ABŞ-ın NATO-dan çıxacağı ehtimalı uzun illər Birləşmiş Statların təhlükəsizlik çətiri altında özünü təhlükəsiz hiss edərək rifah cəmiyyəti quruculuğu ilə məşğul olan Avropanı qorxutdu. Bu da əsassız deyil. NATO-nun Baş katibi Mark Rüttenin dediyi kimi Birləşmiş Ştatların nüvə çətiri NATO-nun Avropadakı müttəfiqləri üçün “mütləq zəmanət” idi. Birləşmiş Ştatların prezidenti Donald Trampın açıqlamaları isə göstərir ki, ABŞ-ın nüvə çətiri daha “mütləq zəmanət” deyil. Bu hal Avropanı sirkələyərək yuxudan ayıltsa da, “köhnə qitə” hələ də nə edəcəyini bilmir.
The Washington Post qəzetinin köşə yazarı, ABŞ-da ən nüfuzlu jurnalist hesab olunan Devid İqnatius 17 aprel tarixli məqaləsində yazır ki, Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı müharibənin uğursuzluğu və Rusiya iqtisadiyyatındakı problemlər səbəbindən çıxılmaz vəziyyətə düşüb və bu, onu daha da təhlükəli edir.
Rusiya Müdafiə Nazirliyi rəsmi telegram səhifəsində Ukrayna üçün zərbə dronlarının istehsal edən müəssisəsilərin Böyük Britaniya, Danimarka, Latviya, Almaniya, Niderland, Litva, Polşa, Çexiya, İsrail, Türkiyə, İtaliya və İspaniyadakı birgə fəaliyyət göstərən şirkətlərin ünvanını dərc edərək onları hədəf elan edib.
ABŞ-ın NATO-dan çıxma ehtimalı ilə paralel Rusiyadan təhdidlərin artdığı bir zamanda Avropada təhlükəsizlik qayğıları son 35 ildə ilk dəfə önə çıxıb. Təhlükəsizlik qayğılarının önə çıxamasına baxmayaraq Avropa nə edəcəyini bilmir. Avropa İttifaqına üzv ölkələr sürətlə silahlanma haqqında plan qəbul edərək bu məqsədlə 800 milyard avro məbləğində vəsait ayırsalar da, Rusiyanın təcüvüzünə qarşı kimin döyüşəcəyi sualı açıq qalır. Çünki, Avropanın gələcək təhlükəsizlik arxitekturası məlum deyil.
Fransa başda olmaqla bir çox Avropa dövlətləri gələcək təhlükəsizlik arxitekturasının ancaq ittifaq ölkələri tərəfindən formalaşdırılmalı olduğuna inanırlar. Ekspertlər isə bunun yetərsiz olacağını qeyd edirlər.
Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, ABŞ NATO-dan çıxarsa Avropanın təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqının resursları kifayət etməyəcək. Prezident Zelenski Avropanın təhlükəsizlik arxitekturasının Avropa İttifaqının üzvü olmayan dörd ölkənin, Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveçin də cəlb olunması ilə formalaşa biləcəyini qeyd edib. Ukrayna dövlət başçısı mövqeyini belə əsaslandırıb ki, bu dövlətlər Avropanın bir hissəsi olan ölkələrdir. Zelenski bildirib ki, yalnız Böyük Britaniya, Ukrayna və Türkiyənin orduları birlikdə Rusiya ordusundan güclüdür. Ukrayna dövlət başçısı əlavə edib ki, Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə rəqabət apara bilməz.
Dörd ölkə ilə dənizlərə nəzarət edə, təhlükəsiz səmaya və ən böyük quru qüvvələrinə sahib ola bilərsiniz – deyə Zelenski xəbərdarlıq edib.
Belə görünür ki, Avropanın ən etibarlı təhlükəsizlik arxitekturası məhz Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveçin iştirakı ilə yaradıla bilər. Əgər, Prezident Volodimir Zelenskinin təklif etdiyi kimi Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveçin iştirakı ilə ümumavropa ordusu yaradılarsa, bu ordu NATO-nun Avropadakı vəzifələrini öz üzərinə götürə bilər. Ancaq Avropadan kənarda “köhnə qitə”nin maraqlarını müdafiə etmək üçün yetərli olmayacaq. Avropa paytaxtlarında anlayırlar ki, ABŞ-ın olmadığı istənilən alyans NATO-dan zəif olacaq. Çünki, ABŞ-la bərabər gücdə və resurslara malik ikinci bir dövlət yoxdur və bu əsrin sonuna kimi də olmayacaq.
Azərbaycanın starteji tərəfdaşı və müttəfiqi olan Böyük Britaniya, Ukrayna və Türkiyə kimi ölkələrin Avropanın təhlükəsizlik arxitekturasında yer alması Azərbaycanın maraqlarına uyğundur. Ancaq Avropa təhlükəsilik arxitekturasının Azərbaycanın həyati əhəmiyyətli maraqlarını bütövülükdə təmin etmək iqtidarında deyil. Azərbaycanın həyati əhəmiyyətli maraqlarını tam təmin edəcək təhlükəsizlik arxitekturası yalnız “Xəzər asayişi” Alyansı ola bilər. Bu haqda yenidən yazmağa zərurət olduğu aydın görünür.
