“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasını təklif edir. Bu fikirdə olan çoxsaylı ekspert, təhlilçi var. Elxan Şahinoğlunu bu mövqedə olanların içərisində ən peşəkarı hesab etdiyim üçün ona cavab vermək istədim. Elxan Şahinoğlu başda olmaqla Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasını təklif edənlər belə olacağı halda Türkiyənin hərbi bazasının çəkindiricilik faktoruna çevriləcəyini bəyan edirlər.
Türkiyə hərbi bazası çəkindiricilik faktoru ola bilərmi?
Bəşər tarixində çox hərbi ittifaqlar olub, ancaq NATO və Varşava Müqaviləsi Təşkilatı istisna olmaqla üzv dövlətlərə yüz faizli toxunulmazlıq təmin edən üçüncü bir ittifaq olmayıb. NATO yarandığı gündən bu günə kimi üzv ölkələrin heç biri düşmənin hərbi müdaxiləsi ilə üzləşməyib. Türkiyə özü də Sovet İttifaqının ərazi tələbindən çəkinərək torpaq itirmək təhlükəsindən xilas olmaq üçün NATO-ya üzv olub.
Varşava Müqaviləsi Təşkilatı da mövcud olduğu müddətdə düşmən hesab edilən dövlətlər Sovet İttifaqının liderlik etdiyi alyansın üzvlərinə hərbi müdaxilə etməkdən çəkiniblər. NATO-nun simasında ABŞ-la, Varşava Müqaviləsi Təşkilatının simasında Sovet İttifaqı ilə hərbi toqquşma ehtimalı gerçək çəkindiricilik faktoru olub. NATO bu gün də çəkindiricilik faktoru olaraq qalır. Əks halda 2022-ci ildən bəri Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan Rusiya Baltikyanı respublikaları, xüsusiilə də Litvanı bütövlükdə ya da qismən bu günə kimi çoxdan işğal etmişdi. Məhz Şimali Atlantika Alyansına üzvlük Baltikyanı dövlətləri Rusiya işğalından qoruyur. ABŞ NATO qarşısında öz öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi gün Şimali Atlantika Alyansı da çəkindiricilik faktoru olmaqdan çıxacaq.
İsrailin İrana qarşı 12 günlük hərbi müdaxiləsi ilə başlayan, fasilələrlə bu günə qədər davam edən hərbi münaqişə göstərdi ki, ərazisində güclü ölkələrin hərbi bazasın yerləşməsi heç bir ölkəni hərbi hücumlardan qorumur. Qətərin ərazsində ABŞ və Türkiyənin bir neçə hərbi bazası mövcuddur. Ancaq bu bazalar onu İran və İsrailin hücumundan qoruya bilmədi. Bu ilin martında İran Qətərin neft-qaz şirkəti QatarEnergy-ə qarşı həyata keçirdiyi ardıcıl hücumlar böyük dağıntılara səbəb oldu. Rəsmi məlumata görə 12 saat fasilə ilə həyata keçirilən hücumlar nəticəsində Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixrac potensialının 17 faizi məhv edildi. Bu isə Qətər üçün illik təxminən 20 milyard dollar itki deməkdir. Türkiyənin Qətərdə mövcud olan hərbi bazaları bu hücumların qarşısını almaq faydasız oldu. Türkiyənin Qətər ərazisindəki hərbi bazaları Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi kimi dövlətlərə qarşı effektli çəkindiricilik faktoru olsa da, İran və İsrailə qarşı çətir ola bilmir. Ola da bilməz. Türkiyənin İranın raket, İsrailin hava hücumlarının qarşısını almaq üçün hərbi-texniki imkanları sadəcə olaraq mövcud deyil. İsrailin 48 ədəd F-35 qırıcısına qarşı Türkiyənin çəkindiricilik faktoru kimi qoya biləcək nə hava gücü, nə də hava hücumundan müdafiə sistemi mövcud deyil.
İranın və husilərin Səudiyyə Ərəbistanına hücumları da hansısa bir ölkənin hərbi bazasının çəkindiricilik faktoru olmadığını təsdiq edir. Səudiyyə Ərəbistanın ərazsində ABŞ və Pakistanın hərbi bazasının, Türkiyə və Misirin hərbi kontingentinin olması çəkindiricilik faktoru ola bilmir. Yeganə nüvə dövləti olan Pakistanın Səudiyyə Ərbistanı ərazisində ən azı 8 minlik, Qərb mətbuatınına məlumatına görə isə 30-40 minlik hərbi kontingenti yerləşib. Üstəlik, Pakistan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə, İslamabadın Ər-Riyaddan maliyyə asılılığı da var. Ən son olaraq Səudiyyə Ərəbistanı Pakistan və Türkiyə ilə “Məkkə paktı”na imza ataraq üçlü ittifaq şəklində özünün təhlükəsizliyini təmin etməyə çalışır. Türkiyə mətbuatının məlumatına görə, bir ildən artıqdır ki Səudiyyə Ərəbistanın ərazsində Misirin də hərbi kontingenti mövcuddur. Ər-Riyaddın maliyyə dəstəyi Pakistan, Türkiyə və Misirin iqtisadi çöküşündən yayınmalarında önəmli amil olmasına baxmayaraq onlar Səudiyyə Ərəbistanını qorumaq üçün İrana və yaxud husilərə qarşı hərbi əməliyyatlara qoşulmaq istəmirlər. Əksinə, hər üç dövlət belə bir prespektivdən yayınmaq üçün siyasi və diplomatik manevrlər etməkdən yorulmurlar. Bunun səbəbi çox aydındır. Pakistan, Türkiyə və Misir İran kimi zəngin və güclü bir ölkə ilə uzun müddətli, yorucu hərbi münaqişəyə hazır deyillər.
İranla hərbi toqquşmadan yayınan Türkiyə və ya Pakistanın dünyanın ən böyük nüvə gücü olaraq təsnif edilən Rusiyaya qarşı Azərbaycanı qoruması qeyri-mümkündür. Türkiyənin Rusiyadan enerji, maliyyə və iqtisadi asılığı da buna imkan vermir.
İrana qarşı Azərbaycanın ən güclü çəkindiricilik faktoru heç şübhəsiz ki, Güney Azərbaycandır. Tehran rejimi üçün bundan güclü çəkindiricilik amili, dəlili yoxdur və ola da bilməz.
Rusiyaya qarşı əsas çəkindiricilik faktoru Azərbaycanın strateji coğrafiyasıdır. Avropa ilə Asiyanı birləşdirən mühüm beynəlxalq nəqliyyat xətlərinin kəsişməsində yerləşən Azərbaycan Avrasiyanın vacib logistik qovşaqlarından biridir. Onun toxunulmazlığı, suverinliyinin məhdudlaşdırılmaması ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ilə yanaşı Çin üçün də strateji əhəmiyyət daşıyır. Dünyanın iki hipergücü olan ABŞ və Çin Azərbaycanın üçüncü bir dövlətdən asılı düşməsini istəmir. Bu onların özlərinin maraqlarının Rusiya və ya İran kimi dövlətdən asılı düşməsi olar. Supergüclər arasında siyasi və maliyyə gücü olaraq təsnif edilən Böyük Britaniyanın Azərbaycanla müdafiə, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığı gücləndirmək üçün Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməsini məhz indi imzalaması da Azərbaycanın strateji əhəmiyyətinin artması ilə bağlıdır.
Texnologiyanın inkişafı texnoloji suverinlik və kibertəhlükəsizlik kimi məsələləri sərhədlərin toxunulmazlığı kimi əhəmiyyətli məsələyə çevirib. Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsinin texnoloji suverinlik və kibertəhlükəsizlik kimi məsələlərdə Azərbaycana əlavə problemlər yaradacağı şübhəsizdir. Yüksək texnologiyaya malik heç bir dövlət Türkiyənin vassalı kimi görünən bir ölkə ilə özünün strateji əhəmiyyətli texnologiyasını paylaşmaz. Ən nəhayət, “Müsəlman qardaşları” şəbəkəsinə qarşı qlobal xarakter almağa başlayan təqib prosesinin gücləndiyi bir zamanda bu şəbəkənin siyasi himayəçisi olaraq görülən Türkiyənin Azərbaycanda hərbi baza yaratması nəyinki çəkindiricilik faktoru olmayacaq, əksinə Azərbaycan üçün təsəvvür edilməz risk və təhlükələr doğuracaq. Türkiyə hərbi bazası çəkindiricilik faktoru ola bilərmi?-sualına bir yazıda cavab vermək mümkün deyil. Ona görə də mövzunu davam etdirməyə çalışacağam və fərqli mövqedə olanları sağlam müzakirəyə dəvət edirəm.
