1950-ci illərdəki Koreya müharibəsi zamanı ABŞ və Koreya arasında hərbi müttəfiqlik razılaşmalarına əsasən ABŞ-C.Koreya Birləşmiş Qüvvələr Komandanlığına (CFC) yaradıldı. C.Koreya silahlı qüvvələri CFC tərəfindən idarə olunurdu. CFC-yə ABŞ generalı rəhbərlik edir, onun müavini isə C.Koreya generalı olur.
1994-cü ildə C.Koreya sülh dövründəki əməliyyat nəzarətini geri aldı. Hazırda ordunun gündəlik idarə olunması, təlimlər və sərhəd mühafizəsi tamamilə Seulun öz Baş Qərargahının səlahiyyətindədir. Lakin Koreya yarımadasında genişmiqyaslı hərbi münaqişə başlayarsa, orduya komandanlıq CFC-ə keçir.
Rəsmi Seul çoxdandır müharibə dövründə də əməliyyat komandanlığını geri almaq istəyir. 2006-cı ildə prezident Ro Mu-hyonun dövründə tərəflər bu barədə rəsmi razılığa gəldilər. Razılığa görə ABŞ 2012-ci ilin aprelinə qədər komandanlığı C.Koreyaya təhvil verməli idi. Lakin Ş.Koreyanın nüvə sınaqları və regional təhlükəsizlik şərtlərinin dəyişməsi səbəbindən bu proses dəfələrlə təxirə salındı.
2014-cü ildə tərəflər komandanlığın təhvil verilməsini konkret tarixə yox, hərbi hazırlıq şərtlərinə bağladılar. Yəni ABŞ elə şərtlər qoydu ki, təhvil-təslimi həmişə təxirə sala bilsin.
C.Koreyanın hazırkı prezidenti Li Çje-myon beşillik səlahiyyət müddəti başa çatana qədər (2030-cu ilədək) müharibə dövrü komandanlığını geri almağı əsas prioritet elan edib. Seulun media mənbələri hökumətin daxili hədəf kimi 2028-ci ili nəzərdən keçirdiyini bildirir.
Dünən (12 noyabr) C.Koreyanın müdafiə naziri Kan Şin-çul təhvil-təslim üçün tələb olunan üç əsas şərtin artıq yerinə yetirildiyini bəyan etdi. ABŞ hərbi komandanlığının açıqlamalarına görə isə, Vaşinqton Ş.Koreyanın artan raket və nüvə imkanları fonunda texniki hazırlıq tam təsdiqlənmədən tələsməməyin tərəfdarıdır.
Bir sözlə, C.Koreya Çinlə gözlənilən müharibədən yaxasını kənara çəkməyə tələsir, ABŞ isə buna imkan vermir.
