ABŞ Prezidenti Donald Trampın administrasiyası, Tehrandan zənginləşdirilmiş uran ehtiyatlarını azaltmaq müqabilində İranın dondurulmuş aktivlarından 20 milyard dollarını azad etməyə razılaşıb. Gələn xəbərlərə görə, ABŞ indi İrana öz nüvə proqramının fəaliyyətini dondurmaqla saxlamağa icazə verməyə hazırdır.
Müharibəni bitirmə planı kimi təsvir edilən üç səhifəlik potensial saziş artıq ABŞ-də xarici siyasət qanadının sərt tənqidinə səbəb olub və Trampın İranın “şərtsiz təslim olması” ilə bağlı uzun müddətdir verdiyi vədləri sual altına qoyur.
ABŞ-ın danışıqlarda iştirak edən rəsmilərinə verdiyi məlumata görə, saziş faktiki olaraq bir növ geri satınalmaya əsaslanır: Vaşinqton İrana məxsus zənginləşdirilmiş uran ehtiyatlarının verilməsi müqabilində 20 milyard dollar dondurulmuş vəsaiti azad edəcək.
Rəqəmlər danışıqların gedişatını göstərir:
– ABŞ-ın ilkin təklifi: 6 milyard dollar (ərzaq, dərman və humanitar mallarla məhdudlaşdırılmışdı)
– İranın tələbi: 27 milyard dollar idi
– Yekun təklif olunan məbləğ: 20 milyard dollar
Bəzi analitiklər iddia edir ki, əsas güzəştləri İran rejimi deyil Tramp edib.
Nüvə proqramı dayandırması ilə ləğv edilməsi arasında fərq
Bəlkə də ən mübahisəli məqam sazişin İranın nüvə infrastrukturu ilə bağlı olan şərtləridir. Trampın İranın nüvə potensialını “tamamilə məhv etmək” vədindən fərqli olaraq, hazırlanmış anlaşma memorandumunda aşağıdakılar diqqəti cəlb edir:
– ABŞ-ın tələb etdiyi 20 illik moratorium əvəzində İranın təklif etdiyi cəmi 5 illik moratorium
– Vasitəçilər hələ də bu fərqi fərqi aradan qaldırmağa çalışır
– Nüvə obyektlərinin sökülməsi tələbi yoxdur – yalnız onların nüvə fəaliyyətin dayandırılması
– İrana tibbi izotopların istehsalı üçün nüvə tədqiqat reaktorlarını saxlamağa icazə verilir
– Bütün nüvə obyektlərinin yerüstü olması tələbi – mövcud yeraltı obyektlər istifadəsiz qalacaq.
Başqa sözlə, İranın nüvə proqramı dayandırılacaq, lakin tamamilə aradan qaldırılmayacaq.
Uran Problemi: Zənginləşdirilmiş uran kimdə qalacaq?
Hazırda İran cümlədən 60%-ə qədər zənginləşdirilmiş 450 kq olmaqla təxminən 2000 kq zənginləşdirilmiş urana malikdir. Bu 450 kq silah hazırlanma səviyyəsinə çox yaxındır. Əldə olan ehtiyatla necə davranılacağı mübahisəli məqam olaraq qalır:
– ABŞ əvvəlcə bütün nüvə materiallarının ABŞ-a göndərilməsini tələb edib
– İran bunu rədd edərək yalnız daxildə qarışdırmağı (seyreltməyi) təklif edib
– Müzakirə olunan kompromis təklifə görə, ehtiyatın bir hissəsi üçüncü ölkəyə (ABŞ-yə deyil) göndəriləcək
– Qalan hissəsi isə beynəlxalq nəzarət altında İranda seyreltiləcək
– ABŞ materialın Rusiyaya göndərilməsinə qarşı çıxıb
PolitoloqlarTrampın keçmiş bəyanatları ilə yeni sazişi şərtləri arasında kəskin ziddiyyətlər olduğunu vurğulayırlar. Bu ziddiyyətlərə diqqət yetirək:
13 fevral (müharibədən iki həftə əvvəl): “Bizim İranda heç bir zənginləşdirməyə ehtiyacımız yoxdur. Biz ümumiyyətlə uran zənginləşdirilməsini istəmirik. Ya indi razılığa gəlirik, ya da hərbçilərimiz problemi həll edəcək.”
1 mart (müharibə başlayandan sonra): “Biz onları sadəcə dayandırmadıq. Məqsədimiz İranın nüvə potensialının tamamilə məhv edilməsidir. Bu təhlükə əbədi olaraq aradan qaldırılmalıdır.”
16 aprel (dünən): “Onlar B2 zərbələrindən sonra yeraltında qalmış nüvə tozunu bizə verməyə razılaşdılar. Mən onlara dedim: ‘Mənə 20 illik vədlər lazım deyil. Bu silahın fiziki olaraq mövcud olmamasını istəyirəm.'”
Ancaq razılaşdırılan saziş İrana zənginləşdirmə qabiliyyətini saxlamağa icazə verəcək. Amma onların nüvə silahı qurmayacaqlarına dair “çox, çox güclü bir bəyanat” verməsi şərti ilə. Tramp bunu ictimaiyyətə belə təqdim edib.
İranın qazancları
Nüvə güzəştləri müqabilində İranın əldə etdiyi və ya tələb etdiyi şərtlər:
– 20 milyard dollar dondurulmuş aktiv
– Sanksiyasız olaraq bazar qiymətləri ilə neft satmağa icazə
– Qlobal maliyyə sisteminə reinteqrasiya
– Hürmüz boğazının yenidən açılması (İran bunu artıq açdığını elan edib, lakin ABŞ hələ dəniz blokadasını qaldırmayıb)
Sazişdə nə yoxdur?
Tənqidçilər – xüsusilə Respublikaçı Partiyanın “şahinlər” qanadı və İsrail – qeyd edirlər ki, iki əsas məsələ anlaşma memorandumunda salınmayıb:
1. Ballistik raketlər məsələsi: İranın raket proqramına dair heç bir bənd yoxdur
2. Regional proksilər: İranın Yaxın Şərqdəki silahlı qruplara dəstəyi ilə bağlı heç bir müddəa yoxdur
Hər iki məsələ əvvəllər İsrail rəsmiləri və Respublikaçı sərt xətt tərəfdarları tərəfindən danışıqlarda qırmızı xətt olaraq qoyulmuşdu.
Masaya qoyulan şərtlər artıq ciddi mübahisələrə səbəb olub:
– Trampın tərəfdarları bunu bahalı müharibəyə pragmatik son qoymaq qiymətləndirir
– Müharibənin davam etdirilməsinin tərəfdarları və İsrail bunu 2015-ci il Obama dövründəki nüvə sazişinin təkrarı və ya daha pisi kimi qiymətləndirirlər
– Analitiklər qeyd edir ki, Tramp bir vaxtlar Obamanı cəmi 400 milyon dollar dondurulmuş İran aktivini azad etdiyinə görə tənqid edirdi. İndi isə Tramp administrasiyası İran üçün 20 milyard dolları azad etməyə hazırlaşır.
Danışıqların ikinci raundu isə bu həftəsonu, çox güman ki, İslamabadda baş tutacaq.
