ABŞ-ın “qırmızı” ştatlarından bri olan Missisipidə səslərin sayılması yekunlaşmaq üzrədir və artıq bəlli olub ki, demokratların namizədi Skott Kolom (Scott Winston Colom) mövcud respublikaçı senator Sindi Hayd-Smiti (Cindy Hyde-Smith) məğlub edib. Missisipidə ölkə Senatına seçkilərdə demokratlara 44 il sonra ilk qələbəni məhz 44 yaşlı Kolom qazandırdı. Heç bir sorğu mərkəzi irqçiliyin dərin kökləri olan bu ştatda onun qələbəsini proqnozlaşdırmırdı.
Missisipinin mühafizəkarlığını təsəvvür etmək üçün onu qeyd etmək yetərli olar ki, burada vətəndaş müharibəsi zamanı Konfederativ Ştatların ilk və son prezidenti Cefferson Devisin və Konfederasiya ordusunun zabiti, daha sonra “Ku Kluks Klan” irqçi terror təşkilatının “böyük magistri” olmuş Bedford Forrestin adına yaşayış məntəqələri var. (Hər ikisində Kolom qatı mühafizəkar rəqibini geridə qoyub). Konfederasiya xadimlərinin xatirəsinə çoxlu sayda abidə və memorial kompleksi ştat ərazisini “bəzəyir”.
Missisipi Birləşmiş Ştatlardan ayrılaraq Konfederativ Ştatları təsis etmiş 11 cənub ştatından biri olub, Cefferson Devis burada böyüyüb və ABŞ senatoru seçilib. (Xatırlatmaq laızmdır ki, o vaxt quldarlığın saxlanılmasına tərəfdar olan və dövlətdən ayrılan cənub ştatlarında dominant siyasi qüvvə demokratlar idi, respublikaçılar isə prezident Linkolnun liderliyi ilə dövlətin bütövlüyünə tərəfdar idilər). S.Kolom vətəndaş müharibəsindən sonra cənub ştatlarının reinteqrasiyası üçün dövlətin apardığı Rekonstruksiya siyasətindən (1865-1877) üzü bəri Missisipidən seçilən ilk qaradərili senatordur.
Seçki kampaniyası zamanı Hayd-Smitə dəstək verən prezident Tramp S.Kolomun soyadına “ilişmişdi”. “Kolom… Bu nədir? Belə soyad olar?” deyə o, özünəməxsus tərzdə məntiqsiz cümlə qurmuşdu.
Kolom və Hayd-Smit arasıda rəqabətin maraqlı keçmişi var. 2022-ci ildə prezident Bayden Missisipi dairə prokuroru Skott Kolomun namizədliyini bu ştatda federal hakim vəzifəsinə irəli sürüb, lakin senator Hayd-Smit təyinatı bloklayıb. (ABŞ-da ölkə senatoru öz ştatındakı federal hakim vəzifəsinə təyinatlara veto qoya bilər, bu, qanun yox, qayda və ənənədir). Nəticədə Kolomun hakimlik karyerası başlamadan bitib. Dörd il sonra Skott Kolom Senat seçkilərində 67 yaşlı Sindi Hayd-Smitin qarşısına çıxaraq onu senatorluqdan kənarlaşdırıb…
S.Kolomun qələbəsi nəticəsində Senatda qüvvələr nisbəti demokratların xeyrinə 55-44 olub. Daha bir “qırmızı” ştat – Alyaskada səslərin sayılması davam edir və orada demokrat Meri Peltola respublikaçı rəqibindən öndədir.
