Siyasət

Tofiq Yaqublu zəng etməkdən niyə imtina edib?

Bu gün aldığım məlumata görə Tofiq Yaqublu olduqca dözülməz şəraitin son günlərdə daha da pisləşdiyinə görə zəng etməkdən imtina edib.

Bu gün 17 saylı CM-nə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatından nümayəndələr gəlibmiş. Onlar Tofiq Yaqublu ilə yox, yalnız dindar məhbuslarla görüşüb gediblər. Halbuki son həftələrdə biz dəfələrlə Ombudsman Aparatının nümayəndəsi ilə əlaqə saxlayıb Tofiq Yaqublu ilə görüşmələrini istəmişdik. Nəticə isə budur.

Tofiq Yaqublu həbsxanadakı dözülməz şəraitlə, problemlərlə bağlı dəfələrlə 17 saylı CM-nin rəisi Şəfaət Abbasova qəbul üçün rəsmi müraciətlər etsə də, rəis onunla görüşməkdən boyun qaçırır.

Belə ki, onun televizordan istifadə imkanı əlindən alınıb. Xatırladım ki, həbsxanada yeganə informasiya mənbəyi televizordur.
Bundan əlavə balaca otaqlarda, baraklarda nəzərdə tutulandan daha çox məhbus yerləşdiriblər. Xeyli məhbus çarpayı yetməzliyindən yerdə yatır. Bir az böyük otağı boşaldıb ora bir televizor qoyublar və
300-400 məhbusa da ancaq bu televizordan istifadə ediləcəyini bildiriblər.

Son günlərdə mətbuatda siyasi məhbuslara təzyiqlərin artdığıyla bağlı xeyli məlumat var. Demək olar ki, siyasi məhbusların olduğu həbsxanalarda vəziyyət eynidir.

Bu qədər də insanlıqdan uzaq olmaq olmaz. İnsanları günahsız həbs etdiyiniz azmış kimi, həbsxanalarda da yaşayışı cəhənnəmə çevirmisiz.
Görünən odur ki, Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayev özünün yeni “qaydalar”ını tətbiq etməklə yuxarədakıların yanında nüfuz sahibi olmaq istəyir. Özünü sanki “kim daha yaxşı qəddarlıq edir” yarışının iştirakçısı kimi aparır.

Siyasi məhbuslara qarşı təzyiqləri dayandırın! Onsuz da Tofiq Yaqublunun həyatını məhv etmisiz, cəhənnəmə çevirmisiz, heç olmasa həbsxanada rahatlıq verin.

 

Nigar Həzi.

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın ən demokratik ölkəsi-İsrail

redaktor

Tramp və Respublikaçılar Partiyasına Missisipi şoku…

redaktor

ABŞ-də Çinlə bağlı casusluq qalmaqalı böyüyür

redaktor