DünyaSiyasət

Avropadan “Müsəlman Qardaşları” şəbəkəsinə zərbə

Avropa Parlamenti “Müsəlman Qardaşları”nı və onun şəbəkəsini Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına əlavə etməyə çağıran qətnaməni 381 lehinə, 167 əleyhinə və 15 bitərəf qalmaqla qəbul edib. Bundan sonra söz Avropa Komissiyasınındır. Hələlik isə Avropa Parlamentinin böyük əksəriyyəti “Müsəlman Qardaşları”nı və onun şəbəkəsini terror təşkilatı hesab etdiklərini nümayiş etdiriblər. Avropa Parlamenti “Müsəlman Qardaşları”nı və onun şəbəkəsini Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına əlavə etməyə çağıran qətnamə qəbul etməsindən sonra bu məsələnin tezliklə Avropa ittifaqına üzv ölkələrin qanunvericilərinin gündəminə gələcəyini proqnozlaşdırmaq mümkündür.
Bir il öncə “Siyasi islamın ləğvinə start verilir” başlıqlı məqaləni yazdığımda müzakirələr zamanı dostlardan bəziləri mənimlə razılaşmayaraq ABŞ və Avropada gedən müzakirələrin, proseslərin ciddi bir nəticə verməyəcəyini iddia edirdilər. Bu yanaşma əsasən dini təəssübkeşlikdən və Qərbdə dövlət siyasətinin formalaşma ənənəsi və prinsiplərini bilməməkdən irəli gəlirdi.

Dəfələrlə ifadə etdiyim kimi Qərbdə dövlət siyasətinin təməlləri beyin mərkəzlərində yaranır. Daha sonra qanunvericilərin qətnamə və qərarlarında, ondan sonra isə icra hakimiyyətinin siyasi qərarlarında öz əksini tapır. ABŞ, Böyük Britnaiya və Avropanın aparıcı beyin mərkəzlərinin son beş illik fəaliyyətini izlədikdə ən çox diqqət yetirilən mövzunun siyasi islam olduğu, bu zaman da “Müsəlman qardaşları” şəbəkəsinə xüsusi diqqət yetirildiyi aydın görünürdü. Beyin mərkəzlərindən sonra növbənin qanunvericilərə çatacağı proqnozlaşdırılan idi. Avropa Parlamenti “Müsəlman Qardaşları”nı və onun şəbəkəsini Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına əlavə etməyə çağıran qətnamə qəbul etməklə xəbərdarlığımın əbəs olmadığını təsdiqlədi.

Qətnamənin müəlliflərindən biri, “Avropa Mühafizəkarlar və İslahatçılar” (ECR) Qrupunun təmsilçisi Nikolas Bay qətnamə ilə bağlı Avropa Parlamentindəki çıxışı zamanı deyib ki, “Müsəlman Qardaşları”nın Avropa İttifaqının terror təşkilatları siyahısına əlavə etmək vacib bir addımdır. “Lakin proses bununla bitməməlidir. Bu şəbəkə ilə hansı təşkilatların əlaqəli olduğunu, onların vəsaitlərinin haradan gəldiyini və qurumlarımıza necə çıxış əldə etdiklərini bilməliyik. Avropa hakimiyyət orqanlarının siyasi İslamın necə fəaliyyət göstərdiyi barədə illüziyalara qapılmağı dayandırmasının vaxtıdır.”

Qahirə Cinayət Məhkəməsinin aralarında “Avropa Müsəlmanları Şurası”, “Fətva və Tədqiqat üzrə Avropa Şurası, “İmamlar Şurası”, “Müsəlman Ailələri üzrə Avropa Şurası”, “Müsəlman Qadınlar üzrə Avropa Şurası”, “Avropa Quran Şurası”, “İslam Tələbələrinin Avropa Forumu”, “Avropa Humanitar Elmlər İnstitutu (müxtəlif filialları da daxil olmaqla)”, “Fransa Müsəlmanları Fondu”, “Böyük Britaniya Müsəlman Assosiasiyası”, “İsveçrə Müsəlman Liqası”, “Almaniya İslam Assambleyası”, eləcə də İsveç və İtaliyadakı müsəlman birlikləri daxil olmaqla 35 təşkilat və 36 şəxsi terror təşkilatları siyahısına daxil etməsi ilə eyni zamanda Avropa Parlamenti “Müsəlman Qardaşları”nı və onun şəbəkəsini Avropa İttifaqının terrorçu təşkilatlar siyahısına əlavə etməyə çağıran qətnamə qəbul etməsi prosesin qlobal xarakter aldığını göstərir.

Müsəlman Qardaşları”na və onun şəbəkəsinə qarşı qlobal xarakterli mübarizənin İran məsələsi həll olunduqdan sonra sərt, barışmaz xarakter alacağını da əminliklə söyləmək mümkündür. İran nüvə proqramı ilə özünü hədəfə çevirməsəydi, İran ətrafında baş verən proseslər “Müsəlman Qardaşları”nın dayaq nöqtələri hesab olunan ölkələrə münasibətdə baş verəcəkdi. Həmin ölkələrin isə İrandan fərqli olaraq onların belə təzyiqlərə uzun müddət davam gətirmək üçün müvafiq resursları yoxdur.
İran məsələsi həll olunduqdan sonra “Müsəlman Qardaşları”nın maliyyə və siyasi sponsorları olaraq qəbul edilən ölkələrin üzləşəcəyi vəziyyəyin miqyasını Azərbaycanda heç kim təsəvvür etmir. Bu bir kəhanət deyil. Qərbdə siyasi fikirin yaranma, qanunvericilik aktına çevrilmə və dövlət siyasətinin əsasını təşkil etmə ənənəsi ilə bağlı bilgilərdən irəli gələn xəbərdarlıqdır.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Tofiq Yaqublu zəng etməkdən niyə imtina edib?

redaktor

Dünyanın ən demokratik ölkəsi-İsrail

redaktor

Tramp və Respublikaçılar Partiyasına Missisipi şoku…

redaktor