23 C
Bakı
12 Sentyabr 2026 23:13
İdman

Montellaya olar, Ayxan Abbasova yox?..

Son dönəmlərdə millinin baş məşqçisi Ayxan Abbasovun ölkə xaricində çıxış edən yığma üzvlərini iş başında izləməsi müzakirələrə səbəb olub. Məsələyə Abbasovun sadəcə gəzməyə getməsi kimi yanaşanlar da var.

Halbuki indiyədək milli komandada çalışan əcnəbi baş məşqçilərin hərəkətsizliyini tənqid etmişik. Ki, milyonlarla pul alırlar, təlim-məşq toplanışından qısa müddət öncə Azərbaycana gəlirlər, yığmanın oyunu başa çatandan sonra da ölkələrinə qayıdırlar.

Onların əksinə davranan Ayxan Abbasovu da tənqid edirik ki, niyə xaricə gedib milli komanda üzvlərini izləyirsən? Axı bu adamın işi sırf milli komandadan ibarətdir.

Və dünya təcrübəsində belə davranan, futbolçunu çıxış etdiyi ölkədə iş başında izləyən təkcə Ayxan Abbasov deyil axı. Məsələn, şablon da səslənsə, çox uzağa getməyək, götürək qardaş ölkə Türkiyəni… “Ay-ulduzlular”ın baş məşqçisi Vinçenzo Montella baş məşqçi kimi fəaliyyətə başladıqdan sonra “Yuventus”da çıxış edən Kenan Yıldızı, “Brayton”nun formasını geyinən Ferdi Kadıoğlunu, hələ “Benfika” dönəmlərində Kerem Aktürkoğlunu, Orkun Kökçünü, eləcə də “İnter”də Hakan Çalhanoğlunu izləmək üçün həmin ölkələrə səfər edib, onları tribunadan baxıb.

Nümunələr arasında hazırda Türkiyə millisinin ulduzu, eləcə Madrid “Real”ında çıxış edən Arda Gülər də var. İtaliyalı mütəxəssis “Real”ın məşqinə gedərək futbolçunun fiziki durumu ilə maraqlanmışdı. Halbuki bunu etməyə bilərdi. Düşünə bilərdi ki, buna nə gərək var? Axı Arda Gülər əvəzedilməz, millinin əsas və aparıcı oyunçusudur…

İndi belə durumda Ayxan Abbasov daha öncə Cəlal Hüseynovu Bolqarıstanda, Toral Bayramovu Türkiyədə, son olaraq da Mahir Emrelini Polşada iş başında izləməsində nə problem ola bilər ki?

Tamam, aydın məsələdir ki, Mahir Polşada çıxış etdiyi “Rakuv”da ardıcıl qollar vurur. Amma məşqçi təkcə futbolçunun qol ötürməsinə, vurduğu qola baxmır axı. Məşqçi əmin olmalıdır ki, Mahir top onada olmayanda nə edir? Oyunun sonuna yaxın fiziki durumu necə olur? Ümumiyyətlə, pressinqə qoşulurmu? Müdafiəyə kömək edirmi? Bu kimi sualların cavabını tapmağın yeganə yolu da milli komanda üzvünü iş başında izləməkdən ibarətdir.

Bundan başqa, məsələnin mənəvi tərəfi də var. Bu, eyni zamanda futbolçuya psixoloji dəstəkdir. Məsələn, Ayxan Abbasov millinin bundan əvvəlki əcnəbi baş məşqçiləri kimi ancaq “Port Baku”da kofe içsə, Mahirə deməzlər ki, sən necə yığma üzvüsən ki, səninlə indiyədək heç kim maraqlanmayıb?..

Maraqlanır bir də, maraqlanmır ayrı bir dərd… Necə olur, Montella gedə bilir, Ayxan Abbasov yox?..

 

Emin Səfərov

Tacxeber.com

Oxşar xəbərlər

“Bu oyundan dərs çıxaracağıq” – Valdas Dambrauskas

admin

Futbolçuların dini jestlərinə sərhəd qoyulmalıdır

redaktor

Zubirin transferində gözlənilməz problem – Keçidi təsdiqlənmədi

admin