DünyaSiyasət

Şençjendə (Çin) Cinpin-Putin-Tramp görüşünə 1 həftə vaxt qaldı

Bu görüşü çoxları Yalta-2 adlandırır. Hətta 2 gün əvvəl Çin XİN-in sözçüsü Mao Nin də brifinqdə onu Yalta ilə müqayisə etdi. Çinin rəsmi nümayəndəsinin belə müqayisəsi konspiroloji nəzəriyyələri daha da şiddətləndirdi, axı başqalarından fərqli olaraq Çin XİN-i görüşdə müzakirə olunacaq mövzuların əhatəsini dəqiq bilir.

İndi gəlin Yalta-1-lə müqayisələr aparaq.

Yalta-1-in iştirakçıları kimlər idi?
Stalin (SSRİ), Ruzvelt (ABŞ) və Çörçil (Britaniya).

Yalta-1 görüşünün məqsədi nə idi?
Müharibədən sonrakı dünyanın qaliblər arasında təsir zonalarına bölüşdürülməsi.

Yalta konfransı 1945-ci il fevralın 4-dən 11-dək baş vermişdi. Yəni müharibə hələ başa çatmamışdı, Almaniyanın timsalında Birləşmiş Avropa amansız müharibə aparır, Hitler “vundervaffe”yə ümid edir, yeniyetmələrdən ibarət qoşunlar düzəldirdi. Lakin Yalta üçlüyü artıq müharibənin taleyinin həll olunduğuna əmin idi.

Yalta-2-nin iştirakçıları kimlərdir?
Putin (Rusiya), Tramp (ABŞ) və Cinpin (Çin)

Bu dəfə də dünya müharibəsi gedir. ABŞ, Rusiya, Birləşmiş Avropa (bu dəfə Ukraynanın timsalında), İran, İsrail, bir çox Afrika ölkələri müharibələrdə birbaşa, Çin dolayı yolla iştirak edirlər.

Bütün qitələrdəki müharibələrdə Rusiyanın, ABŞ-ın, Çinin və Avropanın birbaşa və ya dolayı iştirakını görmək olar. Bu mənada onları qlobal müharibənin oyunçuları hesab etmək olar. Qalanları regional müharibələrin oyunçularıdır.

Beləliklə, 4 qlobal oyunçu var. Şençjenə (Yalta-2-yə) bu oyunçulardan 3-ü toplaşır. Deməli, Yalta-1-lə analogiya aparsaq, müharibə hələ bitməsə də 4-cü oyunçunun məğlub olduğu artıq aydındır, yəni dünyanın yenidən bölüşdürülməsi onsuz və onun hesabına aparılacaq.

Avropanı, xüsusən də Britaniyanı dəli edən də budur. Yalta-1 zamanı Britaniya Birləşmiş Avropadan kənarda idi, indi isə o da Birləşmiş Avropanın tərkibindədir və onun taleyini bölüşməyə məhkumdur.

Aydındır ki, Avropa belə tale ilə barışmaq istəməz. İndi o əlindən gələni edir ki, Şençjen görüşü baş tutmasın və ya baş tutanadək oyunçular arasında elə düşmənçilik salsın ki, görüş zamanı heç nədə ortaq nəticəyə gələ bilməsinlər. Bu səbəbdən onların maraqlarına qarşı “özgə bayraq” altında müxtəlif ağır terror əməliyyatları baş verə bilər.

Oyunçular da stol arxasına oturanadək “gurultulu” uğurlar qazanmağa çalışırlar – bu onların bölgü zamanı daha böyük “paya” iddia etməsinə səbəb ola bilər.

Lakin, məncə, Şençjeni Yalta-2 hesab etmək yanlışdır. Yaltadan əvvəl Tehran konfransı (1943-cü il noyabrın 28-dən dekabrın 1-dək) olmuşdu. Bu konfransda əsas məqsəd Almaniyaya (birləşmiş Avropaya) qarşı 2-ci cəbhənin açılması idi. Yəni Tehranda müttəfiqlər və ortaq düşmən müəyyənləşdirildi. Şençjendə Rusiya və Çin ABŞ-ı öz tərəflərinə çəkməyə və artıq aqoniyada olan Avropaya qarşı mövqe tutmağa çalışacaqlar.

Bunun üçün ciddi əsasları da var – demokratlar qalib gəldikdən sonra qlobalist Avropa onların vasitəsilə Trampa qarşı amansız mübarizə aparcaq. Bu mübarizədə Tramp təklənəcək – keçən dəfəki kimi, demokratların təzyiqləri və şantajları altında respublikaçı silahdaşları da onu tərk edəcək, bəziləri hətta ona qarşı çıxacaqlar. Ona yalnız Rusiya və Çin arxa ola bilərlər – yəni müəyyən ticarət güzəştləri etməklə, qlobaalistlərə zərbələr vurmaqla hakimiyyətdə qalmasına kömək edə bilərlər. Bəlkə də 2028-ci ildə respublikaçıların yenidən qələbə qazanmasına şərait yarada bilərlər.

Edə biləcəklər, ya bilməyəcəklər – bu ikinci məsələdir. Lakin vədlər verə bilərlər. Bu mənada Şençjeni Tehran-2 adlandırmaq daha doğru olardı.

Yalta-2 isə 2-3 ildən – ABŞ-da sözünə sahib olan prezident hakimiyyətə gələndən sonra baş tuta bilər.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Herat qubernatoru: Əfqanıstan KİV-ləri əvvəlki təsirdən azad olub və müstəqilliyini bərpa edib

redaktor

ABŞ ictimaiyyəti Konqresdən müharibəni dayandırmağı tələb edir

redaktor

Bədr müqaviləsi: ABŞ-dan asılılığı azaltmağa yönələn yeni müdafiə əməkdaşlığı

redaktor