CəmiyyətDin

Tanrılar çox idi, sonra bir oldu: Bəşəriyyətin 300 min illik tarixində təkallahlılığın yeri

Bilirəm. Bu kimi məsələlər haqqında düşünənlər azdır. Gündəlik həyatın gətirdiyi çətinliklərin fonunda bəşəriyyətin keçmişi o qədər də cəlbedici olmaya bilər. Ancaq bu, mənim üçün maraqlıdır. Ona görə də yazdım…

İnsan Yer üzündə nə vaxt meydana çıxıb? İlk tanrılar haqqında təsəvvürlər necə yaranıb? Təkallahlılıq haradan başlayıb və qədim miflər sonrakı müqəddəs kitablara necə təsir göstərib?

İnsan yaranmazdan əvvəlki milyardlarla il

Müasir elmin müəyyənləşdirdiyi faktlardan başlayaq.

Kainatın yaşı təxminən 13,8 milyard il, Yer kürəsinin yaşı isə 4,54 milyard ildir. Müasir insan növü — Homo sapiens — təxminən 300 min il əvvəl Afrikada meydana çıxıb.

Bu rəqəmlər üzərində düşünəndə maraqlı bir sual yaranır: Yer kürəsinin insan meydana çıxmazdan əvvəlki milyardlarla illik tarixində nə baş verirdi?

Elm bu suala kifayət qədər geniş cavab verir. Planetimizdə okeanlar formalaşıb, ilk sadə canlılar meydana çıxıb, milyardlarla il ərzində həyat təkamül edib. Bitkilər, müxtəlif heyvan növləri, dinozavrlar yaranıb və onların bir çoxu insanın meydana çıxmasından xeyli əvvəl yox olub.

Deməli, insan Yer kürəsinin tarixində olduqca gec meydana çıxmış canlı növüdür.

Bəs bu 300 min il ərzində insan nəyə inanırdı? Tanrı haqqında təsəvvürləri necə idi?

Tanrıların çox olduğu dünya

İnsanların ən qədim inancları haqqında tam məlumatımız yoxdur. Yazının meydana çıxmasından əvvəlki dövrlərdə dini təsəvvürləri yalnız dəfn mərasimləri, arxeoloji tapıntılar, rəsmlər və digər maddi izlər əsasında ehtiyatla araşdırmaq mümkündür.

Lakin yazılı mənbələrə malik qədim sivilizasiyalarda çoxallahlılığın geniş yayıldığı məlumdur.

Qədim Yunanıstanda baş tanrı Zevs idi. Dənizlərə Poseydonun, yeraltı dünyaya Hadesin, müharibə və müdriklik kimi müxtəlif sahələrə başqa tanrıların himayə etdiyi düşünülürdü.

Qədim Romada Zevsin qarşılığı Yupiter idi. Romalılar Marsa, Veneraya, Neptuna, Minervaya və başqa tanrılara sitayiş edirdilər.

Qədim Misirdə Ra, Amon, Osiris, İsis və Horus kimi tanrılar mühüm yer tuturdu. Günəşin doğması, Nil çayının həyat verməsi, ölüm və ölümdən sonrakı həyat ilahi qüvvələrlə əlaqələndirilirdi.

Mesopotamiyada da Anu, Enlil, Enki, İnanna və başqa tanrılardan ibarət mürəkkəb dini sistem mövcud idi.

İnsanlar təbiəti, həyatı və ölümü müxtəlif ilahi qüvvələr vasitəsilə izah edirdilər. Lakin zaman keçdikcə bəzi dini ənənələrdə bir tanrının digərlərindən üstün tutulması, hətta yeganə ilahi varlıq kimi qəbul edilməsi ideyası güclənməyə başladı.

Təkallahlılıq ideyasının ilk böyük tarixi təcrübəsi

Bu baxımdan Qədim Misirdə baş vermiş hadisə xüsusi maraq doğurur.

Eramızdan əvvəl XIV əsrdə, təxminən 3 350 il əvvəl, Misir fironu IV Amenhotep — sonradan Exnaton adını qəbul etmiş hökmdar — ölkənin dini həyatında köklü dəyişikliklərə başladı.

O, Aton adlı günəş diskini dini ibadətin mərkəzinə gətirdi. Ənənəvi tanrıların, xüsusilə Amonun kultuna qarşı tədbirlər gördü.

Məsələ yalnız yeni tanrının ön plana çıxarılması ilə məhdudlaşmırdı. Exnatonun hakimiyyəti dövründə başqa tanrıların adları bəzi məbədlərin divarlarından silinir, təsvirləri zədələnir, onların ibadət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılırdı.

Bu hadisə tarixdə sənədləşdirilmiş ən erkən genişmiqyaslı təkallahlılığa yaxın dini islahatlardan biri hesab olunur.

Lakin alimlər arasında mühüm mübahisə var: Exnaton başqa tanrıların mövcudluğunu tamamilə inkar edirdimi, yoxsa yalnız Atona ibadəti məcburi edirdi?

Buna görə də onu müasir mənada təkallahlılığın qəti banisi adlandırmaq çətindir.

Maraqlıdır ki, Exnatonun ölümündən sonra Misirdə ənənəvi çoxallahlılıq yenidən bərpa edildi. Onun dini islahatı uzunömürlü olmadı.

Bütlərin dağıdılması: Misirdən sonrakı dinlərə uzanan paralellik

Exnatonun başqa tanrıların təsvirlərini məhv etdirməsi sonrakı dini ənənələrdə rast gəldiyimiz bəzi hadisələri xatırladır.

Yəhudi dini mətnlərində bütlərə sitayiş qadağan edilir. İslam ənənəsində İbrahim peyğəmbərin bütləri sındırması, Məhəmməd peyğəmbərin isə Məkkənin fəthi zamanı Kəbədəki bütləri aradan qaldırması haqqında rəvayətlər mövcuddur.

Xristianlıq tarixində də bütpərəst məbədlərə qarşı mübarizə və müəyyən dövrlərdə dini təsvirlərin dağıdılması hadisələri baş verib. Bununla belə, xristianlığın bütün qolları dini təsvirləri rədd etməyib; bir çox kilsələrdə ikonalar mühüm yer tutur.

Bəs Exnatonun dini islahatı sonrakı təkallahlı dinlərə təsir göstərmişdimi?

Bu barədə müxtəlif nəzəriyyələr irəli sürülüb. Hətta Musa peyğəmbərin dini təlimi ilə Exnatonun islahatı arasında əlaqə axtaran tədqiqatçılar olub.

Lakin Exnatonun təliminin birbaşa yəhudiliyə, oradan xristianlıq və İslama keçdiyini təsdiqləyən qəti tarixi sübut yoxdur.

Tarixi oxşarlıq hələ birbaşa mənşə əlaqəsi demək deyil.

Zərdüştilik və vahid ilahi qüvvə ideyası

Təkallahlılığın tarixi yalnız Misirlə məhdudlaşmır.

Qədim İran və Orta Asiya dini ənənələrində yaranmış zərdüştilikdə Ahura Mazda ali ilahi varlıq kimi təqdim edilirdi.

Zərdüştilik xeyirlə şərin, həqiqətlə yalanın mübarizəsinə xüsusi əhəmiyyət verirdi. Onun dini düşüncəsi sonrakı dövrlərdə İran və Yaxın Şərq mədəniyyətlərinə mühüm təsir göstərdi.

Zərdüştün yaşadığı dəqiq dövr hələ də mübahisəlidir. Buna görə onun təlimini Exnatonun islahatından mütləq əvvəl və ya sonra yerləşdirmək asan deyil.

Qədim İsrail dini ənənələrində isə Yahveyə ibadət zamanla daha qəti təkallahlılıq formasını aldı. Bu proses bir anda deyil, uzun tarixi inkişaf nəticəsində baş verdi.

Sonrakı əsrlərdə yəhudilik, xristianlıq və İslam vahid Tanrıya inamı öz dini sistemlərinin əsasına çevirdilər.

Beləliklə, təkallahlılıq bir gündə, bir hökmdarın qərarı ilə bütün dünyaya yayılmadı. Müxtəlif xalqların dini düşüncəsində fərqli yollarla inkişaf etdi.

Qədim miflər müqəddəs kitablarda necə əks olundu?

Burada başqa bir maraqlı məsələ ortaya çıxır.

Sonrakı təkallahlı dinlərin müqəddəs mətnlərində yer alan bir sıra rəvayətlərin oxşar motivlərinə daha qədim mədəniyyətlərdə də rast gəlinir.

Məsələn, xristianlıqda İsa Məsih Tanrının Oğlu kimi qəbul edilir. İslamda isə o, Allahın peyğəmbəridir. Hər iki dini ənənədə İsanın Məryəmdən atasız dünyaya gəlməsi möcüzə hesab olunur.

Quranda Məryəmin doğuş zamanı xurma ağacının yanında olması təsvir edilir. İncilin Luka kitabında isə İsanın doğulmasından sonra axura qoyulması haqqında danışılır.

Lakin möcüzəli doğuluş motivi xristianlıqdan çox əvvəl də məlum idi.

Qədim Misir mifologiyasında İsis və Horus, Yunanıstanda Danaya və Persey, buddist ənənəsində Maya və Budda haqqında rəvayətlərdə qeyri-adi doğuluş və ilahi müdaxilə motivlərinə rast gəlirik.

Bu hekayələr arasında fərqlər də az deyil. Məsələn, İsis və Horus rəvayəti bakirə doğuşun eyni forması deyil. Buna görə bütün bu hekayələrin bir-birindən köçürüldüyünü iddia etmək düzgün olmaz.

Amma onların ortaq xüsusiyyəti diqqətəlayiqdir: mühüm dini və mifoloji şəxsiyyətlərin dünyaya gəlişi adi insan doğuluşundan fərqli, fövqəltəbii hadisə kimi təqdim olunur.

Daha güclü tarixi paralel isə böyük tufan rəvayətlərində görünür.

Qədim Mesopotamiyanın Atrahasis və Gilqameş mətnlərində böyük daşqın, gəmi hazırlayan və fəlakətdən xilas olan insan haqqında hekayələr var.

Bu mətnlər Tövratdakı Nuh tufanı rəvayətinin yazılı formasından daha qədimdir. Tədqiqatçılar Bibliyadakı tufan hekayəsinin formalaşmasında Mesopotamiya dini-ədəbi ənənələrinin təsirini ciddi elmi əsaslarla izah edirlər.

Bu nümunə göstərir ki, sonrakı dinlər özlərindən əvvəlki mədəniyyətlərdən tamamilə təcrid olunmuş şəraitdə yaranmayıb.

Qədim xalqların mifləri, mənəvi təsəvvürləri və rəvayətləri müxtəlif dövrlərdə yeni dini məna qazanaraq yaşamağa davam edib.

300 min illik insan tarixində 3 500 il

İndi isə başlanğıcdakı rəqəmlərə qayıdaq.

Müasir insanın tarixi təxminən 300 min il, Exnatonun dini islahatından keçən müddət isə təxminən 3 350 ildir.

Başqa sözlə, təkallahlılığa yaxın ən erkən genişmiqyaslı yazılı nümunələrdən biri müasir insan tarixinin yalnız son bir faizindən bir qədər çox hissəsinə aiddir.

Bu, əlbəttə, daha qədim insanların vahid ilahi qüvvəyə inanmadığını sübut etmir. Sadəcə onların inancları haqqında əlimizdə kifayət qədər yazılı məlumat yoxdur.

Ancaq bir həqiqət dəyişmir: bu gün dünyanın böyük dinlərinin mərkəzində dayanan təkallahlılıq anlayışının bizə məlum sənədləşdirilmiş tarixi insan növünün bioloji tarixindən qat-qat qısadır.

Üstəlik, insanların dini təsəvvürləri dəyişərkən Yer kürəsinin öz tarixi davam edirdi. İnsan yaranmazdan milyardlarla il əvvəl planetimiz mövcud idi. Müasir insan meydana çıxandan sonra da onun dünyanı və ilahi qüvvələri necə izah etməsi dəfələrlə dəyişdi.

Tanrı anlayışının tarixi, yoxsa insan düşüncəsinin inkişafı?

Bütün bunlardan hansı nəticəyə gəlmək olar?

Elm Yer kürəsinin, canlıların və insanın yaşını maddi dəlillərlə müəyyənləşdirir. Tarix və arxeologiya isə insanların müxtəlif dövrlərdə hansı tanrılara inandıqlarını, dini təsəvvürlərinin necə dəyişdiyini araşdırır.

Bu araşdırmalar Tanrının mövcudluğunu nə sübut edir, nə də inkar edir. Onlar insanın Tanrı haqqında təsəvvürlərinin tarixini öyrənməyə imkan verir.

Bəşəriyyətin keçdiyi yol isə olduqca maraqlıdır.

İnsanlar bir zamanlar təbiətin müxtəlif qüvvələrini ayrı-ayrı tanrılarla əlaqələndirirdilər. Sonralar bəzi cəmiyyətlərdə vahid Tanrı ideyası gücləndi. Əvvəlki mədəniyyətlərin rəvayətləri isə yeni dini sistemlərdə fərqli mənalar qazanaraq yaşamağa davam etdi.

İnsan Yer üzündə yüz min illərdir yaşayır, tanrılar haqqında təsəvvürləri isə bu uzun tarix boyunca dəyişib. Bəlkə də bəşəriyyətin ən maraqlı tarixi yalnız nəyə inandığının deyil, nə üçün və necə inanmağa başladığının tarixidir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvanda yanacaq növbələri: sakinlər qıtlıqdan danışır, SOCAR problem olmadığını bildirir

admin

Keçmiş “Naxçıvan xan”ının məmur oğlunun Dubayda yeni mülkləri haqqında – FOTO

admin

İsa Qəmbər: “Hava limanında uçuşumu əngəllədilər”

admin