Tanımadığım iki adam yanaşı dursun, üzlərinə baxan kimi biləcəm ki, bunun hansı meyxanaya qulaq asır, hansı yox. Bir az o tərəf-bu tərəfə yerisinlər, gəzsinlər, biləcəm ki, hansı meyxana fanatıdır, sağdakı, yoxsa soldakı, ya ikisi də, ya da heç biri. Çünki musiqi insan yaradır. Burun, qaş, göz, üz cizgiləri, yeriş, duruş, xarakter, xasiyyət yaradır.
Platon yazırdı ki, dövlət sənət sahələri arasında ən birinci musiqiyə nəzarət edir. Çünki musiqi insan qəlbinə ən sürətlə yol tapan sənət sahəsidir. Kəramətin 300 səhifəlik romanını oxuyub ondan bir nəticə çıxarana kimi, Baləli bir qafiyə açacaq, camaat o üzə gedəcək, bir qafiyə də açıb dala qaytaracaq.
Hələ ANS-in vaxtından meyxananın Azərbaycanda bu şəkildə yayılmasının səbəbi də dövlət siyasəti idi. Çünki meyxana döyüş, dava-dalaş, avtoritar, şillə, təpik, yumruqla idarəetmənin musiqisidir. Sən Baxa, Müslüm Moqamayevə qulaq asan adamı aparıb Qarabağda döyüşdürə bilməzsən. Adamı döyüşə ay can alaq can gedirik almağa musiqisi aparır. Fikir verdinizsə 44 günlük müharibədə ortaya çıxan bütün musiqilər meyxana idi. Xalqın proqramlarına uyğun. Yaxud sən Baxa, Müslüm Moqamayevə qulaq asan adamı gündə 25-30 manat verib binalarda fəhlə işlədə bilməzsən. Bu məğlubiyyətlə ancaq meyxanaya qulaq asan adamlar razılaşa bilər. Sən Baxa, Müslümə qulaq asa-asa çəkici o taxtaya vura bilməyəcəksən. Amma Namiq Qaraçuxurlunun rəvayəti, telefonda bir-birinə ağzına gələni deyən meyxanaçıların səsi ilə işləmək ləzzət eləyir, kayf alırsan. Çünki sənin taleyini o musiqilər yaradıb. İndi kimsə gəlib deməsin ki, mən dünyanın ən intellektual musiqilərinə qulaq asıram, amma günü 15 manata iş tapa bilmirəm. Yaxud kimsə deməsin ki, filankəs bütün günü meyxanaya qulaq asır, amma milyonları var. Belə cuzi nümunələr tapmaq olar. Amma bu, mənim fikrimi səhv çıxara bilmir.
Həbsxanalar da başdan ayağa meyxana fanatıdır.
Mənim meyxana ilə davam hansısa meyxanaçı ilə dava deyil. Mehman Əhmədli, Baləli elə bilir mən onlarla dalaşıram. Ağızlarını açan kimi də deyirlər ki, biz çörəyimizi qazanırıq. Sənin bizim çörəyimizlə nə işin var? Həyat amalı çörək qazanmaq olan adamlarla mənim nə davam olacaq?
