyətinin Rusiya Federasiyası tərəfindən suveren və müstəqil Çeçen İçkeriya Respublikasının (Chechen Republic of İchkeria) işğalının beynəlxalq səviyyədə tanınmaması və çeçen xalqının soyqırımının pislənməsi ilə bağlı Müraciətinin beynəlxalq aləmdə geniş dəstək qazanması Rusiyanın dekolonizasiyasının hüquqi təməllərini yaradan önəmli məqamlardan biridir.
ABŞ Senatının Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə terrorizmə sponsorluq edən dövlət elan etməyə çağıran qətnaməsinin qəbulunda həmin Müraciətin önəmli təsiri olmuşdur. ABŞ Senatının həmin qətnaməsində Çeçenistan Gürcüstan və Ukrayna kimi Rusiya işğalı ilə üzləşmiş müstəqil respublikalarla bir tutulması İÇR hökumətinin Rəyasət Heyətinin ən böyük siyasi uğurlarından biridir.
Ukrayna Ali Radası Rusiya tərəfindən müvəqqəti işğal edilmiş Çeçenistan İçkeriya Respublikasının suverenliyini tanıyan və çeçen xalqına qarşı Rusiyanın soyqırımını pisləyən qətnaməsi Rusiyanın dekolonizasiyasının hüquqi əsaslarını yaradan digər önəmli qanunvericilik aktıdır. Bütün bunlar o anlama gəlir ki, Rusiyanın dekolonizasiyasının hüquqi əsasları yaradılıb və burada Çeçenistanın müstəsna rolu var.
Sentybarın 6-də azadlıqsevər çeçen xalqı Müstəqilliyin bəyan edilməsinin 35-ci ilini qeyd etdi. Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Çeçen Xalqının Ümummilli Konqresinin 1991-ci il sentyabrın 6-da Çeçenistanın müstəqilliyini bərpası ilə bağlı Qətnaməsini çeçen xalqının öz müqəddəratını təyin etmə hüququnu gerçəkləşdirməsi hesab edərək Çeçen İçkeriya Respublikasını müstəqil dövlət, onun əraisini müvəqqəti işğal ərazisi kimi tanıyır. Yaponiyaya məxsus Kuril adaları müvəqqəti işğal ərazisi hesab olunduğu kimi, Çeçen İçkeriya Respublikasının ərazisi də Rusiya tərəfindən zəbt edilmiş müvəqqəti işğal ərazisi kimi tanınmalıdır.
Estoniya, Latviya və Litvanın Sovet İttifaqı tərəfindən işğalını tanımayan Qərb bununla Sovet İttifaqının dekolonizasiyasına necə nail oldusa, Çeçen İçkeriya Respublikasını müstəqil dövlət, onun əraisini müvəqqəti işğal ərazisi kimi tanımaqla Rusiyanın dekolonizasiyası prosesini sürətləndirə bilərlər.
Rusiyanın dekolonizasiyası tarixin inkişaf qanunauyğunluğunun diqtəsidir. Bu prosesi ləngitmək olar, ancaq onun qarşısını almaq mümkün deyil.


